“Liderforex”dən ittihamlara cavab - Yenilənib

liderforexden-ittihamlara-cavab
Oxunma sayı: 5003

Bir müddət əvvəl Bakıda fəaliyyət göstərən, hazırda isə ölkədən çıxarılan “Liderforex” şirkəti dələduzluqda ittiham olunur.

Şirkətin müştərisi olan Vasif Hacıyev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, “Liderforex” şirkəti mütəşəkil şəkildə kibercinayətkarlıqla məşğuldur: “Mənim əvvəllər onlarda 150 dollarlıq hesabım olub və batıb. Öncə “Caspian Plaza”da ofisləri var idi və orada fəaliyyət göstərirdilər. Sonra “Liderforex”in lisenziyası əlindən alındı və ölkədən çıxarıldı. Bir neçə ay sonra zəng edib dedilər ki, biz indi İlgiltərədəyik, FCA-dan lisenziya almışıq, onlara bizə nəzarət edir. Təklif etdilər ki, yenidən hesab açıb pul qoyum. Mən də 500 dollar qoydum. Yaxın ətrafımdan bir neçə tanışı da ora cəlb etdim. Bir müddət sonra gördüm ki, bizim əməliyyatlara müdaxilə edilir. Yəni, biz verdiyimiz əməliyyata görə qazanmalıyıq, amma bunlar müdaxilə edib bizi uduzdururlar. Bundan sonra şirkətlə əlaqə saxlamağa çalışdıq, lakin heç cür mümkün olmadı. Sonra öyrəndik ki, məni ora cəlb edən adam işdən çıxarılıb. Bizə də pulumuzu çəkməyə icazə vermədilər. Dedilər ki, sizi cəlb edən adam başqa broyker şirkətinə keçib, sizi də ora cəlb edər deyə pulunuzu vermirik. Biz İngiltərə arbitraj məhkəməsinə kimi gedib çıxdıq, pulumuzun bir hissəsini geri ala bilsək də, qalanını hələ də vermirlər. Açıq formada “vermirik, nə edirsiniz edin” deyirlər”.

V.Hacıyev qeyd edib ki, həmin şəxslər saytlarında qeyd etdikləri ünvanda yox, Serbiyada fəaliyyət göstərirlər: “Liderforex” şirkəti bu formada mütəşəkkil kibercinayətkarlıqla məşğul olaraq ölkədən külli miqdarda pul kütləsi çıxarılır. Həmçinin kasıb camaatı aldadaraq pullarını mənimsəyir. Biz başımıza gələn bu hadisədən sonra araşdırdıq. Onlar heç bir şirkətdən lisenziya almayıblar, saytlarında yerləşdirdikləri London şəhərinə aid ünvanda təkər satışı dükanı yerləşir. Hansı üsullarla zəng etdiklərini bilmirik, amma həmin nömrəyə geri zəng etmək mümkün olmur. Bizim əldə etdiyimiz məlumata görə, bu şəxslər Serbiyada yerləşirlər və orada olan təxminən 20 nəfər azərbaycanlı bu işlə məşğul olur. Məsələni ictimailəşdirməkdə əsas məqsədim odur ki, ölkədən xarici valyuya axının qarşısı alınsın və sadə camaat onlara aldanıb əlindəki son pulu da itirməsin”.

İddia ilə bağlı “Liderforex” şirkətindən münasibət öyrənməyə cəhd etdik. Şirkətin saytında qeyd olunan +44 20 37691981 nömrəsinə edilən zənglərimizə cavab verilmədi. Saytda yerləşdirilin “Onlayn operator” vasitəsilə əlaqə saxladıq. Hafiz Əliyev adlı şəxs bizdən telefon nömrəmizi alıb əlaqə saxlayacaqlarını və iddialara cavab verəcəklərini bildirdi. İki gün keçməsinə baxmayaraq şirkət tərəfindən heç bir açıqlama verilməyib.

***

“Liderforex” şirkətindən “Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunub ki, Vasif Hacıyev tərəfindən irəli sürülən iddialar tamamilə əsassızdır: “Forex-də ticarətin riskli olduğu bizim saytımızda göstərilib. Adı çəkilən müştəri də bizdə yatırım edib və pulunun bir hissəsini uduzub, geri qalanını isə geri çəkib. Lakin, qarşı tərəf iddia edir ki, İngiltərə Arbitraj Məhkəməsinə gedib çıxıb və bununla da pulunu geri alıb. Sual olunur ki, o adam heç ümumiyyətlə arbitraj məhkəməsinin nə olduğunu bilirmi? Göründüyü kimi yalan danışır.
Bundan əlavə biz ofisimizin Londonda olduğunu demişik, bəzi müştərilərimizlə ordakı ofisimizdə görüşlərimiz olur. Lakin brend olaraq Lider Forex-in öz ofisi isə Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşir. Lider Forex Fortrade Limited-in rəsmi partyorudur, hansı ki, FCA tərəfindən lisenziyalaşdırılıb.

Bəzi yerli şirkətlərin Forex-ə aid olamayan lisenziyalarından fərqli olaraq, FCA qurumu öz “Compliance officer”-ləri vasitəsi ilə “LiderForex”-in bütün zənglərinə nəzarət edir. Burada hər hansı bir nöqsana yol vermək sadəcə olaraq mümkün deyil. Haqqımızda iddia qaldıran şəxs isə sadəcə olaraq özü qanunsuz fəaliyyətlə məşğuldur və şirkətimizin adından istifadə edərək insanlardan pul almaqla məşğul olub.

Əlavə olaraq, Forex şirkətləri bütün dünyada fəaliyyət göstərir və onun hansı ölkədə olması əhəmiyyət kəsb etmir. Misal olaraq SaxoBank, FxPro və s. kimi iri şirkətləri göstərmək olar”.

Murad Əhməd