Azərbaycan “İnternetin düşməni” deyil

azerbaycan-internetin-dusmeni-deyil
Oxunma sayı: 658

Azərbaycanın adı “Sərhədsiz Reportyorlar” təşkilatının “İnternetin düşmənləri” adlı illik hesabatına daxil edilməyib. Bunu “Qafqazinfo”ya açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib. O, bildirib ki, hər il Beynəlxalq senzura günü münasibətilə açıqlanan bu hesabatda “İnternetin düşmənləri” və “Nəzarətdə olan” ölkələrin siyahısı hazırlanır və cari vəziyyətə şərhlər verilir. Hesabatda birinci qrupa 12 ölkə – Bəhreyn, Belarus, Birma, Çin, Kuba, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Suriya, Türkmənistan, Özbəkistan və Vyetnam daxil edilib. İkinci qrupda isə Avstraliya, Misir, Eritreya, Fransa, Hindistan, Qazaxıstan, Malayziya, Rusiya, Cənubi Koreya, Şri Lanka, Tayland, Tunis, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri yer alıb.

Azərbaycan isə bu siyahılara daxil edilməyib. 72 səhifəlik hesabatda ölkəmizin adı cəmi bir dəfə hesabatın son sətirlərində qeyd olunub və ümumi olaraq bildirilib ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da onlayn informasiya azadlığının vəziyyəti diqqətdə saxlanılacaq. Bütün bunlara baxmayaraq, bəzi yerli mətbuatda ölkəmizin İnternetin düşmənləri siyahısında olduğu barədə yalan məlumat yayılmaqdadır.
Ümumilikdə isə Azərbaycanın adı 2002-ci ildən bəri İnternetin düşmənləri siyahısında sadalanmır və ölkəmizdə İnternetin istifadəsi gündən-günə genişlənir. 2011-ci ilin məlumatlarına əsasən, ölkədə İnternet istifadəçilərin sayı 65% yüksəlib və onlardan yarısı genişzolaqlı xidmət istifadəçiləridir. Milli domendə qeydiyyata alınmış saytların sayı 14 minə yaxındır, bloqların sayı minlərlədir, Facebook istifadəçilərinin sayı 800 minə çatmaqdadır.

Nigar Məmmədli