“Deyirlər ki, səviyyəlidir...” - “Babam ve Oğlum”un prodüseri Bakıda

deyirler-ki-seviyyelidir
Oxunma sayı: 3246

Türkiyənin məşhur “Babam ve Oğlum” filminin prodüseri, “Avşar film” şirkətinin rəhbəri Şükrü Avşar Bakıdadır.

O, bu gün məşhur aktrisa Türkan Şoray və fransız aktyor Robert Hosseinlə birlikdə Xəzər Universitetindəki görüşdə iştirak edib.

Tanınmış prodüser tədbirdən sonra “Qafqazinfo”nun suallarını cavablandırıb.

Ş.Avşar əvvəlcə film şirkətinin yaranması barədə məlumat verib:

“Şirkətin bünovrəsi 1984-cü ildə qurulub. Əvvəlcə kino mərkəzləri yaratdıq. Zaman keçdikcə mərkəzlərimizin sayı artmağa başladı. Nəticədə 200-dək kino salonlarımız fəaliyyət göstərdi. Düşündük ki, xarici ekran işlərini yayımlayırıq, niyə də öz filmlərimizi yaratmayaq? Nəticədə film və serial çəkməyə başladıq”.

Prodüser “Babam ve oğul” filminin ərsəyə gəlməsi barədə danışıb:

“Film 2005-ci ildə çəkilib. Əsas mövzu 12 sentyabr hadisələri ilə bağlıdır. Əlbəttə, filmlərin əksəriyyəti real mövzular üzərində qurulur. Bizdə də eyni vəziyyət yarandı. Artıq Türkiyədə film sektoru inkişaf etməyə başlayıb. Həmin kino isə çox baxılan nadir kinolardandır”.

O, azərbaycanlı sənətçilərlə əməkdaşlıq edəcəyini söyləyib:

“Bizim kimi prodüserlər çoxlu ölkələr gəzir. Vəziyyətlə tanış oluruq, yeni istedadlar axtarışında oluruq. Bəyəndiyimiz halda əlaqə yaratmağa çalışarıq. Bütün dünyada belədir. Azərbaycanda bizə uyğun olan sənətçiləri filmlərimizə cəlb edəcəyik”.

Avşar qeyd edib ki, “İkinci şans” filminin qala gecəsi üçün gələn həftə Bakıya gələcək:

“Gələn həftə Bakıya yenidən gələcəm. Səbəb isə bəllidir. Azərbaycanda şirkətimizin məhsulu olan “İkinci şans” filminin təqdimatı olacaq. Nurgül Yeşilçayla Özcan Deniz baş rolları oynayır. Filmin İstanbulda qalası keçirildi. Çox bəyənildi, hamı sevdi. Deyirlər ki, səviyyəli bir filmdir.

İnsanların reaksiyalarını görürəm, sevindirici haldır ki, hamı bəyənir. İzləyicilər keçmiş türk filmlərinin dadını alıb. Bundan əlavə yeni layihələr üzərində çalışırıq. İnanıram ki, film sektoruna böyük tövhələr veririk. Bu il daha çox filmlər çəkməyə üstünlük verdik. Növbəti dəfə seriallar çəkməyə başladıq”.

Prodüser ötən il ən çox vergi verən prodüserlər siyahısında birinci olmağı barədə açıqlama verib:

“Bəli, həm millətə, həm də kino aləminə xeyir veririk. Öhdəliyimizə düşən işi görürük, vergimizi də veririk”.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov