““Get, bacıların gəlsin” deyib məni döydülər” - Fotolar

get-bacilarin-gelsin-deyib-meni-doyduler-
Oxunma sayı: 17664

Artıq 5 həftədir ki, tamaşaçılar 6 nəfərdən ibarət bir ailənin faciəsi ilə tanış olurlar.

“Xəzər”in “Cehizsiz gəlinlər”i ata-anasını itirən, borc içində üzən və problemlərlə üzləşən evsiz 4 bacı və bir qardaşın faciəsindən bəhs edir. Fərqli xarakterə sahib gənclərin yoxsulluqla mübarizəsi, ailə problemləri, mübahisə və davaları artıq evdar xanımların sevimlisinə çevirilə bilib. Layihənin çəkilişərinin bir qismi Azərbaycan Rəssamlıq Akademiyasında baş tutur. 

Qafqazinfo”nun əməkdaşları da serial qəhrəmanları ilə yaxından tanış olmaq, “Cehizsiz gəlinlər”də əslində nələrin baş verdiyini görmək üçün çəkiliş meydançasına baş çəkiblər.

Ekran işinin əsas qəhrəmanlarından biri ayağını yorğanına görə uzatmayan, imkanlı və qlamur həyat tərzi yaşamaq istəyən, atasının üzünə ağ olan və yoxsulluğu ilə barışmayan Hicran obrazıdır.

Həmin obrazı gənc aktrisa Cəmilə Tağızadə canlandırır. Aktrisa Hicran obrazını küsülü olduğu rəfiqəsinə bənzətdiyini bildirib:

“Serialdakı obrazımın xarakteri həyatda rəfiqəm var, onunla eynilik təşkil edir. İndi həmin qızla küsülüyük, danışmırıq. Həmin xanım evdə başqa, bayırda isə tamam başqadır. Mənafeyini güdən, hər zaman öz yaxşılığını istəyən, “can-can” deyərək işini həll elətdirən bir qız tipidir. Xain deyil, heç kəsə pislik etmir, ancaq özünü düşünür, eqosu yüksəkdir. Elə bir eqosu var ki, elə bil varlı ailədə doğulub. Lüks həyat axtarır. Ona bəraət qazandırıram. O, kasıbçılığı ilə razılaşmır, varlanmaq istəyir. Varlanmaqdan ötrü hər yola əl atır”.

4 bacının bir qardaşı, “Cehizsz gəlinlər”də Elşən obrazını canlandıran Tural Ələkbərov deyib ki, serialdan sonra dostlarının ona qarşı fikirləri dəyişib:

“Elşən 4 bacının bir qardaşıdır. O, ailənin bir az qayğısına qalmağa çalışır. Bacılarının xarakterləri də fərqlidir. Onun reakisyaları daxiləndir, hər şeyi içində çəkir. 4 bacının qardaşı necə olmalıdır? Kənarda yumşaq xarakterli biridir. Ancaq sərtliyi var, döyülsə də sözünü deyən obrazdır. Mənim heç xarakterimə uyğun obraz deyil. Bu roldan sonra ətrafımdakı insanların mənə qarşı fikirləri dəyişdi.

Başqa cür mənimlə rəftar etməyə başladılar. Serialdakı bir səhnə var idi. Ekranda mübahisə zamanı “özün yoxsansa, get, bacıların gəlsin” deyilir, daha sonra döyülürəm. Bundan sonra mənə qəribə baxırlar. Mentalitet, oğlanlıq söhbətini gündəmə gətirirlər. Deyirlər ki, səni söyürlər, heç nə demirsən (gülür). Serialda bacım obrazını canlandıran Cəmilədən əvvəl xoşum gəlmirdi, zəhləm gedirdi. Özünə də demişəm, indi serialda bacı-qardaş olsaq da, xarakterinə görə onunla əksəm, sözümüz çəp gəlir”.

Serialda bütün ailənin problemini çiyinlərinə götürən, hətta öz sevgisini arxa plana atan Qəmər obrazını aktrisa Günay Əhməd canlandırır:

“Serialda Qəmər müsbət qəhrəmandır, ancaq mən real həyat da müsbət qəhrəman deyiləm. Tam olaraq deməzdim. Serialdakı qəhrəmanların vəziyyəti çox acınacaqlıdır. “Cehizsiz gəlinlər”də baş verən hadisələri nə vaxtsa, həyatımda da yaşamışam. Hətta, dialoqlarda belə oxşar məqamlar var. Hələ o bölümlər efirdə yayımlanmayıb. Düşünürəm ki, necə ola bilər? Söhbətlərin bəziləri həyatımda baş verib. Sizə bir söz deyim ki, dünyaca məşhur bir aktyor var. Onunla bir layihədə iştirak etməyincə bu sənətdən əl çəkməyəcəm. Onunla görüşəndə serialda olduğu kimi qapalı olacam, sevgimi etiraf edə bilməyəcəm. Bunu əminliklə deyirəm”.

“Öz rolunuzun aqibəti barədə nə düşünürsüz?”- sualına isə Günay belə cavab verdi:

“Düşünürəm ki, Qəmər ailəni bir araya toplayacaq. Köməkçi obrazlarda var. Bəzi məqamlarda çox yumşaq, namus məsələsində çox sərtdir. Hətta ekran işində bir səhnə var idi. Oğlan əlini tutduğuna görə, səsini başına atdı. Yəni ki, belə məqamlarda çox sərt olur. Məncə obrazım sevgisi ilə öz ailəsini bir arada saxlayacaq. İnsan xoşbəxt olmasa başqasına xoşbəxtlik bəxş edə bilməz. Mənə elə gəlir ki, Günay olaraq deyirəm, mən xoşbəxt olmasam ailəmi necə xoşbəxt edə bilərəm?”

