Elza Seyidcahan cəzalanmasından danışdı

elza-seyidcahan-cezalanmasindan-danisdi
Oxunma sayı: 2897

"Nəhəng bir layihə ilə əlaqədar Bəstəkarlar İttifaqının rəhbərliyiylə birgə Ankarada olduq. Çox heyfsilənirəm ki, bəziləri bunu "Ankara sərgüzəşti" adlandıraraq şouya çevirdilər. Necə ki, dağ boyda sənətimin fəlsəfəsinə varmağa cəsarətləri çatmadığı üçün gündəm, şou, ucuz reytinq adlandırırlar".

“Qafqazinfo” xəbər verir ki, bunu Gecce.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan bildirib. Elza Seyidcahan bəzilərinin siyasəti də şouya çevirdiyini deyib: "Demokratik ölkəm olan müstəqil Azərbaycanımızda şərəfli bir addım atdım. Millət vəkilliyinə namizədliyimi irəli sürdüm və bir daha fəxr etdim ki, nə yaxşı Odlar Yurdu Azərbaycandanam. Özümə qarşı dövlətimizin, xalqımızın, Yeni Azərbaycan Partiyasının, MSK-nın möcüzanə mərhəmətini görəndə dəfələrlə kövrəldim. Nəyə görə axı siyasəti şouya çevirirsiniz? Məgər "Vətənimə, xalqıma, dövlətimə, partiyama xidmət edirəm" deyənləri cəzalandırırlar? Əgər bəziləri reklam olmaq istəyirlərsə. istəsinlər, ancaq siyasətimizi şoulaşdırmayın. Sizə tövsiyə edirəm ki, gəlin mənimlə bir duet oxuyun, əlinizi qoyun qulağınızın dibinə, ömrünüzün axırına kimi gündəmdə qalın, hətta tarixə düşün. Görün məni necə özümdən çıxardıblar ki, bu sözləri işlədirəm".

Elza Seyidcahan söyləyib ki, növbəti seçkilərdə YAP-ın dəstəyi ilə növbəti dəfə namizədliyini irəli sürəcək: "Elza alnı ağ, üzü ağ bu şərəfli işini də həyata keçirdi. Və həyatına, sənətinə davam edir. Elza ulu öndərimizin, möhtərəm prezidentimizin, möhtərəm Mehriban xanımın müstəqil Azərbaycanımızın gələcəyi üçün etdiklərindən ilhamlanıb bu yola ürək edib gəldi. Növbəti seçkilərdə inşallah YAP-ın dəstəyi və rizası ilə yenə namizədliyini irəli sürəcək. YAP-da ağıllı övladları cəzalandırmırlar. Ağı qaradan, pisi yaxşıdan ayırırlar. Çünki ulu öndər Heydər Əliyevin yoludur yolumuz".

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev dünən mətbuata verdiyi açıqlamada bildirmişdi ki, Elza Seyidcahan YAP-ın Nərimanov rayonunda qeydiyyatdadır və həmin rayon təşkilatında Elza xanımın iştirakı ilə fərdi qaydada söhbət aparılıb: "Elza xanım haqqında da cəza növü tətbiq edilib. Bu, partiya sıralarından qovulma deyil. Digər cəza növü tətbiq olunub”.