“A-Group” sığorta şirkəti sürücüləri çaşdırır

a-group-sigorta-sirketi-suruculeri-casdirir
Oxunma sayı: 1164

“A-Group” sığorta şirkəti yol kənarlarına reklam lövhələri qoymaqla qanunvericiliyi pozub.

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı avtosfer.az saytı yayıb. Sayt bildirir ki, şirkətin reklamlarını ilk dəfə görənlər bir az çaş-baş qalırlar və düşünürlər ki, görəsən bu hansı yol nişanıdır və nə tələb edir? Yalnız yaxında sürəti azaltdıqda məlum olur ki, söhbət sığorta şirkətinin reklamından gedir. «Reklam haqqında» və «Avtomobil yolları haqqında» qanunlar isə belə reklamı birmənalı olaraq qadağan edir. Çünki həm rəng tərtibatına, həm həndəsi formasına, həm də qoyulma qaydasına görə yol nişanlarından çox az seçilən bu nişan-reklamlar hətta ən hazırlıqlı sürücünü də ilk dəfədən çaşdıra bilər. Yəqin bu reklam lövhəsini hazırlayanların da hədəfi elə bu olub: onu nişanlara oxşatmaq və sürücünü asta getməyə məcbur etməklə bu lövhədə yazılanları diqqətlə oxumağa sövq etmək. Əks təqdirdə bu reklamı bir lövhədə, özü də nişanlardan fərqlənən tərtibat və ölçüdə hazırlayardılar. İndiki halında bu lövhə eyni dayağa bərkidilmiş xəbərdarlıq nişanını (yuxarıdakı üçbucaq) və daha çox tikinti gedən sahələrdə istifadə edilən məlumatverici-göstərici nişanı (aşağıdakı dördbucaqlı) xatırladır. Bəzi sürücülər aşağıdakı lövhəni 2.1 “Baş yol” nişanı ilə də qarışıq sala bilərlər.

Sayt yazır ki, belə reklam lövhələri qanunazidd olmaqla bərabər həm də təhlükəlidir. Ona görə də yolun sahibləri, habelə orada xidmət edən DYP əməkdaşları belə reklam lövhəsinə laqeyd yanşmamalıdırlar.