Florada İlhamələşmə gedir… - Elvin Elxan

florada-ilhamelesme-gedir
Oxunma sayı: 11013

Elvin Elxan

İllərdir ki, İlhamə-Flora dueli bizi lap təngə gətirmişdi. Əlbəttə, bu əqidə və söz davasında əksəriyyət Flora Kərimovanın tərəfində idi. Çünki qarşı tərəf öz sambalını itirmiş, atmacaları və əməlləri sənətini, səsini kölgəyə salmışdı. Dövran dəyişdi, bu döyüş İlhamə Quliyevanın ölümü ilə başa çatdı. Flora Kərimova gənc nəslin nümayəndələrinə söz ata bilərdi, hətta onları tənqid də edə bilərdi.

Ancaq xalq artistinin profili dəyişdi, illərdir içində saxladığı kin dolub-daşdı, zamansız partlayışı baş tutdu. Onun bu dəfəki hədəfi Zeynəb Xanlarova oldu. Maraqlıdır ki, həmişə qalmaqallarda haqlı tərəf kimi görünən Flora Kərimova hazırda ən çox tənqid olunan sənətçidir. Niyə? Çünki o 7 dəfə dünyanı dövr edən Xanlarovaya palçığa bulaşmış əllərini sürtməyə başladı.

Siz axı müstəqil Azərbaycanın ilk xalq artistisiz. Hər gün mahnılarınız qulaqlarımıza, simanız gözümüzün qarşısına gəlir. Amma…

Zeynəb xanım bu səhnədə yenilikçi oldu, çeviriliş etməyi bacardı. Qadınların bir yerdə dayandığı, öz hüquqlarına bələd olmadığı bir dövrdə Xanlarova səhnəyə sərbəstlik, rəngli geyimlər gətirdi, kütlə müğənnisi olmağı bacardı. Vaxtında sənətdən uzaqlaşmağı, öz statusunu qorumağı, loru dildə desək samballı müğənni olmağı bacardı, canlı korifey statusunu qazana bildi. Sizi qınamıram, zamana qarşı gedənlər, bütün yenilikçilər daş-qalaq edilir. Amma siz? Sizin kimi sənətkarın 50 il sonra kiməsə daş atmağı nə dərəcədə doğrudur? Bağışlayın, bəlkə də, siz yenilikçi ola bilmədiz.

Sizi linç edənlərin siyahısına düşmək istəmirəm. Sizin ittihamlarınızın əsassız olduğunu da demirəm, hər kəs nəyin doğru, nəyin isə yanlış olduğunu anlaya bilir. Amma vaxtı keçmiş atmacalar sizə yaraşmır.

Düzdü, Xanlarovanı da həddindən artıq çox şişirtmişik, nə onun mükəmməl səsi, nə də “play list”imdə mahnısı var. Pafoslu ləqəblər qoşuruq, “dünya şöhrətli” deyib dünyada tanınan məşhur aclığımızı belə doyuzdururuq. Hətta, Zeynəb xanıma sonuncu dəfə nə vaxt qulaq asdığımı belə unutmuşam. Bu mövzuda dürüst olmağa çalışıram. Sizin səsiniz isə qulağımda eşidilir. Bəlkə də, sizi tənqid edənlərin sayı bu qalmaqaldan sonra daha da artacaq. Ancaq unutmayın, SSRİ xalq artistinin təbliğatı böyükdür. Siz isə yəqin ki, təbliğatı güclü olan hegemonun qurbanı olmaq istəməzsiz.

İlhaməsiz çox darıxırsız, tənhasız…

O qədər darıxmısız ki, kimə nə söz atacağınızı belə unutmusuz. Şou arenasında əslində rinqə tək çıxmısız. Sağ tərəfdə siz durmusuz, sol tərəfdə isə heç kəs yoxdur. Elə bilirsiz qarşı tərəfdə kimsə var. Sadəcə o arada gəlir, özünü göstərir, sizi coşdurur. Siz isə özünüzü yumruqlamağa başlayırsız, ruhunuzu zədələyirsiz. Elə bilirsiz ki, zərbələr ona tuş gəlir. Halbuki, həmin zərbələrə tuş gələn elə sizin özünüz olursuz. İzləyicilərin bir neçəsi alqışla sizə ruh versə də, tükənirsiz. İllərin kinini həzm edə bilmirsiz. Niyə axı? Vaxtı ilə içinizdəki zəhəri Xanlarovaya axıtsaydız, bəlkə də, çirkin qalmaqal belə bayağı şouya çevirilməyəcəkdi, şou rinqində tək qalmayacaqdız. Nə oldu? Ona cavab illər sonra yada düşdü?

Qorxuram. Sizin gözdən düşməyinizdən qorxuram. İlhamə Quliyevanın yolundan getməyinizdən qorxuram. Xanım Quliyevanın sonunu gördünüz. Siz nəticə çıxarmaq barədə düşünmürsüz? Axı özünüz deyirdiz ki, İlhamə bu “hörmət”ə layiq idi. Bəs siz buna layiqsinizmi? Hərdən düşünürəm, dilinizə qıfıl vurulsa necə də gözəl olardı. Yox, bunu, əlbəttə, sizin yaxşılığınız üçün deyirəm. Demək istəyirəm ki, artıq danışmayasız. Bizim tanıdığımız hörmətli Flora kimi bu dünyadan köçəsiz.

Sonda sizdən bir xahişim var. Xanım Kərimova, çalışın öz qatarınızdakı yeri saxlayın. Kimin hansı dayanacaqda düşəcəyi isə özünün getdiyi məkandan asılıdır...