“Dərhal cinayət işi başlamalıdır” - Tələb, yenilənib

derhal-cinayet-isi-baslamalidir-teleb-yenilenib
Oxunma sayı: 766





“Bu dəhşətli bir cinayət faktıdır. Bu cinayət faktına görə dərhal cinayət işi başlamalıdır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə orduda bir neçə zabitin maaşlarının kazarmanın qasırğa uçuran damının bərpası üçün əllərindən alınması ilə bağlı yayılan video müraciətini şərh edərkən deyib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi faktla bağlı açıqlama ilə çıxış etməlidir və günahkarların hər biri cəzalandırılmalıdır. İ. Ağazadə bildirib ki, ordunu bu şəklə salanların hamısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə məsuliyyət daşımalıdırlar: “Hesab edirəm ki, Ali Baş Komandan, prezident İlham Əliyev də bu məsləyə öz münasibətini bildirəcək. Kütləvi informasiya vasitələrində gedən məlumatlar onun diqqətinə çatdırılacaq. Bu dəhşətli faktdır. Hesab edirəm ki, hər bir sahədə bununla bağlı informasiyalar olurdu. Amma bunun orduda olması, düşmənlə üz-üzə qalan əsgərin, zabitin bu vəziyyətə düşməsini heç kimə bağışlamaq olmaz”.

Millət vəkili Azərbaycan ordusuna ayrılan vəsaitin Ermənistanın ümumi büdcəsindən çox olduğu ilə bağlı faktla baş verənlərin təzad təşkil etdiyinə də münasibət bildirib: “Bu cinayət faktıdır. O fərqli bir şeydir. Nəyə görə kazarmanın damının pulu ordudan, zabitdən yığılır, onun əvəzinə bu pullar haradan silinir? Bunların hamısı ciddi cinayət faktlarıdır və araşdırılmalıdır. Məsələnin mahiyyəti bundadır. Büdcədə nə qədər pulun olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Cinayət hadisəsi pulun olub-olmaması ilə bağlı deyil. Pul olmaya da bilərdi, ola da bilərdi. Bu dəhşətli bir cinayət faktıdır”.

İ. Ağazadə deyib ki, bu cinayət faktına görə də ən azı nazirlikdən tutmuş aşağı strukturlara qədər, batalyon və rotaya qədər hər kəs cavabdeh şəxslərdir və onların hər biri məsuliyyətə cəlb olunmalıdır.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da münasibət bildirib: “Hazırda Azərbaycan müharibə vəziyyəti olduğu üçün Adam bu məsələlərlə bağlı kəskin danışa bilmir. Biz düşmənlə qarşı-qarşıyayıq. Amma Azərbaycanın hərbi rəhbərliyi bunun fərqində deyil. Bunu başa düşsəydilər yəqin ki, belə olmazdı. Azərbaycanda korrupsiyanın səviyyəsinə görə ordu birinci yerdədir. Orada zabitlərin, əsgərlərin əmək haqlarından tutmuş atılan güllələrin pulunun silinməsinə kimi bütün məsələlərdə korrupsiya halları var. Gün gələcək bunu edənlər, ordunun rəhbərliyi hərbi tribunalın qarşısında cavab verməli olacaqlar. Bu hallara nəhayət ki son verilməlidir. Azərbaycan ordusu ilk olaraq yaxınındakı düşmənləri ilə hesablaşmalıdır, sonra uzaq düşmənlərini vurmalıdır” .

Məsələ ilə bağlı “Qafqazinfo” Müdafiə nazirliyindən də münasibət öyrənməyə çalışıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu mövzunun nədən ibarət olduğunu biləndən sonra “yanımda qonaq var, sonra mən sizinlə əlaqə saxlayaram”-deyib.


Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Aqil Abbas isə “Qafqaqazinfo”ya açıqlamasında “Mən belə şeylərə inanmıram, ola bilsin ki, haradasa şüşə qırılıb, onu təmir edib”-deyib. Onun sözlərinə görə, bölük komandirinin kazarmada təmir işləri aparması inandırıcı deyil: “Yəqin ki, orada şüşə qırılıb, onu düzəldiblər. Mənim də redaksiyamda qırılır özüm alıram. Bir də ki, bölük komandiri nə maaş alır ki, kazarmanı da təmir edə?”

Millət vəkili onu da vurğulayıb ki, ordu ilə bağlı nöqsanların mətbuata çıxarılması düzgün deyil: “Bu mənim şəxsi fikrimdi ki, ordu ilə bağlı nöqsanlar mətbuatda yayımlanmamalıdır. Hər hansısa nöqsan varsa, bununla bağlı Ali Baş Komandana məlumat verilməlidir” .



Oxucular həmin videoya bu linkdən baxa bilər.http://qafqazinfo.az/-1712-xeber.html

Fatimə