“Sevgilisini dostuna əmanət etdi, onlar da evləndi...” - “Ferma”dan reportaj

sevgilisini-dostuna-emanet-etdi-onlar-da-evlendi-
Oxunma sayı: 25435

Qalmaqallar, müzakirələrə səbəb olan çıxışlar, adrenalin yaşayış, xarakterlərin uyğunlaşmaması, evlənənlər, sevgi yaşayanlar və başqa nələr, nələr... Bir sözlə sadaladıqlarımızın hamısı məhz Azərbaycanın tək realiti şousu olan “Ferma”da baş verir. “Region”un ( Kanal S) ən uğurlu layihəsi hesab edilən şouda yaşanan böyük qalmaqallar tez-tez yerli medianın gündəminə gəlir.

Qafqazinfo”nun əməkdaşları da iştirakçılarla yaxından tanış olmaq, “Ferma”da əslində nələrin baş verdiyini görmək üçün Şəkiyə baş çəkiblər.

İlk öncə qeyd edək ki, layihə iki il bundan əvvəl start götürüb. Şəhər mərkəzindən 25 km aralı məsafədə, Aşağı Küngüt kəndində realiti şou üçün xüsusi ferma tikilib, məkan Kamran İbrahimxəlilovun dizaynı ilə hazırlanıb.

Sonu bilinməyən layihədə 12 iştirakçı (6 qız, 6 oğlan ) mübarizə aparır, kənd mühitində yaşayırlar. Hər həftə keçirilən səsvermədə bir nəfər hədəf seçilir, həmin səsvermədən sonra yaradıcı heyətin rəyi də diqqətə alınır. Bu heyət iştirakçını layihədən uzaqlaşmağa “veto” da qoya bilər. Yaradıcı heyətə layihə rəhbəri, prodüserlər, təşkilatçılar daxildir.

Düzdü, əvvəlcə Kanal S tərəfindən iştirakçılarla söhbətə icazə verilməsə də, xahişimiz nəzərə alındı, nəhayət, realiti şounun baş tutduğu məkana daxil ola bildik. Meşəlik və dağların əhatəsində olan “Ferma”da bizi verilişinin aparıcısı Yeganə Cansail qarşıladı. Aparıcı əvvəlcə bizi yaradıcı heyətlə tanış etdi. Bu heyət fermanın kənarında qurulan xüsusi evdə toplaşıb.

 

Layihənin baş tutduğu məkana yerləşdirilən onlarla kameralara nəzarət olunur, cərimələr tətbiq edilir, təhlükəsizlik təmin olunur. Yaradıcı heyətlə tanışlıqdan sonra iştirakçıların olduğu “Fermaya daxil olduq. İştirakçılar öz işləri ilə məşğul olur, yorulmadan çalışırdılar. 

Yeganə xanım ərazini bizimlə tanış edə-edə şounun ümumi mükafat fondundan söhbət açır:

“Hər bir iştirakçı aylıq 300 AZN, 3 aydan sonra əlavə olaraq 300 manatlıq bonus gəlir. Yəni 3 aylıq əmək haqqın 900 manatdırsa, üzərinə əlavə 300 AZN də əlavə olunur. 6 aydan sonra 500 AZN əlavə bonus, 9 ayda isə 700 manat, 1 ildə isə 1000 AZN bonus əlavə olunur. Realiti şouda böyük məbləğdə pul qazananlar var. Onların əxlaqı, tərbiyəsi böyük rol oynayır. Əks halda cərimələr tətbiq olunur. Ən çox qazanan iştirakçılardan İlahə, Həmidə ( 4 min 500 AZN), Səma (3 min 400 AZN), Rəşadı ( 3 min 600 AZN) misal çəkə bilərik.

 

İştirakçı əgər işdən imtina edərsə 20 faiz cərimə, söyüş söymək, kobud ifadələrdən istifadə edərsə 10-20-25, bəzən 100 faizlik cərimələr yazılır. 100 faiz cərimə olunarsa, balansındakı bütün pullar sıfırlanır, 15 dəqiqə ərzində “Ferma”nı tərk etməlidirlər. Belə iştirakçılardan İlqarı, Xəyaləni misal çəkə bilərik. Yarışmanı tərk edən isə müqavilə şərtlərinə uyğun olaraq 3 min manat dəyərində cərimə ödəyəcək”.

Y. Cansail iştirakçıların yetişdirdikləri ərzaq və məhsulların marketlərdə satıldığını bildirib:

“Onların öz təsərrüfatları var. İstixanaları olur, xeyli məhsul əldə edirlər. Həftədə bir-iki dəfə marketlərdə satışa çıxarılır. Əldə olunan qazanc “Ferma”ya xərclənir”.

Söhbət zamanı şounun həyətindəki itlər diqqətimizi çəkdi. Onlar uzaq kənddə yerləşən “Ferma”nı vəhşi heyvanlardan qoruyur.

“Bu iti xüsusi çəkin, “Ferma”nın sadiq dostu, qoruyucusudur”,- deyə Y. Cansail bizə müraicət etdi.

“Ferma”da gəzinti zamanı ilk həmsöhbətimiz Aysel Əhmədova oldu. O, məkanda mətbəx adlanan ərazini səliqəyə salarkən bizimlə söhbətə başladı.

Aysel Əhmədova layihədə çox yorulduğunu, övladı üçün darıxdığını dedi:

“İki otağı yığışdırmışam, yorğunluqdan ölürəm. Nə iş verirlərsə, yerinə yetirirəm. Qızım üçün çox darıxıram. Amma bura pul üçün gəlmişəm, buranı qoyub onun yanına gedə bilmərəm. Qızımın şəkilləri var, onun köynəyini də gətirmişəm. Hər gecə iyləyib ağlayıram”.

Realiti şouya 1 aydır ki, qatılan Aysel tez ailə həyatı qurduğuna peşman olduğunu söylədi:

“Mən nə şouda, nə də real həyatda ikinci dəfə ailə həyatı qurmaq barədə düşünürəm. Bir dəfə ailə qurmuşam, çətinliklərindən də xəbərdaram. Fikirləşirəm ki, gənclər ailənin nə olduğu anlamırlar. Elə mən də ailə məsuliyyətini tam qavramamışam. 17 yaşımda ərə getdim, 5 ay sonra boşandım. Hamilə qalıb ayrıldım”.

“Ferma”nın bağında kiçik bir göl diqqətimi çəkdi, gölün üstündə isə yeni körpü salınıb. Şouda həmin yeri “Sevgi körpüsü” adlandırırlar. Elə realiti şouda bir-birini sevən, hətta ailə həyatı quran iştirakçılara rast gəlmək mümkündür. İştirakçılarla söhbət zamanı agah oldum ki, “Ferma”da toy da baş veribmiş. Ramalİlahə adlı iki iştirakçının toyu elə burada baş tutub.

Onların sevgi tarixçəsi bir qədər qəribədir. İlahə adlı xanım iştirakçı Amid adlı bəylə sevgili olub, bir müddət sonra Amid yarışmanı tərk edib və sevgilisi İlahəni dostu Ramala əmanət edib. Bir neçə həftə sonra isə İlahə və Ramal arasında sevgi yaşanıb, onlar evləniblər. Lakin, bizi üzən xəbər odur ki, artıq İlahə ilə Ramal bir müddət əvvəl boşanıblar, münasibətlərinə son qoyublar.

Layihədə iştirak edən iki iştirakçı - Musa Əbdüləzimov ilə Firəngiz İsgəndərova sevgilidirlər. Elə cütlüklə söhbətimizi “Sevgi körpüsü” üzərində başladıq.

Musa deyir ki, layihəyə qatılan vaxtı Firanın ( Firəngiz) ondan xoşu gəlib:

“Verilişə gələndə məndən xoşu gəlmişdi. Mənə qarşı addım atdı, qarşılığını gördü. Onu normal şəkildə qısqanıram. Burdakı oğlan iştirakçıların əksəriyyətinə güvənirəm. Nə vaxtsa, mən getsəm, Fira qalsa, inanıram ki, etibar edəcəyim şəxslər var”.

Firəngiz isə Musaya qayğı göstərməklə sevgisini ilk dəfə bildirdiyini qeyd etdi:

“Musanın özü uşaq deyildi, ona qayğı göstərirdim. Hisslərimi başa düşürdü. Sağ olsun, qarşılıq verdi”.

“Ferma”da xəbər tutdum ki, Musa Əbdüləzimov Firadan öncə yarışmanın model iştirakçısı Maya Mehtiyeva ilə sevgili olmağa cəhd edib.

Fira bildirdi ki, hələ də realiti şouda iştirak edən Mayanı Musaya qısqanmır:

“Qısqanmıram, Musadan bu barədə məlumat almışam. Onlar sevgili olmayıblar, sadəcə olaraq bir-birilərini tanımağa çalışıblar. Alınmayıb, ayrılıblar. İnanmıram ki, münasibətləri bizimki kimi dərin olsun. Musa və ya mən yarışmadan çıxsaq,bir-birimizi gözləyəcəyik”.

Məlumat üçün bildirək ki, Maya Mehtiyeva “Ferma”nın aktyor iştirakçısı Kamran Məmmədovla sevgilidir.

Biz onlara istixanada yaxınlaşdıq, söhbət etməyə başladıq.

Kamran söhbətə Mayanın keçmişi ilə maraqlandmadığını bildirərək start verdi:

“Keçmiş keçmişdə qalıb. Əsas odur ki, Maya belə bir şeyin olmadığını deyir. Hamının başına gələ bilər. Kimisə tanımaq istəmisən, amma alınmayıb. Mən də yarışmaya gələndə tanımaq istədiyim iştirakçılar olub, ancaq alınmayıb. Dost kimi qalmışıq, Maya və Musanın dostluq münasibəti qalıb, arada pərdə saxlayıblar. Kiminsə gələcəyi ola bilərəm, amma keçmişini qurdalamaq düzgün deyil”.

“Ferma”nın əsəbi iştirakçısı Mayaya yarışmada qoyduğu qadağalardan danışıb:

“Ciddi qadağalar qoymuram. Artıq zarafatları xoşlamıram, iş barəsində danışmaq olar. Başqasıyla dərdləşməyinə də icazə vermirəm”.

Maya isə onun qadağalarına riayyət etdiyini söylədi:

“Qadağalarına narazılıq bildirmirəm. Mən isə Kamranın belə addımlarını qəbul edirəm. Oğlanlarla ünsiyyət qurmağıma qarışa bilər. Əslində bu normal bir şeydir. Geyimimə də qarışır, ciddi bir qadağalar yoxdur”.

Ekran işinin ən qocaman iştirakçısı, 1 ildən çoxdur ki, orada mübarizə aparan və “Ağ atlı şahzadə”sini “Ferma”da gözləyən Nərmin Məmmədova ilə “ümumi otaq” adlanan məkanda rastlaşdıq.

Söhbət zamanı Nərmin ən çox söyüş söydüyü üçün cərimələndiyini deyir:

“Sosial şəbəkələrdə ən çox söyüş söydüyümə görə tənqid olunuram. Əlbəttə, bu mənə mənfir təsir edir. Sadəcə olaraq, bayırda iş həyatım bir balaca fərqli olub, əhatəm yaxşı deyildi. Ab-havada pis şeylər öyrəndim, belə söyüşlərdən istifadə etməməyə çalışıram. Öz üzərimdə dəyişiklik etməyə çalışıram. Xasiyyətimi dəyişməliyəm. Əvvəl reklam sahəsində çalışırdım, istər-istəməz hər cür insanlar rastlaşırsan”.

21 ayın xanım iştirakçısı keçmişi unutmaq istədiyini söyləyib:

“Yarışmadan çıxan iştirakçılar var ki, onlar üçün çox darıxıram. Amma keçmişi unutmaq istəyirəm. Dost, rəfiqə dediklərim insanlar məni yad etmir, əksinə tənqid edirlər. Düşündüm ki, elə darıxdığım şəxsləri unudum. Darıxacaqlarımın adını belə çəkmək istəmirəm. Qoy mənim həsrətimi çəksinlər”.

“Bu layihə evlilik verilişi deyil, pul qazanmaq üçün gəlmişik. Sadəcə olaraq müsahibələrin birində suala cavab olaraq ağ atlı şahzadəmi gözlədiyimi demişəm. Axı niyə olmasın? Azad, gənc, müstəqil xanımam. Təəsüflər olsun ki, iştirak etdiyim müddətdə sevgili olduğum şəxs olmadı. Belə bir kişi iştirakçı ilə rastlaşmadım. Sərt qamətli, qürurlu baxışlı birini istəyirəm. Ciddi və rəsmi insan istəyirəm”.

Xatırladım ki, “Ferma”da ayda bir dəfə idarəçi seçilir. Həmin idarəçi iştirakçıların görəcəyi işləri müəyyənləşdirir, onları bir sözlə idarə edir.

Odun qırmağı sevən və layihənin hazır ki, kövrək idarəçisi Aşur Quliyevlə söhbət etməyə başladıq.

Aşur mart ayından bu günə kimi layihənin aktiv iştirakçısıdır.

O, idarəçiliyin çətinliklərindən danışıb:

“6 aydır ki, layihədəyəm. Gərək təməli başdan qoyasan. Bir kəlməmi iki etmirlər, səhərdən axşama kimi işləyirlər. İşləri təhvil vermək üçün durmadan çalışırlar. Mənim üçün asantdır. Məndən qabaq Mələk idarəçi idi, ona dəstək olurdum. Təbii ki, iş getmək üçün ona kömək edirdim. Yaşımız az deyil, evli cütlüklərimiz də var. Aygün və Natiqdən söhbət gedir. Mən Aygünə iş tapşıran zaman Natiqə deyirəm. Natiq də iş bölgüsünü öz həyat yoldaşına başa salır. Ondan sonra özüm yoxlayıram, nöqsanlar varsa, deyirəm”.

