Bakının yarısı susuz qalıb...

bakinin-yarisi-susuz-qalib
Oxunma sayı: 2175

Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, paytaxtın bəzi rayonlarında və ətraf ərazilərdə yaşayan sakinlər susuzluqdan əziyyət çəkir.

Bununla bağlı “Qafqazinfo”ya gələn şikayətlərin sayı hər ötən gün daha da artır.

Hətta bu gün Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən Mədəni Maarif Texnikomunun yataqxanasına uzun müddət su verilmədiyinə görə əhali yolları kəsib, aksiya keçirib. “Qafqazinfo”nun əməkdaşları da məsələylə bağlı 8-ci mikrorayonda olub. Sakinlərin sözlərinə görə, artıq 3-4 gündür ki, əraziyə su verilmir.

Dərnəgül şossesi, 14-cü Aşırım küçəsinin sakini Adil Məmmədov bu əraziyə, ümumiyyətlə, normal su verilmədiyini bildirib: “3-4 gündür ki tamam kəsili. Ancaq başqa vaxt da su çox zəif gəlir. Biri mazutda, biri palçığın içində işləyir. Ancaq axşam gələndə bir vedrə su olmur ki, yuyunasan. Neçə dəfə su idarəsi ilə əlaqə saxlamışıq. Gələndə bir sızğı su gəlir, idarədən də deyirlər ki, oranın norması odur”.

Sakinlər suyu yaxınlıqdakı binaların həyətindən daşıyır:

“Evdə oğul-uşaq var. Məcburuq hardansa su gətirək. Yay vaxtı 3-4 günə çən suyu çatar? Vedrələrlə gətiririk”.

Qeyd edək ki, eyni problem Yasamal, Xətai, Nərimanov rayonlarında da olub.

Maraqlıdır ki, "Azərsu" məsələ ilə bağlı hələ də bir açıqlama yaymayıb.