“Formula 1”in ilk rəsmi elçiləri

formula-1in-ilk-resmi-elcileri
Oxunma sayı: 3815

Bakı Şəhər Halqası (Baku City Circuit) Əməliyyat Şirkəti Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Avropa Qran Prisinin rəsmi elçilərinin adlarını ictimaiyyətə açıqlayıb.

“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, rəsmi elçilər Bakı Şəhər Halqası tərəfindən Bakıda keçiriləcək Avropa Qran Prisi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edəcək. Bu yarışla bağlı aparılan kampaniyalara dəstək verəcək və şəxsi sosial media kanalları vasitəsilə öz pərəstişkarları ilə yanaşı, ümumilikdə ictimaiyyət arasında Avropa Qran Prisini təbliğ edəcəklər.

Elçilərdən 3-nün adına aydınlıq gəlib. Onlardan biri respublikanın əməkdar artisti Tünzalə Ağayevadır. O, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarında könüllülər komandasının elçisi olmuşdu və indi də bu ənənəni Avropa Qran Prisində davam etdirəcək.

Digər elçi isə Rəhim Əliyevdir. Avtoidman sevərlər onu daha çox Formula1 şərhçisi kimi tanıyırlar. 2010-cu ildən etibarən Formula1-in Azərbaycanda rəsmi yayım hüququnun sahibi İdman-Azərbaycan kanalı vasitəsi ilə bu idmanı ictimaiyyətə çatdırır. 2005-ci ildə ölkədə Formula1-i işıqlandıran yeganə internet resursunu – F-1.az saytını təsis edib və hazırda da saytın sahibi və baş redaktorudur.

Adı açıqlanan 3-cü elçi isə Gülhüseyn Abdullayevdir. Gülhüseyn karyerasına 8 yaşında kartinqlə başlayıb. Daha sonra dəfələrlə Türkiyədə yarışlara qoşulub və yüksək yerlər tutub. Tutduğu bu yerlərə görə beynəlxalq kartinq yarışlarına qoşulmağa haqq qazanıb və uğurla çıxış edib.