 Aşur 6 ay müddətində valideynləri ilə əlaqə saxlamadığını söyləyir, gözləri dolur:

“Xüsusi günlərdə telefon danışıqları həyata keçiririk. Mən çəkilişdən evə zəng vurmuram, dostlarımla əlaqə saxlayıram. Xoşum gəlmir ki, evdəkilərin səsi efirdən eşidilsin. Mənim 23 yaşım var. Evdəkilərə sevgimi bildirməmişəm, həmişə özümü uzaq tutmağa çalışmışam. Anam üçün darıxıram, amma ona zəng vurmamışam. Adını eşidəndə kövrəlirəm, səsini eşidəndə Allah bilir nələr olacaq. O anların kamerada göstərilməyini istəmirəm. Sevgimi göstərməkdən qorxuram”.

“Ferma”nın fərqli xarakterli iştirakçılarından biri də Mələk Babayevadır.

Onun adı eks-idarəçiliyində yaranan problemlər, qalmaqallar, dostuna xəyanəti və.s kimi məsələlərdə hallanır.

Mələk deyir ki, yeni idarəçidən çox razıdır:

“Yeni idarəçidən razıyam. Razı olmasam, birinci ona səs verməzdim, ikinci isə müəyyən şeyləri onlara həvalə etməzdim. Mənim idarəçiliyimi çox insan istəmirdi. Qarşı idilər, dəstəkləmədilər. Maya, Nərmin kimi xanımlar mənə dəstək oldu. Məni Aşur əvə elədi, öhdəsindən də çox gözəl gəlir”.

 

Xanım iştirakçı “sizi qruplaşmalar yaratmağa nə vadar edirdi?” –sualına özünəməxsus tərzdə cavab verdi:

“Həyatda qruplaşma yaratmağa qarşıyam. Burada isə qrup yox, birlik yaratmaq istəyirdim. 3-4 nəfər deyil, hamının bir olmağını istəyirdim. Təssüf ki, öz ətrafıma yığdığım insanlar üz çevirməyə başladı. Bunlara Fira, Emil, Xəyalə və başqa şəxsləri misal çəkərdim”.

Babayeva layihənin eks-iştirakçısı, rəfiqəsi Səmaya çox haqsızlıq etdiyini açıqladı:

“Səsvermə zamanı Səmanın şəklini yandırdım, çox qalmaqallı bir məqam idi. Hamı dedi ki, gərək belə etməzdin. Nənəm belə mənə əsəbiləşmişdi. Aşurun idarəçiliyi zamanı heyvanlarla məşğul olmağı öz üzərimə götürdüm. “Ferma”dan bir qədər uzaqlaşmaq istədim. Çox düşündüm, Səmaya haqsızlıq etdiyimi anladım. O, mənə çox dəstək olmuşdu. Ona qarşı etdiyim haqsızlıqları özümə bağışlaya bilmirəm. Səmadan dəfələrlə üzr istəmişəm. İnşallah ki, məni bağışlayar”.

Yarışmada xüsusi seçilən, 1 aydır ki, “Ferma”ya qatılan evli cütlüyümüz- Aygün Mirzəliyeva və Natiq Nəcəfovla söhbətimizi davam etdik.

Ailə başçısı Natiq Nəcəfov iştirakçıların onlara hörmət qoyduğunu söylədi:

 ““Ferma”da vəziyyət normaldır, idarəçimizdən də razıyıq. Biz düşündük ki, bu layihədə iştirak edək, həyat yoldaşımla bir qərar verdik. Biz də maliyyə, qazanc üçün buraya gəlmişik, hörmət qoyurlar, çox sağ olsunlar. Kişi iştirakçılarda qalmaqal olmur, sakitlikdir, birlik var, mehribanıq. Qız otağından xəbərim yoxdur”.

Aygün Mirzəliyeva isə xanım iştirakçılar arasında yaranan qalmaqallardan şikayətlənib:

“Hər kəs öz rəfiqənin yanına çəkilir. Qızlar toplu şəkildə olanda bir-birilərini gözü götürmür. Kim nə edir etsin, mən ona qarışmıram. Haqsızlıqlar çox olur, belə şeyləri götürmürəm, sözün düzünü deyənəm, bu səbəbdən qızların əksəriyyəti məndən küsür. Özlərinə görə guya haqlıdırlar. Mən çəkinmirəm, sözümü deyirəm. “Ferma”da rəfiqə qazanmaq çətindi. Özümə heç kimi yaxın hesab etmirəm”.

Elvin Elxan

Fotolar : Elvin Qasımzadə