"...Sevgilimi bağrıma basmağım gəlir" - Fotolar

sevgilimi-bagrima-basmagim-gelir
Oxunma sayı: 6758

Türkiyəli məşhur müğənni Ayla Çelikin "Qafqazinfo"ya müsahibəsi 

- Sizi Bakıda xoş gördük. Şəhərimiz necədir?

- Mən Bakını çox sevirəm. Burada insan özünü yad hiss etmir. İndi Dağüstü parkdayıq. Bir azdan başqa yerləri də gəzəcəyik. Səhv etmirəmsə, İçərişəhərə gedəcəyik. Burada çoxlu işlə bağlı təkliflər alıram. Özəl musiqiniz var, səhnədəki çıxışlar zaman Azərbaycan musiqilərinə önəm verirəm. Emin Sabitoğlu mənim müəllimim olub. O, Türkiyədə yaşayanda konservatoriyada dərs deyirdi. Qısa bir zamanda onunla çalışa bildim. Üstümdə onun əməyi və haqqı var.

- Bakı Bağdada bənzəyir?

- Yox, Bakı Bağdada bənzəmir (gülür). Hiss edirsizsə, hər yan Bağdad ola bilər. Bağdadın mənası saf bir eşqdir. Təmizlik və səmimiyyətdir. Azərbaycanda isə bunlar daha çoxdur.

- “Bağdad” mahnısı dillər əzbəri oldu...

- Mahnı Bakıda dildən dilə düşdü. Rastıma çox gəldi, dinləmişəm. Çox gözəl hisslər yaşamışam. Allah hər kəsə belə bir şey nəsib etsin. Mahnı tutduğuna görə, insan özünü möhtəşəm hiss edir.

- Mahnı elə bil ki, həyatınızı dəyişdirdi...

- Tamamilə dəyişdirmədi, yenə də, həyatımı qorumağa davam edirəm. Gündəlik rejimim sıx olmağa başlayıb, işlər görürəm, boş vaxtım olmur.

- Sizin adınızı bəstəkar kimi eşidirdik, bir çox məşhur hitlərə imza atmısız. Oxumaq həvəsiniz necə yarandı?

- Düşündüm, onlara dedim ki, icazə verin, bir mahnı da mən oxuyum. Həmişə başqalarına mahnı yazmışam.

- Əliniz çox yüngül oldu, hamı oxumağa başladı...

- “Yüngül” sözü bizim dildə də var. Biz ardahanlı, qarslıyıq. Yüngül, xəfif mənasını verir. Gündəlik həyatımızda istifadə edirik.

- Fenomen mahnını ifa edənlər arasında kimləri dinləmisiz?

- Hamıya qulaq asmışam, tam səmimi deyirəm. Hamısı çox gözəl alınıb. Səbəbi də odur ki, “Bağdad”ı hamı ürəkdən və sevərək oxuyub. Küçədə və səhnədə oxuyan hər insan möhtəşəm ifa edir. Səmimi və ürəklə oxumaq vacibdir. Mən də işlərimi ürəklə yerinə yetirirəm.

- Bəs siz niyə Bəyazit Öztürklə duet oxumaq istədiz? Onu nə üçün seçdiz?

- Mən onu yox, o məni seçdi (gülür). Bəyaz mənim dostumdur, gündəlik söhbətlərimiz, müzakirəmiz olur. Hər zaman deyirdi ki, birlikdə layihə həyata keçirək. Aradan zaman keçdi, mahnını dinlədi, dedi ki, həmin layihədə iştirak etmək istəyirəm.

- Mahnının belə uğur gətirəcəyini hiss etmişdiz?

- Hiss edirdim, amma bu qədər partlayış yaradacağına inanmırdım. Mahnını öz həyatımdan götürmüşəm. Mən belə sevirəm, sevdiyim zaman sevgilimi bağrıma basmağım gəlir. Mənim sevgi anlayışım budur. Sevgi dedikdə, səmimiyyət başa düşülür. Mənim şəxsi fikrimdir, səmimi hisslərimdir. Musiqini də öz ürəyimə həsr etmişəm.

- Artıq biz İçərişəhərə gəldik...

- Çox gözəldir, Qız qalasına yaxınlaşırıq. İstanbuldakı “Qalata” ərazisinə çox bənzəyir. Niyə həmişə qızlar özünə zərər gətirir və qüllə ucaldırlar. Heç oğlanların belə fədakarlığını görməmişəm. Qadınlara mahnılar çox həsr etmişəm. Çünki küçədə hansı qadına yaxınlaşsan, qəlbində böyük bir hekayə yatır. Qadınlar nəticə etibarilə hər şeydən sonra özləri olur, dəyişmir.

Müğənni şərf və xalçaların satıldığı mağazaya gedir, satıcı ilə danışmağa başlayır...

Ayla Çelik: Neçəyə verirsən?

Satıcı: Azərbaycanın qədim məhsuludur, 200 yaşı var.

Ayla Çelik: Zarafat edirsən? Qiyməti də baha olar... Başıma taxım, görüm necə yaraşır?

Satıcı: Çox gözəl yaraşdı, təmiz ipəkdir, ikinci şala da baxın, sizə endirim edəcəm, 50 AZN verərsiz...

Ayla Çelik: Neçə dollardır? Mən manatı bilmirəm. Siftə olsun, bu şarfı alıram.

Satıcı: Mən dolları bilmirəm...

Sonda müğənni sevgilisi Barbaros Utku ilə birlikdə şəhəri gəzərək yemək yeməyə yollanıb.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov