“Onların ərlərinin həyatında başqa qadınlar olub” - Damla

onlarin-erlerinin-heyatinda-basqa-qadinlar-olub
Oxunma sayı: 19813

Gənc müğənni Damlanın “Qafqazinfo”ya müsahibəsi

- Sonuncu dəfə Aqil M. Quliyevlə əməkdaşlıq etdiz. Həmin rejissor birdəfəlik qonşu ölkəyə köçüb və yüksək qonorara klip çəkdiyi hər kəsə məlumdur....

- Onunla klip çəkdirməyi çoxdan istəyirdim. Bir neçə dəfə Aqil M. Quliyevlə oturub danışmışdıq. Gah onun işləri, gah mənim işlərim çox olur, gah da maddi problemlər ortaya çıxırdı. Hər kəsə məlumdur ki, o, Azərbaycanın ən bahalı rejissorlarından biridir. Heç vaxt işbirliyimiz alınmırdı. Daha sonra araşdırdım, məlum oldu ki, İstanbula köçüb. Ora getmək, klip çəkdirmək barədə qərar verdim. Bir həftə orada qaldım, Aqil bəylə danışdıq, söhbət etdik. Mahnını dinləyən kimi təklifi qəbul etdi.

Bilmirdim ki, o, rejissorluq fəaliyyətini dayandırıb. Özü özünə söz vermişdi ki, klip çəkməyəcəm. Komanda türklərdən ibarət idi. Hər şey yüksək səviyyədə oldu. Dedim ki, bir daha Azərbaycanda klip çəkdirməyəcəm. Təsəvvür edin ki, sənətçiyə xüsusi diqqət yetirilir. Özüm özümə sual verdim ki, bizdə çalışqan və peşəkar rejissorlar var, niyə bizdə sənətçiyə qarşı sevgi və nəvaziş yoxdu? Bunun sirrini tapa bilmirəm.

- Klip hansı mahnıya çəkilib?

- Klip “Can dostum” adlı mahnıya çəkilib. Yaşanmış bir həyat hekayəsindən götürülüb. Bir-birinə yaxın dostlardan bəhs edir. Onlar o qədər yaxın olublar kı, həyat yoldaşları belə qısqanıb. Gün gəlir, dostun biri ağır xəstəliyə tutulur, xəstəxanaya aparılır. Həmin dostunun qollarında can verir. Dostu Azərbaycanın tanınmış iş adamlarından biridir. O, göz yaşları ilə hadisəni bizə danışdı. Mən də ağladım. Söylədi ki, onun xatirəsini yaşatmaq istəyir.

- Sizin ifa tərzinizi tənqid edənlər olur. Bir çoxları qışqırdığınızı iddia edir...

- Səsimin rəngi, seçdiyim mahnılar türklərə daha çox yaxındır. Çünki, türklər “damar ifaçıları” deyilən sənətçiləri çox bəyənirlər. Mən də uşaqlıqdan Funda Arar, Nilufər xəstəsi olmuşam. İllərdir ki, həmin xanımların səhnədəki duruşlarını sevmişəm, onları izləyərək böyümüşəm. Bəlkə də, bundan qaynaqlanır ki, səsimin zil tonundan istifadə edirəm. Deyirlər ki, qışqırırsan, oxuyanda boğulursan, ifa edə bilmirsən. Deyilənlərə kənardan baxıram. Onda gərək Kibariyəni, Lineti öldürsünlər. Axı belə deyil? Allahın vergisidir. Sən də oxuyanda qışqır. Görüm qışqıra bilərsən? Qışqırmaq tamam başqa bir şeydir.

“Kişilər ayrıldıqdan bir həftə sonra başqasını sevir”

- Bizdə ürəkdən ifa edən, siz demiş, “damara işləyən” sənətçilər var... İnsanlar isə bu tipli mahnıları daha çox sevirlər. Sizcə, səbəb nədir?

