“Pula görə sevgililərinin quluna çevriliblər” - Fotolar

pula-gore-sevgililerinin-quluna-cevrilibler
Oxunma sayı: 8192

Bu dəfə “Maqazin Klubu” olaraq yerli tanınmışların sosial şəbəkədəki fəaliyyətlərini müzakirə etdik. Onların ictimai və sosial mövzularda passiv mövqelərinin, gündəlik həyat tərzlərinin nümayişi çərçivəsindən çıxa bilməmələrinin səbəblərini danışdıq.

Yenə də mən – Pərviz Sadıqov, Zəhra Əhmədova və Elvin Elxan həmişəki kimi qərəzdən uzaq olaraq fikirlərimizi bildirdik.

Pərviz:

- Çox az nümunələri çıxmaqla müğənnilərin İnstaqram və “Facebook”dakı paylaşımları saç, makiyaj, uzağı yeni mahnıları barədədir. Amma ölkədə baş verən hansısa prosesə münasibət bildirmək və yaxud qlobal proseslər barədə şərh vermək əksəriyyətinə uzaqdır. Məsələn, bir müddət əvvəl Samira Allahverdi və Elnarə Xəlilova sosial təminatı aşağı olan bir ailənin problemini qabartmışdılar. Belə hallara niyə nadirən rast gəlirik?

Elvin:

- Onların etdiyi maraqlı addım idi. Böyük ajiotaj yaratmadı, çünki hər iki xanım müğənninin izləyici sayı sosial şəbəkələrdə o qədər də çox deyil. Onlardan qat-qat çox izləyicisi olanlar belə addımlar atmırlar. Müğənnilər həmişə deyir ki, “biz xalq üçün çalışırıq”. Xalq üçün çalışmaq mahnı oxumaq, toylara getməkdir? Bu bir xidmət deyil axı... Gedib pulunu qazanırsan. Lap əvvəllərdən müğənnilərin qabartdığı hər hansı problemə insanlar daha çox reaksiya veriblər. Məsələn, son aylarda yaşlı qadınların yollardan qarı təmizləməsi diqqət çəkən bir məsələ idi. Bir müğənni, ya aktyor, aktrisa həmin yollardan keçəndə qadınlardan kiminsə şəklini çəkib problemi qabartdımı? Yox... Demirəm, düşüb kömək etsin. Adi bir foto paylaşmaqla geniş müzakirə aça bilərdi.

Pərviz:

- Həmin görüntüyə də diqqət çəkmək üçün bir az söz oyunu, cümlə qurmaq, elementar savad lazımdır. Bizim müğənnilərin çoxu o baxımdan seçilmir.

Elvin:

- Təkcə savad məsələsi deyil. Səmimi hisslərini bildirsələr, yetərlidir. Müğənni Xatirə həmişə səhvlərlə dolu, “Caps Lock”la yazır cümlələrini, amma tez-tez geniş müzakirələr açır, fikrini ifadə edir.

Pərviz:

- Xatirə gündəmi izləyir, amma deməzdim ki, aktivdir. Heç olmasa öz sahələri ilə bağlı dünyadakı prosesləri izləsinlər. Bu yaxınlarda “Qremmi” mükafatlandırması keçirildi. Bizim müğənnilərdən bu haqda yazan, şərh bildirən birini görmədim. Varsa da, istisna ola bilər. Təsəvvür elə ki, olduğun sahə ilə bağlı dünyadakı ən önəmli hadisə baş verir və sən buna laqeyd qalırsan. Bircə Murad Arifin “Qremmi” haqqında geniş şərhi və fikirlərini gördüm. İnsan işinə peşəkar yanaşmanı bacarır. Bəzən fikirləri ilə razılaşmasam da, hər zaman mövqeyini nümayiş etdirir.

Zəhra:

- Sosial məsələlərdə ən aktiv şəxslərdən biri prodüser Tolikdir. Bir müddət əvvəl “Azərişıq”la bağlı problemə toxunmuşdu. Problemi qabartdı, rəsmi cavab da aldı. Bu yaxınlarda isə Nadir Qafarzadə istilik sistemi ilə bağlı bir tənqidi paylaşım etmişdi, bir az keçdi paylaşımı sildi. Digər müğənnilərdə də olub elə hallar. Onlar elə düşünürlər ki, hansısa problemi qabartsalar, onlara qarşı hansısa anti-piar ola bilər, müəyyən qurumlar bunları öz tədbirlərindən uzaqlaşdıracaq. Bu səbəbdən də adicə məsələlərdə aktivlik göstərməkdən çəkinirlər.

Pərviz:

- Söhbət ondan gedir ki, hansısa problem onlara toxunmayana qədər müğənnilər və ya digər tanınmışlar bu barədə heç nə yazmırlar. Elə ki məsələ şəxsi zəminə keçdi, özləri hansısa sosial və ya məişət problemi ilə üzləşdilər, o zaman başlayırlar tənqidi şeylər yazmağa.

Zəhra:

- Nə isə yazandan sonra silirlərsə, ya ətrafındakılar deyir ki, “Sil, nəyinə lazımdır?”, ya da problemləri həll olunur və artıq tənqidlərindən vaz keçirlər. Ümumiyyətlə, müğənnilər bu barədə paylaşımlar edəndə dərhal diqqət çəkirlər, xəbərə çevrilirlər, rəsmi qurumlar münasibət bildirir.

Pərviz:


- Nadir Qafarzadənin sosial məsələlərdə həssas olacağına, səmimiyyətinə inanmaq çətindir. Bir neçə dəfə efirdə kiməsə yardım etdiyinin şahidi olmuşam, amma bir neçə il əvvəl o, “Mənim soyuducum professorun soyuducusundan doludur” deyəndən və bunu üstünlüyü kimi göstərəndən sonra onun xalqın probleminə can yandıracağına inana bilmərəm.

Zəhra:

- Nadir Qafarzadənin təkcə bu məsələdə deyil, müğənnilərlə bağlı bir neçə paylaşımı da olub ki, yazıb, sonra da silib. Bu hal ən çox onda müşahidə edilir.

Elvin:

- Tolik bəzən hansısa müğənni haqqında deyir ki, “Sən xalq üçün nə etmisən?”. Əslində, düz deyir. Xalqın hansısa problemlərini qabartmaq, öz fikirlərini ortaya qoymaq, hansısa kampaniyalar təşkil etmək bizim müğənnilərə çox yaddır. Hətta xeyriyyəni də gedib konsertdə sadəcə çıxış etməkdə görürlər.

Pərviz:

- Xalq artistləri, artıq qocaman olmuş sənətkarlarımız da hərdən deyir ki, “mən bütün ömrümü xalqa həsr eləmişəm”. Amma sevdiyi işlə məşğul olub və bundan çox yaxşı pul qazanmağın xalqa nə xeyri var ki, bunu minnətli şəkildə xalqın belinə yükləyirlər.

Zəhra:

- Xalq üçün hansısa müğənninin çıxıb mahnı oxumağı, konsert verməsi və ya klip çəkdirməsi həyati məsələ deyil. O mahnılar hansısa ac bir insanın qarnını doyuzdurmur. Demirəm ki, oxumasınlar. Sadəcə, bunu xalq üçün edirmiş kimi təqdim etməsinlər. Efirə çıxırsansa, oradan səni görüb toya dəvət edirlər. Toya gedirsənsə, çox yaxşı da pul qazanırsan. Bəzən deyirlər ki, biz yaxşılıq edirik, amma qabartmırıq.

Pərviz:

- Çox yanlış fikirdir. Tanınmışlar hər hansı xeyriyyə işində, yardımda iştirak ediblərsə, bunu mütləq qabartmalıdırlar ki, örnək olsun. Ola bilsin sosial şəbəkələrdə istifadəçilər “Yaxşılığı edirsinizsə, reklam etməyin” yazır, amma bu, doğru deyil. Məşhurlar mütləq bunu işıqlandırmalıdırlar. Ötən il yadımdadır, Ramazan ayında müğənnilərdən kimsə iftar süfrəsi verib. Təsəvvür edin ki, iftar süfrəsində iştirak edənlərin hamısı müğənnilərdir. Axı bu iftar süfrəsinin onlara nə xeyri? İftar süfrəsi ehtiyacı olanlara verilməlidir.

İnsanlar belə halları tənqid edirlər və haqlıdırlar. Türkiyədə müğənnilər bu baxımdan çox aktivdir. Məsələn, Gülben Ergen ehtiyacı olan yerlərdə 30-dan çox məktəb tikdirib. Bizim müğənnilərin onlar qədər qazancı olmaya bilər, amma hər il sentyabrda 3 müğənninin bir yerə yığışıb məktəb ləvazimatları alaraq hansısa ucqar yerlərə apardığına dair nümunələrimiz yoxdur. Onun üçün 50-100 manatdan yığsalar belə bəs edər, buna milyonlar lazım deyil ki...

Zəhra:

- Türkiyədə sosial məsələlərdə də aktivdirlər. Bir müddət əvvəl heyvanları qoruma dərnəyi açmaq üçün tanınmışlar bir araya gəldilər. Yadımdadır, Xatirə İslam bir dəfə çox ucqar yerdə, acınacaqlı halda yaşayan ailəyə kömək etmişdi. Həmin ailənin pis vəziyyətdə olan evini də düzəltdirmişdi, uşaqlara geyimlər almışdı.

Pərviz:
- Bizdə bu mövzularda həssaslıq dəhşətli dərəcədə azdır. Aygün Səmədzadənin heyvanlara olan münasibətini bilirəm, və bu mövzuda hər hansı problemə də tez reaksiya göstərir, fikrini bildirir.

Elvin:

- Bu günlərdə Elza Seyidcahanla geyindiyi kürklə bağlı söhbət etdik. Deyir ki, kürk canlıdır, ölmüş heyvanın dərisidir də... Sadəcə, bilmir ki, o kürklərin çoxu heyvan diri ola-ola soyulur.

Pərviz:

- Heyvanlar üçün konsert təşkil edən birinin belə bir açıqlama verməsi çox ironikdir.

Elvin:

- Yerli məşhurlarımızın əksəriyyəti kürk geyinir və qınanılmırlar da.

Zəhra:

- Türkiyədə isə kürk geyinən hər kəs ciddi qınaq obyekti olur.

Pərviz:

- Məsələn, bu həftə “Cəsur və gözəl” serialının yayımlanan treylerində Tuba Büyüküstün kürk geyinmişdi. Serial hələ efirə getməmiş, ssenari müəllifi artıq açıqlama verdi ki, “Əvvəlcədən deyirik ki, Tubanın geyindiyi kürk təbii deyil”. Yəni, bu qədər həssasdırlar.

Zəhra:

- Bizimkilər kürklərinin bahalılığı ilə yarışa girirlər. Türk müğənnilərinin bir konsertdə qazandıqlarını bizim yerli ifaçılar bir ilə qazanır. Onlar gedib heç o qiymətə kürk almırlar.

Pərviz:

- Kürk dünyada çoxdan dəbdən düşüb. Artıq Hollivudda, Avropada xəz dəri geyinən məşhura nadirən rast gəlmək olar.

Elvin:

- Yenə də Elza Seyidcahandan misal çəkəcəyəm. Elza xanım bir dəfə Hollandiyaya gedəndə kürk geyinib. Ona deyiblər ki, Avropada belə şeyə çox pis baxırlar, həssasdırlar. Elza da deyib ki, “Bəs nə oldu? Hollandiyada kişilər bir-biri ilə evlənir, qadın-qadınla ailə qurur. Bəs, bu, Allahın buyurduğudur?”. Eyni şeyi Bred Pit və Ancelina Coli haqqında da dedi. Elza xanım deyir ki, “Bred Pit bəs utanmır Ancelinaya xəyanət edir? Nə olsun ki, kürk geyinmir? Amma heyvanın etmədiyini edir”.

Zəhra:

- Bir müddət əvvəl Elnur Hüseynov, Dilarə Kazımova və Eldar Qasımov da ayrı-ayrılıqda heyvanların qorunması üçün layihələr edəcəklərini demişdilər.
Sosia mövzuda ən aktiv məşhur kimdir?

Elvin:

- Müğənnilər bu mövzuda üç yerə bölünür, Bir qismi tamamilə susur və “mən belə məsələlərə qarışmıram” deyib heç bir sosial mövzuda aktivlik göstərmir. İkinci kateqoriyaya aid olanlar ancaq özləri problemlə üzləşəndə bu barədə yazırlar. Üçüncü qisim məşhurlar isə bəzi məsələlərdə çox qərəzli yanaşma nümayiş etdirənlərdir. Məsələn, Nura Surinin problemləri qabartmasını çox bəyənirəm. Bəzən problemə satirik və yumorlu yanaşma da edir. Amma hərdən çox qərəzli yanaşır. Faiq Ağayev hər hadisəyə yerində, vaxtında reaksiya bildirməklə seçilir.

Pərviz:

- Faiq Ağayev təkcə sosial şəbəkədə deyil, eyni zamanda hər hansı bir hadisənin baş verdiyi gün tədbir varsa, orada da çıxıb o barədə danışır, həssaslığını göstərir. Murad Arif də bayaq dediyim kimi fikirlərini yaxşı ifadə edə bilir. Nura Suri məişət problemlərində çox həssasdır. Eləcə də vətənpərvərliklə bağlı paylaşımları mənə daha səmimi gəlir, inandırıcıdır. Ülviyyə Alovlu da ictimai-sosial mövzularda çox fəaldır.

Zəhra:

- Murad Arifin postlarında fikir vermişəm ki, bir neçə dəfə cinsi azlıqlarla bağlı tənqidi paylaşım edib. Ötən il ABŞ-da eynicinslilərin nikahının təsdiqlənməsi zamanı bir müddət bu barədə yazdı.

İnstaqramda ağlayanlar Şahinin yasına niyə getmədi?

Bir neçə gün əvvəl rejissor Şahin Zəkizadənin dünyasını dəyişməsi də sosial mediada müxtəlif reaksiyalar doğurdu. Mərhumun vəfatı ilə bağlı xəbərlərdə tərəddüd oxucuları da çaşdırdı və media tənqid hədəfinə çevrildi. Əslində isə...

Zəhra:

- Medianın heç bir günahı yox idi. Burada mərhumun ailə üzvləri ilə xəstəxana arasında olan anlaşılmazlıq onların mediaya yanlış xəbər verməsinə səbəb oldu. Şahinin xanımı Səbinə açıqlamasında artıq həyat yoldaşının vəfat etdiyini bildirmişdi. Xəstəxana isə az sonra bunu təkzib etdi, təxminən bir saat sonra isə Şahin Zəkizadənin dünyasını dəyişməsi təsdiqləndi. Saytlar da prosesi olduğu kimi işıqlandırdı... Aybəniz Haşımova da saytları, jurnalistləri tənqid etdi ki, “İnsan hələ ölməyib.

Medianın bütün məqsədi bizi öldürməkdir”. Eləcə də ölüm xəbərinin təsdiqlənməsindən sonra bütün tanınmışlar İnstaqramda, “Facebook”da başsağlığı paylaşdı. Amma dəfn günü Aybəniz Haşımova da daxil olmaqla, əksər məşhurlar orada yox idi. Cəmi 6-7 tanınmışdan başqa mərasimdə heç kim iştirak etmədi.

Elvin:

- Çoxunun öz fikri, mövqeyi yoxdur. Bir-birlərinə baxıb hərəkət edirlər. Biri paylaşırsa, digəri sadəcə görüntü xatirinə bunu edir. Çox şeyi ürəkdən etmirlər. Səmimi deyillər...

Pərviz:

- Təkrarlamaq bizim cəmiyyətdə xəstəlik halını alıb. Hamısı ideyasızlıqdan irəli gəlir. Necə ki, “Maqazin Klubu”nu da təkrarlamaq istəyənlər var.

(Gülürük)

Elvin:

- Bir az siyasi, sosial mənada məlumatsızlıq və məsuliyyətsizlik var. Bir qədər sosial şəbəkələrdən kənara çıxsaq, ötən il “Eurovision”da Ermənistan təmsilçisi Qarabağla bağlı bir piar etdi. Bizim iştirakçı Səmra Rəhimli isə heç ona adekvat cavab da vermədi. Səmra həmin yarışmada ancaq bədəninin nümayişi ilə yadda qaldı, dedi ki, “Mən siyasətə qarışmıram”.

Zəhra:

- “Eurovision”da siyasi mesajlara icazə olmasa da, Ermənistan nəsə etdi və heç cəzalandırılmadı da. Bu, birinci dəfə deyil. Ona görə bizimkilər də icazəni nəzərə almamalıdırlar.

Pərviz:

- Eyni şeylə Aygün Kazımova Almaniyada keçirilən “DAF Bama” mükafatlandırma mərasimində üzləşdi. Amma ermənilərin səhnədə “Sarı gəlin”i oxuyacaqlarını əvvəlcədən öyrənən kimi, məsələni rəsmi şəkildə həll etdi və ermənilərin təxribatının qarşısı alındı. Hətta erməni iştirakçılar sonrakı müsahibilərində Aygün Kazımovanı tənqid etmiş, planlarını pozduğu üçün pis olduqlarını etiraf etmişdilər. Bu, vətəndaş mövqeyidir. Adi insanından tutmuş məşhuruna kimi hər kəsdə olmalıdır. Amma...

