Dərman qıtlığına səbəb nədir?

derman-qitligina-sebeb-nedir
Oxunma sayı: 1136

Bəzi dərmanların adı qeydiyyat siyahısında yoxdur. “Qafqazinfo” xəbər verir ki, “Bizim Yol” qəzeti yazır ki, Tarif Şurası dərman vasitələri bazarında qıtlıq müşahidə edildiyi, qiymətlərin günbəgün bahalaşdığı barədə kütləvi informasiya vasitələrində zaman-zaman gedən məlumatlara münasibət bildirib.

Qurumdan verilən açıqlamada qeyd olunur ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qeydiyyatından keçmiş dərman vasitələri aktiv və passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır. Faktiki satışda olan dərman vasitəsi aktiv, satışda olmayanlar isə passiv dərman vasitəsi hesab olunur. Dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (qanunvericiliyə əsasən qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur. Ölkəmizdə gün ərzində satılan dərman vasitələrinin sayı yüz minlərlə ifadə olunur və hansısa aptekdə, hansısa ticarət adında dərman vasitəsinin olmaması “qıtlıq” demək deyil. Passiv olan dərman vasitələrinin də eynitərkibli, eyni xəstəliklərin müalicəsi baxımından müxtəlif alternativləri mövcuddur.

Daha sonra bildirilir ki, dərman vasitələrinin qiymətləri aydın və şəffaf mexanizmlə tənzimlənir. Mövcud mexanizmdə idxalçıların hansısa dərman vasitəsini süni şəkildə passiv vəziyyətə gətirməklə qiymət artımı üçün təzyiq edərək nəticə almaları mümkün deyil və bu barədə məlumatların heç bir əsası yoxdur. Dərman vasitələrinin mütləq əksəriyyətinin idxal olunduğu nəzərə alınaraq, hazırki şəraitdə əsas amil rolunda manatın məzənnəsindəki ciddi dəyişikliklər çıxış edir. Bununla belə, dərman vasitələrinin qiyməti məzənnə dəyişikliyi də tətbiq olunan mexanizmlə aydın şəkildə tənzimlənir. Məzənnədə kəskin artım olduğu təqdirdə etibarlı təchizatın təmin edilməsi, azalma olduğu təqdirdə isə istehlakçıların maraqlarının qorunması baxımından vəziyyət diqqətdə saxlanılmaqla qiymətlər manatın məzənnəsinə uyğunlaşdırılır. Məlum olduğu kimi, dərman vasitələri üzrə son qiymət tənzimlənməsi ötən ilin 28 noyabr tarixində həyata keçirilib və həmin tarixdən sonra tənzimlənmiş qiymətlərdə dəyişiklik olmayıb. Manatın hazırki məzənnəsi də (1,7301 manat/ABŞ dolları) həmin tarixə olan məzənnəyə uyğundur. Aydındır ki, manatın məzənnəsi iki il əvvəlki səviyyədə olsaydı, dərman vasitələrinin qiyməti manatla ifadədə hazırkı səviyyədən də ən azı iki dəfə aşağı olacaqdı.

Dərman vasitəsi olmadığından və qiyməti tənzimlənmədiyindən bioloji fəallığa malik qida əlavələrinin adı Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən dərman vasitələrinin qiymət cədvəlinə də daxil edilməyib. Dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif Şurasının rəsmi internet saytının (tariff.gov.az) “Dərman vasitələri” bölməsində, həm də İqtisadiyyat və Səhiyyə nazirliklərinin rəsmi internet səhifələrində yerləşdirilib. İstehlakçılar həmin qiymət cədvəlini mobil telefonlara və planşetlərə yükləməklə elektron kitabça kimi də istifadə edə bilirlər. Beləliklə, aptekdən dərman vasitəsi alan zaman istehlakçıya qiymətin tənzimlənmiş qiymətlə eyni olub-olmadığını müəyyən etmək imkanı yaradılıb və fərqli qiymətlə qarşılaşdıqları təqdirdə İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”nə (195-2) dərhal bu barədə məlumat vermələri xahiş olunur.

Müxtəlif ölkələrin minə yaxın müəssisəsinin istehsalı olan dərman vasitələri ölkəmizdə qeydiyyatdan keçib və dərman vasitələrinin idxalı 50-dən çox fəal idxalçı tərəfindən həyata keçirilir. Dərman vasitələrinin qiymətlərinin sərbəst buraxılacağı təqdirdə daha optimal səviyyədə olacağına dair təkliflərlə bağlı bir daha qeyd edirik ki, dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə qiymətlərin sərbəst buraxılması nəinki qiymətlərin aşağı düşməsini təmin etmir, əksinə qiymətlərin qalxmasını stimullaşdırır. Məhz bu səbəbdən inkişaf etmiş və liberal Avropa ölkələrində də qiymətlər dövlət tərəfindən tənzimlənir. Tətbiq olunan mexanizmə əsasən, istehsalçı daha aşağı qiymətin təsdiq olunmasını istəyirsə, bunun üçün müvafiq qaydada müraciət edir və qiymət yenidən endirilir. Göründüyü kimi, mövcud mexanizmdə qiymətlərin endirilməsi istiqamətində rəqabət mümkündür. Qiymətlərin liberallaşdırılması dedikdə qiymətlərin bahalaşdırılması imkanı nəzərdə tutulursa, qiymətlərin dövlət tənzimlənməsi də məhz bunun qarşısını alır.

Qəzet yazır ki, bazarda dərman qıtlığı və qiymətlərin durmadan bahalanması ilə bağlı müşahidələrə əsaslanaraq bu haqda material yayıb. Yeni il öncəsi lazımi dərmanlar apteklərdə tapılmırdı və həm də bunlar “xodgedən” dərmanlar idi. Həkimlər də etiraf edirlər ki, son dövlər ölkədə astma xəstəliklərində artım müşahidə edirlər. Bu xəstəlikdə istifadə olunan İnhalyasiya üçün suspenziya flakon Symbicort əksər apteklərdə yox idi. Dedilər “artıq bu dərmanı gətirmirlər”. Əvəzedicisi Seretid-i təklif edirdilər. Onun da qiyməti 55-60 manat civarında idi. Halbuki sözügedən dərmanın bizim axtardığımız analogiyasını bir ay əvvəl iki dəfə ucuz almışdıq. Nəhayət bir aptekdə 38, başqa birində 45 manata Symbicort təklif etdilər. Ən son üçüncüdə 32.25 manata tapa bildik. Əvvəlki ay onu 23.80 manata almışdıq. Arada 8.45 manat və ya 35.5 faizlik bir bahalaşma var. Dedilər ki, “qiyməti hər gün qalxır”.

Keçən həftə həmin dərmandan elə həmin aptekdə həmin qiymətə gördük. Halbuki, son iki həftədə manat möhkəmlənməyə başlayıb və əgər dərmanın qiyməti dolların kursuna bağlıdırsa, bəs onda niyə qiymət düşməyib? Yeri gəlmişkən, adıçəkilən dərman Şuranın “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri” siyahısında 10 166 dərman arasında yoxdur. Buradan belə qənaət yaranır ki, adıçəkilən dərman qeydiyyatsız satlılır. Lukastin-in topdansatış qiyməti 29 noyabr 2016-cı il tarixində 8,33 manat, pərakəndə satış qiyməti isə 10 manat müəyyənləşib. Biz bu dərmanı 13.72 manata aldıq - 3.72 manat baha. 12.77 manata aldığımız Flemoksin Solutab-ın qiyməti də 10.64-12.77 manatdır (20 tablet). Yalnız sonuncunun qiyməti apteklərdə olduğu kimi idi.