“Reket” jurnalistlərin məşhurlaşdırdığı müğənnilər

reket-jurnalistlerin-meshurlasdirdigi-mugenniler
Oxunma sayı: 2342

Xuraman Hüseynzadə

Son zamanlar haqqında çox danışılan bir müğənni xanım var. Nə oxuduğunu, necə oxuduğunu bilmirəm. Təsadüfən müsahibəsi çıxdı qarşıma. Deyir ki, saytlar onu hədəf seçib. Bəzi “reket” jurnalistlər onun haqqında ifira, böhtan dolu xəbərlər yazmaqla reytinq qazanmağa çalışır...

“Reket” jurnalistlərin şər, böhtan xarakterli yazılar yazması anlaşılandır. Aydındır ki, “reytinq xatirinə” deyərkən müğənni xanım həmin yazıların oxunma sayını nəzərdə tutur. Bəs görəsən, kimlərdir belə saytlara reytinq qazandıran, kimdir onların oxucusu?

“Reket” jurnalistlərin saytlarından xəbərim olmadığı üçün özümü qınamasam da müğənni xanımın bu açıqlamasına məyus oldum. Axı bu xəbərləri oxuyanlar, xanımın “reket jurnalist” dediyi kəsimə reytinq qazandıran bu cəmiyyətdi... Bizim cəmiyyət...

İntellektinə bələd olduğum bir neçə ziyalıdan soruşdum ki, saytlarda məsələn, yazıçıların adı olan xəbəri öncə oxuyurlar, yoxsa müğənninin? Məlum oldu ki, onlar yazıçıların adı olan xəbərləri oxuyur.

Ola bilsin, xanım müğənninin dediyi kmi, “reket” jurnalistlərin xəbərlərini qarabaqara izləyənlər arasında da belə adamlar var. Olsa belə, onlar barmaqla sayılacaq qədər az olar...

Bəs yaxşı, müğənnilərin haqqında yazılan dedi-qoduları, nə bilim, onların kiminləsə ailə qurması, boşanması haqda xəbərləri belə işıq sürətilə oxuyan çoxluq kimlərdi? O insanlar nəçidi, nə işlə məşğuldu? Bəlkə mənim əhatə dairəm geniş deyil, bəlkə dünyadan bixəbərəm?

Həmin müğənni xanımı və onun həmkarlarını da qınamayaq. Onlara məşhurluq, pul qazanmaq lazımdı. Hər bir insan bu beş günlük dünyada yaxşı yaşamaq istəyir. Kiminin istedadı, təhsili başqa səmtə yönəlib: pul gətirmir. Kiminin də istedadı, seçdiyi yol ona lüks həyat bəxş edir.

Alimin, yazıçının, şairin iynəylə gor qazar kimi çörək qazandığı indiki dövrdə müğənninin reklamla məşhur olmaq sayəsində dəbdəbəli həyat yaşamasında plebs günahkardı...

Zülmlə qazandığı pulu internetə verib “reket” saytlara qazanc gətirən, eyni zamanda kiminsə populyarlığına səbəb olan nə çox binəva var.

Yayın günü 3 kilosu bir manata satılan lobya, badımcan da bişmir evində.

Bir tərəfdən də kredit qılınc kimi kəsdirir başının üstünü...