- Xoşbəxt olan insanlar belə bu cür musiqi parçalarına qulaq asır. Hər kəs sevgidən əzab çəkmir. İnsan var ki, ailəsi, övladı və yaşadığı mühitdən əziyyət çəkir. Hər kəsin bir acısı, könül yarası, özünə aid ağrısı var. Onu sevgiyə bağlamaq olmaz. İndi sevgilər çox ucuzlaşıb, cılızlaşıb. Sevgiyə dırnaqarası və məqsədli şəkildə yanaşırlar. Deyirlər ki, mənə onu alsın, belə bir addım atsın və s. Elə bil sevgi maliyyələşib. İndiki dövrdə sevgini maliyyələşdiriblər. Hər şey pulun başındadır.

Təmənnasız və pula görə sevənlərin sayı çox azdır. Leyli və Məcnun sevgisi artıq yoxdur. Çünki, o sevgilərin dəyərini verən insanlar qalmayıb. Hər şeyi pula kökləyiblər. Mən elə düşünürəm ki, 40 il bundan əvvəl həqiqi sevgidən danışmaq olardı. Mənə dəhşətli gələn bəzi məqamlar var. Bir-birilərini sevirlər, müəyyən vaxtdan sonra ayrılırlar. Ancaq kişilər ayrıldıqdan bir həftə sonra həyatlarında başqa biri olur. Demək ki, bu sevgi deyilmiş.

- Sizin könül yaranız nədir?

- Uğursuz bir evlilik yaşadım. Övladım tək və atasız böyüyür. Mən onun üçün hər şey edə bilərəm, ancaq atalıq edə bilmərəm. Şükür olsun ki, bəzi atalı övladlardan yaxşı böyüyür. Bir tək onun tənhalığı könül yaramdır. Atalı övlad daha ürəkli olur. Xeyirlisi olsun....

“Evliliyim qısa oldu, uşaq dünyaya gəldikdən sonra boşandım”

- Niyə ailə həyatınız uğursuz alındı?

- 18 yaşımda ailə həyatı qurdum, evliliyimiz sevgi əsasında qurulmamışdı. Düzdü, övladımın atasıdır, başımızın üstündə yeri var. Oğlumu ona qarşı böyütməmişəm. Kənardan baxıram, ailələr dağılır, ancaq övladı ataya göstərmirlər. Düzgün bir şey deyil, əleyhinəyəm. Uşaqlar kökünü bilməlidir. Mən istəyərəm ki, oğlum əmisi, bibisi ilə görüşsün, onların övladları ilə dostluq etsin. Ancaq belə deyil. Qarşı tərəfdən istilik görmürəm. İki mədəni insan kimi ayrılmışıq, həyat davam edir.

Bizi bir-birimizə bağlayan övlad var. Həmin insanı həyatımın ən gözəl və gənclik illərini məhv etdiyi üçün bağışlaya bilmirəm. Kaş ki, günah məndə olardı. Bu gün səhvimi başa düşüb əlimdən gələni edərdim ki, ailəni bir araya gətirim. Ancaq günah məndə olmadı. Evliliyim çox qısa oldu, övladım dünyaya gəldikdən sonra boşandım.

“Bilmirdilər ki, oğlumu hər kəsdən gizlədirəm”

- Deyirlər ki, Damla övladını gizlədir. Səbəbi nədir?

- Oğlum başqa cür oğlandır, sərbəstliyi sevir. Bəzi müğənni övladları var ki, analarının tanınmışlığı ilə öyünürlər. Ancaq mənim oğlum belə deyil, öyünmür. Mən onunla foto çəkdirib paylaşa bilmirəm. Deyir ki, onu instaqramda paylaşma. Verilişlərin birində mənim üçün dəyərli olan bir şəxsin qız övladına mahnı həsr edib oxudum. Söylədim ki, həmin qızı dünyalar qədər çox istəyirəm. Aparıcılar efirdə dedilər ki, oğlun qısqanmadı?

Təsəvvür edin ki, qəribə hala düşdüm. Onların günahı yox idi, onlar bilmirdilər ki, oğlumu hər kəsdən gizlədirəm. Dedim ki, bacardığım qədər onu mediadan gizlədirdim. Məqsədim özümü subay kimi qələmə vermək deyil. Buna Allah şahiddir. İstəyirdim ki, məktəbə rahat getsin, həyətdə rahat oynasın. İndi hiss edirəm ki, rahatlıq yoxdu. Söyləyir ki, məktəbdə artıq məni tanıyırlar, səninlə şəkil çəkdirmək istəyirlər. Bundan başqa məktəbdə son zəng olacaq, istəyirlər gəlib mahnı oxuyasan.

“Onların ərlərinin həyatında başqa qadınlar olub”

- Kişilərə qarşı çox mühafizəkarsız. Qadınlardan çox əks cinsin nümayəndələrini sevgi mövzusunda ittiham edirsiz. Bir neçə dəfə bunun şahidi olmuşam. Niyə belə düşünürsüz?

- Təki fikrim dəyişsin, beynimdəki yük azalsın. İstəyərəm ki, kişilərə güvənim olsun. Hörmət etdiyim ailə xanımlarının yaşadığı stresslərin şahidi olmuşam. Onların ərlərinin həyatında başqa qadınlar olub. Yəni, buna çox rast gəlirəm. Belə fikrə gəlmişəm ki, əksəriyyət belədir. Belə olan halda mən onlara necə güvənə bilərəm? Bir söz düşən kimi, deyirlər “Quran”da belə bir şey var. Kişi bir neçə xanımla nikah bağlaya bilər. Amma niyə İslamın başqa şərtlərinə riayət etmirlər? Ancaq xanım mövzusunu aktual saxlayırlar. Dinin digər şərtlərini həyata keçirmirlər. Niyə kişilər özlərinə xeyir edən məqamları seçirlər? Bu məqamlarda onlara qarşı aqressivəm.

“Dedilər ki, bəsdir, onun-bunun mahnılarını oxuyursan”

- Qədir Qızılsəs, Şəfanın mahnılarını ifa etmisiz. Onlar yetərincə populyar olan mahnılardır. Həmin musiqi parçalarını yenidən ifa etməyə çəkinmədiniz?

- Möhürü vurulmuş mahnıları oxumaq cəsarət tələb edir. Əvvəl düşünürsən ki, mahnılar səndən əvvəl sevilib, sənin ifanda seviləcəkmi? “Gəlmədin” mahnısına görə, Qədir Məmmədovdan icazə aldım. Dedi ki, mahnını korlayacaqsansa, oxuma! Təsəvvür edin ki, o sözü mənə deyəndə quruyub qaldım. Söylədim ki, yaxşı olar, inşallah! Dedi, mahnını yazdır, mən dinləyim, sonra yayımla. Daha sonra mahnını oxudum, Qədir müəllimə zəng vurub dedim ki, mahnı hazırdı.

Mənə söylədi ki, ailə içi qızımın nişanı baş tutacaq, gəl orada oxu. Bəyənsəm, icazə verəcəm. Çox həyəcanlı idim, hər şey ola bilərdi. Nişana getdim, mahnını ifa etdim. İlk alqış ondan gəldi, daha sonra hamı əl çalmağa başladı. Dedi ki, bütün mahnılarımı icazəsiz oxuya bilərsən.

Qaldı ki, Şəfa xanımın “Sevgi qatarı” mahnısına... Gözəllik salonlarının birində qadın var idi, mənə söylədi ki, qızım, sən Qədir Məmmədovun mahnısını oxumusan, Şəfadan da oxu! Çönüb dedim ki, inşallah oxuyaram. Dedi, mən Şəfanın bibisiyəm, onu unudulmağa qoyma! Ona söz verdim ki, mütləq oxuyacam. Təsadüfən studiyaya getmişdim, başqa bir mahnı yazdırırdım. Dedim ki, çoxdandır İnstaqramda mahnı paylaşmıram, oxuyub paylaşım.

Aranjemançı dedi ki, sən oxumaq istəyirsən? “Sevgi qatarı”nı oxudum, paylaşdım. Hamı bəyəndi, izləyicilər dedilər ki, həmin mahnını oxumalısan. Biz planda olan mahnını saxladıq, “Sevgi qatarı”nı oxudum. Buna görə məni qınayanlar oldu. Dedilər ki, bəsdir, onun-bunun mahnılarını oxuyursan. Mən sənətçiyəm, onsuz hamı mahnılarımı dinləyir. Efirə çıxmışdım, bütün mahnılarım başqalarının repertuarından oldu, sonda “Qürur”u ifa etdim. Fərqlilik olsun...

“Gözümlə gördüyüm xəyanəti belə bağışlayıram”

- Qürurlu müğənnisiz?

- “Qürur” sözünün “Q” hərfi belə məndə yoxdur. Sevgi mövzusunda zəif insanam. Gözümlə gördüyüm xəyanəti belə bağışlayıram. Yəni, özümə haqq qazandırmıram. Ancaq bu zəif nöqtəmə görə özümə nifrət edirəm. Bu qədər də olmaz...

- Siz hələ sənətçi kimi arxayınlaşmamısız? Bizim sənətçilər bir az işləyib “qış yuxu”suna getməyi sevirlər.

- Arxayınlaşmanın səbəbini sizə açıqlayım. Bizim müğənnilər çalışırlar, pulu işlərinə yatırırlar. Bir-iki hit mahnı tutandan sonra maliyyəni özlərinə ayırmağa başlayırlar. Ev, maşın, bağ alırlar. Sənətə yatırım etmirlər. Sonra ayılırlar ki, hər şey bitir. Mən hər şeyə diqqət edirəm. Hərdən düşünürəm ki, fərqli-fərqli geyimlər almağa da ehtiyac yoxdur. Düzdü, bir çox stilistlərlə çalışıram. Ancaq 5-10 min pul verib paltar almaram. Düşünürəm ki, 10 min manata Damlanı Damla edəcək nəğmə ala bilərəm. Gedib bahalı zinət əşyası almaq və dar günümə saxlamaq kimi bir fikrə düşməmişəm.

“O kişidir, məndən 10 qat artıq işlər görə bilər”

- Övladınız üçün yatırımlar etmisiz?

-Şükürlər olsun ki, evim var. Gələcəyi üçün kənardan bir ev də alaram. İstəyirəm ki, oğlum gələcəyini özü qursun. Arxayınlaşmasın ki, anam mənim üçün ev alacaq və s. Bir insanı bu şəkildə formalaşdırmaq olmaz. O belə böyüsə, heç vaxt cəmiyyətə yararlı bir övlad olmaz. Sənətdə olmağıma görə ailəmin mənə mənəvi dəstəkdən başqa heç bir yardımı olmayıb. Hər şeyi özüm etmişəm. Allah mənə ruzi verib. Övladımın da bu cür böyüməsini istəyirəm.

Mən xanımlığımla özümə şərait yaradıram. O kişidir, məndən 10 qat artıq işlər görə bilər. Əksinə o mənə şərait yaratmalıdır. Düşünməlidir ki, yaşlanacam, belə oxuya bilməyəcəm. İstəmərəm ki, səs tonum, xarici görünüşüm dəyişəndə oxuyum. İllərlə qurduğum statusu məhv etmək istəmərəm. Hər insana Allah qocalığı nəsib etmir. Qırışın da, ağ saçların da öz yeri var.

- Mahnılarınızı hansı ab-havada yazdırırsız? Pozitiv olan zaman qəmli mahnı oxuya bilərsiz?

- Xeyr, xoşbəxt olan zaman mahnı oxumaq yadıma düşmür. Sadəcə rəqs edə bilərəm. Sarsıntı keçirdiyim, həyatda zərbə aldığım və tək olmaq istədiyim zamanlarda mahnı oxuyuram. Şən bir mahnı var, 3 aydır ki, səsyazma studiyasına gedə bilmirəm.

“On ildir ki, dərindən nəfəs almıram, sevincim 10 dəqiqə çəkir”

- Deməli, siz 3 aydır ki, müəyyən boşluqdasız və depressiyaya düşmüzüz...

- Bəli, boşluqdayam. Çox güvəndiyim, etibar etdiyim dostlarımdan yara aldım. Bir boşqabda yemək yediyim dostlardan zərbə gördüm. Onlarla bir yerdə ağlamışıq, gülmüşük, gəzmişik, sirrimiz paylaşmışıq. Onlardan şok hərəkət gördüm. Həmçinin, ailəmin sıxıntıları var. Onları çox ağartmaq istəmirəm. Bundan əlavə, bir qadın kimi yaşadığım sıxıntılar da var. Hər şey üstüstə gəldi. Türklər demiş, özümü toparlaya bilmirəm. Həyatımda keçid dövrüdür, qürurum olmasa da, güclü qadınam.

Həyatımın bu mərhələsi keçəcək. 18 yaş və 28 yaş.... 10 il fərq var. 10 ildir ki, dərindən nəfəs almıram. Sevinclərim olub, ancaq cəmi 10 dəqiqə çəkib. Həyatın sərt üzünü görmüşəm. Yaşadıqlarımın heyfini heç kəsdən çıxmamışam. Allah hər kəsi mənə tanıdır, iç üzünü açır. Daha yaxşılarının qədrini bilmək üçün belə edir. İnanıram ki, qarşıda günəşli bir sabah var. Mən o günəşin istisinə qızınacam. Düşünürəm ki, işıqlı günlər sizi gözləyir.

- Sosial şəbəkədə izləyici sayınız çoxdur. Efirlərə az-az çıxırsız, onlayn media isə demək olar ki, çox məlumatlar dərc etmirlər. Amma insanlar tərəfindən sevilirsiz. Həmkarlarınız sizə paxıllıq etmir?

- Bu haqda araşdırma aparmamışam (gülür). Zamanımı gözəl şeylərlə keçirmək istəyirəm. Mən məşhurluğu dərk etmirəm. İnsanlarla olmağı, küçədə gəzməyi sevirəm. İnsanların sosial şəbəkələrdə şərhlərini cavalandırıram. Məni niyə qısqansınlar? Niyə paxıllansınlar? Sağlam düşüncəli insanam, paxılllıq insanın ruhunu və dərisini qocaldır. İnsana bəxtəvərlik oxumaq olmaz.

Nə bilirlər ki, müğənni otaqda tək qalanda nələr çəkdiyini? Müğənni efirdə xoşbəxt görünməyə məcburdur. İnsan nə dərəcədə ucuz olasan ki, başqasının uğurlarına aqressiv yanaşasan. Zamanında at oynadan sənətçilər var idi, bu gün isə yoxdurlar. Bilmək olmaz, bir il sonra həmin insanların taleyi necə olacaq.

“O insanlara yazığım gəlir, zəif olduğunu sübut edirlər”

- Deyəsən, bu arenada sizə əngəl törədən çox olub...

- Rastlaşdığım zaman bir şey düşünürəm. Qarşımdakı insana yazığım gəlir. Zəif olduğunu mənə sübut edir. Bəzən toya gedirsən, yarım saatlıq proqram götürüsən. Bütöv toyun aparıcısı qonaq müənnini görür. Ancaq oxuyur, dayanmır. İnanın, ruhum incimir. Yeməyimi yeyirəm, çayımı içirəm, makiyajımı yeniləyirəm, hələ yarım saat da onu dinləyirəm. Dincəlirəm, nə vaxt mənə söz versə, mahnımı oxuyuram. Həmin sənətçi səhnədədi, səhnədə olan ifaçıya hörmətsizlik etmək olmaz.

“Vəzifədə olanlar öz sahələrində güzəştə gedirlər?”

- Deyirlər ki, toy qiymətlərində heç vaxt güzəştə getmirsiz.

- Tam səmimi deyirəm , o qədər məsclislər var ki, pulsuz oxumuşam. Bir qız yazıb ki, evin tək övladıyam, atam yoxdu, anam mənə toy edir. Sizi sevirəm, toyumda oxuya bilərsiz? Onun xahişini yerinə yetirmişəm. Mən kasıbın toyunda pulsuz oxuyaram. Ancaq elə insanlar endirim istəyir ki?! Vəzifədə olanlar, pulu olan şəxslər öz sahələrində güzəştə gedər?! Mən niyə endirim etməliyəm ki?!

Elvin Elxan

Fotolar: Nuran Məmmədov