Zəhra:

- Ölkəni xaricdə təmsil etmək çıxıb səhnədə təkcə muğam oxumaq deyil ki... Muğamı Alim Qasımovdan başqa heç kim o səviyyədə təbliğ edə bilməz onsuz da... Heç olmasa xaricə gedəndə belə siyasi məsələlərdə diqqətli olsunlar. Ötən ilin sonunda Xəzər dənizində neftçilər itkin düşdü. Bununla bağlı fikir verdik ki, ilk paylaşımı Günay İbrahimli etdi.. Bu paylaşım saytlarda xəbərə çevrildiyi üçün bütün məşhurlar da paylaşımı etdilər.

Pərviz:

- Heç olmasa yaxşı şeylərdə bir-birindən nümunə götürsünlər. Sonra vərdişə çevrilər. Məşhurlar heç tarixi günlərdə də aktiv deyillər. İşğal günləri barədə yazmırlar. Heç olmasa saytları izləsələr, orada hər dəfə hansısa rayonun işğal günü olduğu qeyd edildiyini görərlər.

Elvin:

- Əksəriyyəti heç himnin sözlərini, bayrağın rənglərini bilmir. Dərhal zəng vurub bu barədə soruşanda özlərini itirib çaş-baş qalırlar. Heç işğal olunmuş torpaqlardan olan tanınmışların əksəriyyəti o gün nəsə yazmır.

Pərviz:

- Çox nadir hallarda istisna ola bilər...

Elvin:

- Ya özləri, ya yaxınları, tanışları qaçqın olan məşhurlarımız var. Həmin ağır günlərin şahidi olublar... Görəsən, gedib ehtiyacı olan qaçqınların problemi ilə maraqlanırlar?

Pərviz:

- Ola bilsin ki, hansısa məşhur desin ki, biz edirik, sadəcə üzə çıxartmırıq. Xahiş edirik, bundan sonra edəcəkləri hər xeyriyyə addımını üzə çıxartsınlar. Qoy, etməyənlər də baxıb digərindən örnək götürsünlər.

Elvin:

- Məşhurların əksəriyyəti İnstaqramda fotolarını, mahnılarını paylaşır. Əvvəllər toylardan paylaşım edirdilər, indi vergilərə görə, onu da yığışdırıblar. Bir də ən əsası həmkarlarının doğum günlərini təbrik edirlər. İşğal günlərini unutsalar da, həmkarlarını təbrik etməyi unutmurlar.

Zəhra:

- Bir də reklamlar... Saç, makiya, geyimin hardan olması...

Elvin:

- Biz müğənnilərin örnək olmasını gözləyirik, amma onlar qayda-qanun pozmaları ilə fəxr edirlər. Yol hərəkəti-qaydalarını pozandan sonra “Sağ olsun yol polisi, bizə hörmət edirlər” deyib öz qanunsuz hərəkətinə haqq qazandırırlar.

Elvin:

- Bir neçə ildir ki, “Sovetski” sökülür. Oradan olan, bir müddət orada yaşayan müğənnilərı razı sala bilmədim ki, gəlin orada çəkiliş edək, xatirələrinizi bölüşün. Heç birinin vecinə deyil, yaxın durmadılar.

Pərviz:

- Avropa Oyunları, Formula 1 və yaxud ölkədəki digər beynəlxalq səviyyəli yarışlar, tədbirlər barədə paylaşımlar edirlər, oradakı konsertlərdən foto-video paylaşırlar, “Ulduz səfir” olurlar... Amma bütün bunları hər kəs görür... Yəni bunları paylaşmaq elə ciddi həssaslıq, cəsarət tələb etmir.

Zəhra:

- Bu yaxınlarda maaşların artırılması ilə bağlı deputatların bəzi çıxışları və açıqlamaları oldu. Sosial şəbəkələrdə bu açıqlamalar ciddi tənqid olundu. Məsələn, tanınmışlar buna da reaksiya bildirə bilərdilər. Amma heç biri bu barədə danışmadı.

