Kamran Ağayevin “Beşiktaş”a keçidi niyə alınmayıb? - Açıqlama

kamran-agayevin-besiktasa-kecidi-niye-alinmayib
Oxunma sayı: 2863

Azərbaycan millisinin qapıçısı hazırda “Boavişta”da çıxış edən Kamran Ağayev qış “transfer pəncərəsi” zamanı Türkiyə və Belçikadan təklif alıb. “Qafqazinfo” xəbər verir ki, qardaş ölkədən “Beşiktaş” onun keçidində maraqlı olub.

Belçikadan isə “Anderlext” təcrübəli əlcək sahibini heyətində görmək istəyirmiş. Lakin Kamranın hazırkı klubu “Boavişta” qapıçımızın keçidinə mane olub. Portu təmsilçisi Ağayev üçün onu istəyən klublardan 2 milyon avroya yaxın pul tələb edib. Bu səbəbdən futbolçumuzun transferi baş tutmayıb.

Hazırda zədəli olan Kamran Ağayev komandası ilə birlikdə məşq etmir. Qapıçı açıqlamasında mövsümün sonunda Portu klubundan ayrılacağını da açıqlayıb.

Qafqazinfo”ya danışan futbolçu qış “transfer pəncərəsi”ndə təkliflər aldığını təsdiq edib: “Bəli, yaxşı təkliflər var idi. O zaman ““Neftçi”yə keçir” yazırdılar və mən gülürdüm. Çünki Avropanın daha yaxşı klublarına getmək variantım ortaya çıxmışdı. Lakin mənə qoyulan yüksək transfer məbləği buna imkan vermədi. Söhbət 100-200 mindən getmir. Daha böyük pullardan gedir. Həm də bu işə o qədər menecerlər qarışmışdı ki,.. Mən zədəli olanda yaxın durmayanlar, oynadığım vaxt gəlib “onun meneceriyəm” deyirdilər. Hamı məni qitə meydanlarında görmək istəyir.

Özüm isə bunu hamıdan çox istəyirəm. Çempionlar Liqasında, Avropa Liqasında oynamaq arzumdur. Bilirsiniz ki, “Boavişta” o gücə malik deyil. Yayda bitən müqaviləmi uzatmayacağam. Mən hazırda zədəliyəm. Amma zədəmi sağaltsam belə, heyətdə yer almayacam. Çünki burda belə şey var: müqaviləmi uzatmadan meydana buraxmayacaqlar. Mən də oynamağa görə müqaviləmi uzatmaq istəmirəm. Peşəkar olaraq düşünürəm və daha yaxşı olmasını istəyirəm. Mövsüm sonu baxacağıq və dəyərləndirəcəm. Avropanın daha güclü çempionatlarında oynamaq şansım çoxdur”.

 Elsevər