Bakıda “qara bazar”da əməliyyat - 300 mindən çox valyuta götürüldü

bakida-qara-bazarda-emeliyyat-
Oxunma sayı: 4510

Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar çərçivəsində valyuta bazarında maliyyə sabitliyinin qorunması, valyuta alqı-satqısında sui-istifadə halları və möhtəkirliyin, habelə “qara bazar”ın formalaşmasının qarşısının alınması istiqamətində aidiyyatı dövlət qurumları tərəfindən müvafiq qabaqlayıcı və inzibati tədbirlər görülməkdədir.

Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin “Qafqazinfo”ya daxil olan məlumatda deyilir ki, son günlər bir sıra subyektlər tərəfindən valyuta qanunvericiliyinin tələblərinin pozulması və qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılması barədə daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Maliyyə Bazarlarına Nəzarət PalatasıDövlət Təhlükəsizliyi Xidməti ilə birgə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının yalnız banklar və onların filial və şöbələri tərəfindən həyata keçirildiyi halda, Bakı şəhəri, 28 May küçəsi, 34 saylı ünvanda Bakı şəhər sakini İlyas Əkbərov tərəfindən qanunsuz fəaliyyət göstərən məntəqəyə baxış keçirilərkən 93.665 manat, 80.359 ABŞ dolları, 13.680 avro, 212.000 rus rublu olmaqla ümumilikdə 51 ölkəyə məxsus təqribən 320 min Azərbaycan manatı dəyərində milli və xarici valyutada pul vəsaitləri, habelə istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar aşkar edilərək götürülüb.

İ.Əkbərovun valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərini pozaraq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıv və şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 8C, Nərimanov rayonu, Təbriz küçəsi, ev 95 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətullayev küçəsi, 35 saylı ünvanlarda qanunsuz valyuta mübadiləsi əməliyyatları həyata keçirən məntəqələr aşkar edilməklə barələrində qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

Azərbaycan Baş Prokurorluğu tərəfindən bundan sonra da Dövlət Təhlükəsizliyi Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyatı qurumlarla əlaqəli şəkildə valyuta qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı qanunamüvafiq tədbilərin görülməsi təmin ediləcək.