Pərviz:

- Sanki bu ölkədə yaşamırlar və baş verənlər veclərinə deyil.

Elvin:

- Sosial məsələləri qabartmaq müğənninin üstünlüyü, avantajıdır. Bu onları xalqın gözündə müsbət imicə soxur, xal qazanırlar. Məsələn, Tolik, Nadir Qafarzadə bu mənada seçilirlər. Şərhlərdə “Sən həmişə sözün düzünü deyirsən” falan yazırlar. Günel Hümbətova, Lalə Məmmədova “AZAL”la bağlı problemlərini qabartmışdılar.

Zəhra:

- Bir də görürsən yaşlı bir müğənnimiz bütün kişi müğənnilərinin saçına, saqqalına, sırğasına ilişdi, onlar da ona cavab verdi və bu oldu bir həftəlik gündəm.

Elvin:

- Gör, hansı təfəkkürdə və səviyyədədirlər...

Pərviz:

-Məişət məsələlərindən yuxarı qalxa bilmirlər.

Elvin:

- Müğənnilərimiz cəmiyyətdəki qadın problemlərinə də toxuna bilmirlər. Çünki bunun üçün özlərinin belə bir problemi olmamalıdır ki, çıxıb kiməsə yol göstərsinlər. Əksər müğənnilərin ərləri ilə problemləri var, həyat yoldaşları tərəfindən döyülürlər. Bəziləri sponsorları və ya sevgililəri tərəfindən dəfələrlə şiddətə məruz qalırlar. Bunlar qadın problemlərini, hüquqlarını necə qabartsınlar ki... Bəziləri pula görə sevgililərinin quluna çevriliblər.

Pərviz:

- Tanınmışların digər problemi isə sosial şəbəkədə üzr istəməyi bacarmamalarıdır. Misal üçün son aylarda Şahan Gökbahar və Özcan Dəniz Azərbaycandan üzr istədilər. Amma bizdə belə bir hal olsaydı, həmin məşhur “Əcəb eləmişəm” deyəcəkdi. Heç kim çıxıb kobud olduğu üçün ya səhv etdiyi üçün xalqdan, tamaşaçıdan üzr istəməyib. Təkcə Günay İbrahimlidə müşahidə etdim ki, yol qaydalarını pozmuşdu və İnstaqramda açıqlama verdi ki, “Səhv eləmişəm, cəriməmi ödəyəcəyəm”. Amma ondan əvvəl də eyni hadisə ilə üzləşən müğənnilərimiz olmuşdu, kobud davranmışdılar.

Zəhra:

- Bizim müğənnilər ona arxayın olublar ki, tanınmışamsa, gedəcəyəm, problemim həll olunacaq.

Elvin:

- Xeyriyyə konsertinə gəlincə, təşkilatçıların çoxu bildirir ki, bəzi müğənnilər xeyriyyə konsertində çıxış üçün qonorar istəyir və orada medianın olub-olmayacağını soruşur.

Zəhra:

- Xeyriyyə konsertlərinə fikir versək, görərik ki, öndə gedən və özünü yüksək səviyyəli adlandıran müğənnilər bu konsertlərə getmirlər. Plakatların üzərində hamının fotoları olur, amma həmin gün ortada piara ehtiyacı olan gənc müğənnilərdən başqa heç kim olmur. Bütün xeyriyyə konsertlərində gördüyüm yeganə müğənni Ədalət Şükürovdur.

Pərviz:

- Təkcə müğənnilər deyil, imkanlı şəxslər, biznesmenlər də xeyriyyə işlərinə ciddi fikir verməlidirlər. Hansısa gəncin təhsil haqqını öhdələrinə götürsünlər, xaricdə oxumaq istəyən kasıb savadlı uşaqlara yardım etsinlər. O zaman həm kiməsə kömək etmiş olacaqlar, həm də daha çox seviləcəklər.
Bu dəfəlik “Maqazin Klubu”nu yekunlaşdırırıq. Həmişəki kimi, fikirlərimizdə qərəzdən uzaq olmağa çalışmışıq. Sonda ənənəmizə sadiq qalaraq növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik. Yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çatdırmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Hazırladı: Pərviz Sadıqov

Söhbət etdi: P.Sadıqov (Axşam.az), Z.Əhmədova (Axşam.az), E.Elxan (Qafqazinfo.az)

Fotolar: Ramin Aslanov

İnstaqram: @maqazin_klubu