Xarici görünüşcə oğlan sərtliyi, daxilən isə xanım zərifliyini özündə daşıyan, serialın Zülfiyyəsi ilə söhbətimizi davam etdiririk.

Obrazı Rus Dram Teatrının aktrisası Rumiyyə Ağayeva canlandırır.

R. Ağayeva obrazının çox davakar olduğunu söyləyib:

“Serialda özünü oğlan kimi aparan Zülfiyyə obrazını canlandırıram. “Cehizsiz gəlinlər”ə çəkiləndə çox qorxurdum, insanların reaksiyaları mənə maraqlı idi. Daxilən incə bir obrazdır, sadəcə olaraq ailəsinə görə özündə məsuliyyət hiss edir. Ancaq davakar bir obrazdır. Elə hey dava edirəm. Əslində xarakterimə uyğun bir obrazdır. Ancaq serialda şişirdilib. İnanıram ki, obraz dəyişəcək, xanım olaraq, hərəkətləriylə, addımlarıyla yoluna belə davam edəcək”.

Nəhayət ki, qızğın çəkiliş prosesindən sonra ekran işinin quruluşçu rejissoru Rüfət Şahbazovla bizimlə söhbət etməyə vaxt tapdı.

Gənc rejissor bizə “Cehizsiz gəlinlər”in necə ərsəyə gəlməsi barədə məlumat verdi:

“Azərbaycanda yeganə ssenaristlər qrupu var. Baş ssenarist Valeh Əhmədovdur. Onlar “Bir ailəm var” serialından sonra bu layihə üzərində çalışmağa başladılar. Adını baş ssenarist təklif etdi. Əvvəllər elə bilirdilər ki, serial komediya janrındadır. Daha sonra dram, 3-cü bölümdən sonra isə ağır dram olduğunun şahidi oldular. Tamaşaçılarımızın əksəriyyəti evdar xanımlardır. Serial efirdə yayımlandıqdan sonra onların gözünü yaşarda bilmişiksə, deməli, uğurlu alınıb.

Kim kövrəlirsə, ürəyi yumşalırsa, onların qəlbində şüuraltı mərhəmət yaranır. Mən sevirəm ki, insanlar seriallar vasitəsiylə başqalarının halına acısın. Daha sonra Xəzər TV-nin rəhbərliyi maliyyə ayırdı, daha sonra ekran işini çəkməyə başladıq. Çox müzakirələr etdik, komanda şəklində çox aktyor-aktrisalarla görüşdük. Nəticədə hazır ki, qrup yarandı. Hər obraz üçün 3-4 nəfər çağırmışdıq”.

R. Şahbazov bildirib ki, ekran işində yalnız aktyor-aktrisalara müraciət edib:

“Başqalarından fərqli olaraq ancaq aktyorlara müraciət etdik. Kastinq elan edib milləti bir araya yığmadıq. Əsas məqsəd ailədə ansamblı yığmaq idi. Mənə güclü aktyor lazım deyildi, komandanı tamamlayan simalar lazım idi. Təsəvvür edin ki, bir orkestr var. Skripkaçı dünya şöhrətlidi və digər orkestr üzvlərində seçilir. Mənə belə şey lazım deyil. Ən sonda Zülfiyyə obrazını tapdıq. Çox çətin bir obrazdır. İnanıram ki, Azərbaycan film aləmində belə tipli xarakter olmayıb. Kişi xarakterinə sahibdir, ancaq daxili xanımdır.

Rumiyyəni tapdıq. Onu neçə ildir ki, tanıyıram. Atası rejissordur, Namiq Ağayevdir. Azərbaycanda pis aktyor yoxdur, sadəcə onları düzgün yönləndirən azdır. Mən demirəm ki, inkişaf etmişəm və s. Təkəbbürlü görünmək istəmirəm, məndən böyük insanlar var. Sadəcə olaraq obrazları düzgün seçdik. Gələcəkdə əməkdar artist Xalidə Quliyeva da bizim komandanın üzvü olacaq. Əslində layihənin aktyor-aktrisaya görə sevilməsinin əleyhinəyəm”.

“Cehizsiz gəlinlər”in komanda rəhbəri deyir ki, Azərbaycanda serialı gənclər çəkməlidir:

“Bizim çəkiliş komandasına öz ailəm kimi baxıram. Əvvəl “Bir ailəm var” serialı günlük idi, geücə-gündüz çalışırdıq. Bəlkə də, başqasını çağırsaydıq, gəlib burada 5 dəqiqə oturmazdı. Deyərdi ki, çay-kofem vaxtında gəlsin, filan vaxtı evə getməliyəm və s. Məncə, Azərbaycanda serialı gənclər çəkməlidir. Kinonu qoy, böyük rejissorlarımız çəksin. Gündəlik enerjilərinə görə, gənc rejissor çəkməlidir. Serialın sonunu heç mən dəqiq bilmirəm. Ssenaristlər yazır, yəqin ki, serialın sonunda 3 bacı ərə gedəcək. Ancaq kasıb ailə olduğu üçün cehizsiz oğlan evinə köçəcəklər. Onların ən böyük cehizləri ata-ana idi. Onlar da artıq bu həyatda yoxdular. Ata-anasız toyları olacaq”.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov