“Deyirlər ki, alçağın biridir...” - Mikayıl

deyirler-ki-alcagin-biridir
Oxunma sayı: 12874

Teleaparıcı Mikayıl Güləddinoğlunun “Qafqazinfo”ya müsahibəsi


- Altı həftədir ki, yeni layihə ilə tamaşaçı qarşısına çıxırsız. “Sevimli mahnı”nın “Sevimli şou”dan fərqi nədir?

- Hər kəsin bir sevimli mahnısı, daha doğrusu, mahnıları var. Bu verilişdə zövqlərin müxtəlifliyini göstərmək istədim. Heç bir zövq üst-üstə düşə bilməz. Hamı Mikayılı sevə bilməz. Eyni zamanda hamı muğamı, estradanı sevə bilməz, məcbur da deyil. Baxın, mən bunu göstərməyə çalışdım. Elə insanlar da var ki, bəzi mahnılara bayağı deyir, ağız büzür. Məsələn, “Əmi qızı” mahnısını götürək. Təbii ki, mahnıda sıradan sözlər var. Amma böyük bir kütlə bu mahnını toylarda oynayır. Sevəndə var, sevməyən də… Tamaşaçıların əksəriyyəti efirə zəng vurur. Deyir ki, qardaş, mən efirdə Nazənini görmək istəyirəm, ondan xoşum gəlir. Digəri isə Kamilə Nəbiyevanı sevdiyini söyləyir. Mən iki nəfər xalq və muğam üslubunda oxuyanı, digər iki nəfəri isə toylarda ifa edən müğənniləri verilişimə qonaq dəvət edirəm. Sonuncu verilişimdə Nazənin qonaq idi, onunla birgə muğam müsabiqəsinin iştirakçılarından biri olan Nigar Şabanovanı da dəvət etmişdim. Tamam fərqli ifaçılardır.

- MTRŞ-nin qərarı ilə “Sevimli şou”da dəyişiklik oldu, siz verilişdən getdiz. Sizi aktyor Ramil Əliyev əvəz etdi. Amma verilişə tələbat azaldı… Uğursuzluğun səbəbi nə idi?

- Tamaşaçı ilk gündən verilişdə məni görmüşdü, göz öyrəşmişdi. Ramil Əliyevin KVN-də etdiklərini mən edə bilmərəm. Mənim publikamla Ramilin publikası başqadır, daha fərqlidir. Sizə loru lildə başa salım. Mənim tamaşaçılarım var ki, mənimlə ünsiyyətləri fərqlidir. “Ayə Mikayıl, burya gəl əəə…”,- deyib belimdən şapalaq vururlar. Bunu Ramilə etsələr, o çaşıb qalar. Fikirləşər ki, bu nə deməkdi? Hər kəsin bir yolu var. İnanmıram ki, veriliş Ramilə görə uğursuz oldu. Sadəcə olaraq tamaşaçı mənə öyrəşmişdi. Mən indiyənə kimi heç bir el şənliyində oynamamışam. Nə qohum, nə də əqrəba məclisində. Ancaq verilişdə tamaşaçı tələbatına uyğun olaraq oynayırdım, studiyada əyləşənləri rəqsə dəvət edirdim. Bu şou idi. İbrahim Tatlısəs kimi müğənni necə olur ki, səhnədə oynayır, oynayandan sonra pencəyini tamaşaçıya atır. Bunu Mikayıl etsəydi, onu asardılar. Hamı deyəcəkdi ki, Mikayıl pencəyi atdı və s. Tamaşaçı bunu tələb edir. “Sevimli şou” şou verilişi idi. Şou verilişində oxuyarlar, musiqiçilərin yanında “hay” qatmaq, oynamaq da olar. Mənim xarakterim belədir. Necə şou verilişində ciddi olmaq olar? Vəssalam, belə olsa “pultu” götürüb kanalı çevirəcəklər. Bir də var ki, “gəldim eeee”,-deyib verilişi hay-küylə başlamaq. Əlbəttə ki, ikinci variantı daha çox sevəcəklər. Reallıq budu, buna tələbat var. Mənə bir şey marqlıdır ki, neçə illərdir veriliş aparıram. Şəhərdə, küçədə mənə yaxınlaşırlar, şəkil çəkdirirlər, amma mənfi fikir söyləmirlər.

Özümü heykəlləşdirmirəm, sadəcə olaraq demək istəyirəm ki, insanlar mənə sevgisini deyir. Bəs sosial şəbəkələrdə mənfi rəyi yazanlar kimdi? Biri çıxıb qarşıma demir ki, Ay Mikayıl, qardaş, filan şeyi səhv edirsən. Mən də bir qardaş kimi onların tənqidlərindən nəticə çıxararam. Mənim də dostlarım var. Onlar da mənə deyirlər ki, Mikayıl, efirdən belə sözlər demə. Mən də baş üstə deyib, nəticə çıxarıram. Verilişdə ilk vaxtlar bəstəkar mahnılarından bəhs edirdik. Orada mən oynayan görmüsüz? Təbii ki, Ələkbər Tağıyev yaradıcılığından danışsaq, mənim durub oynamağım anormallıqdır, sünilikdir, saxtalıqdır. Niyə özümüzdə olanları qəbul etmək istəmirik. Şouda oynayarlar da… Türkiyədə baxırıq, onların səmimi olduğunu söyləyirlər. Heç bilirsiz Mikayıl maşında kimləri dinləyir?

-Kimləri dinləyir?

-Mən Ennio Morricone, Samir Cəfərov kimi müğənniləri dinləyirəm. Musiqi təhsilim var, tar ixtisası üzrə təhsil almışam. “Qönçə” festivalının laureatlarından biriyəm. İndi böyük tələbat haradırsa, ona görə işləməliyik. Mən şouda Christopher Barzakdan danışsam qəbul etməzlər. Mən onu anlaya bilmirəm… Şou verilişində nə etməliyik? Şou verilişində şou göstərməliyik. Şouda nədən danışmalıyıq?

- “Gəldim ey…” brendləşib. Hər kəs bu cümlədən danışır. Bu şüar düşünülüb hazırlanmışdı?

- İndi iki qızım var. Mən onlar üçün xüsusi şeylər fikirləşirəm. Həmişə də fikirləşmişəm. Bu sözü verilişə görə hazırlamamışam. Verilişdən qabaq istifadə edirdim. Evə iməkləyə-iməkləyə girirdim, balalarıma maraqlı olsun deyə bu addımı atırdım. “Gəldim eee…” deyirdim, onlar isə sevinirdi. Bu sözlərdən verilişdə də istifadə etdim, camaat tərəfindən qəbul olundu. Sizi inandırım ki, məni el şənliklərinə dəvət edəndə deyirlər ki, heç kəsə görünmə, birdən “Gəldim eee gəldim…” deyib məclisə daxil ol. Misal çəkim ki, ayda bir 10 toya gedirəmsə, hər toyda 400-500 nəfər qonaq olur. Onların sevgisini görürəm. Həmin şəxslər azərbaycanlı deyil? Niyə reallıqları qəbul etmirlər? Onları paxıl olmağa nə məcbur edir? Qəribəsi odur ki, sosial şəbəkədə rəy yazanlar qərəzlidir. Məndən yaxşı yazan jurnalistləri söyürlər, pis yazanlara isə dəstək olurlar, onları müdafiə edirlər. Mənim tamaşaçılarım məni mənim kimi qəbul edirlər.

- Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bir neçə gün əvvəl sizin haqqınızda yenidən açıqlama verib. Bildirilib ki, yeni verilişinizdə “Sevimli şou”dakı xarakterinizə meyillənmə hiss olunur…

- MTRŞ-nin işi budur, baxmalıdır, rəy bildirməlidir. Biz də onların rəylərinə əsasən, verilişdə düzəliş etməliyik. Hərhalda məsləhət belədirsə, bunlara əməl etməliyik. Onların işidir, mənim də işim budur. Onlar yol göstərməli, biz də bu yoldan getməliyik. Düzdür, bundan da çal-çağırı çox olan verilişlər var. Bilmirəm, yəqin ki, məsləhət belədir…

- Qeyd etdiniz ki, toylarda heç vaxt rəqs etmirəm. Səbəbi nədir? Rəqs etməyə kompleksiniz var?

- Qətiyyən kompleksim yoxdu. Toylarda aparıcı olan zaman, elə verilişdə də rəqs edirəm. Ailə daxilində qol qaldırıb oynamağı sevmirəm. Ümumiyyətlə, kompleksim yoxdur. Məktəbdə o vaxtlar aparıcılıq edirdim. Uşaqlar sual verirdilər ki, aparıcılıq edəndə utanmırsan? Mən də “yox” cavabı verirdim. Bu, məncə, xarakterdən irəli gəlir. Sizə bir söz də deyim ki, institut illərində özümü bədii ədəbiyyata daha çox bağlamışdım. Mütaliə etməyi çox sevirəm, amma vaxtım olmur. Əslində vaxtım olur, həmin vaxtı ailəmə həsr edirəm. Evdə sakit dayanıram, bu zaman kitab oxuya bilərəm. Ancaq “durun gedək, ata sizə hər şey alacaq”-deyib gəzməyə gedirik. Böyük qızımın 5, ikinci qızımın isə 3 yaşı var. Allah hamının balasını saxlasın. Zamanımı onlara ayırıram. Bundan gözəl məşğuliyyət var? Çalışram ki, hamıyla can deyib, can eşidim. Zaman qısadı, günlərini yaxşı keçirmək lazımdı.

- Aparıcılıq etdiyiniz verilişdə studiyada oturan tamaşaçılar da diqqət mərkəzində olurlar. Kimisi oxuyur, kimisi isə durub rəqs edir…

-O insanların özləri studiyaya gəlirlər. Mən etiraf edirəm ki, “Sevimli şou”ya gələn kütlə indiki verilişə gəlmir. Ən axırıncı “Sevimli şou”da efirə çıxdığım vaxtlarda 500-600 nəfər studiyada tamaşaçım olub. Millət gəlirdi, indi həmin adamlar yoxdu. Bunun səbəbi isə sadədir. “Sevimli mahnı”da Mikayıl həmin Mikayıl deyil, veriliş ağıryana gedir. İndiki verilişdə bəstəkarlardan filan məlumat verirəm. Tamaşaçılar birinci efir gəldilər, ikinci efir günü isə gəlmək istəmədilər. Onlar çal-çağır görmək istəyirdilər. Mən ötən efir tamaşaçıları studiyada güclə saxlamışam. Onlara efirdə işarə edirdim ki, oynamayın, irad bildirəcəklər. Amma tamaşaçılar yerində dingildəyir. Əslində yazıq oynamaq istəyir də, kimə nə edir ki? Qoyun, rəqs etsin də…

-Tamaşaçıların rəqsinə qadağa qoyulub?

-Yox, çərçivə qoyulub. Ona görə ki, oynayanda feysbukda hamı paylaşır, tənqid edir.

- Cəbhə bölgələrində gərginlik zamanı sizin “Sevimli mahnı”da qol qaldırıb rəqs etməniz barədə xəbərlər yazıldı…

- Mən heç bir sosial şəbəkədə yoxam. 8-9 ay bundan əvvəl “Sevimli şou” rəqs edən fotomu indi paylaşıblar. Şəklin arxasında “Sevimli şou” yazılıb. Hamı feysbukda paylaşır ki, Mikayıl şəhid verdiyimiz gün efirdə oynayıb. Köhnə kadrları yenidən gündəmə gətirirlər. Verilişdə heç rəqs etməmişəm. Yutubdan baxa bilərlər, mən həmin günlərdə elə şeylər etməmişəm. Verilişdə Tacir Şahmaroğlu “Bayatı şiraz” oxuyub, Manaf Ağayev “Gəl ay vətən oğlu” mahnısını ifa edib. Verilişi “Qarabağ şikəstəsi” ilə bitirmişəm. Mən “Qarabağ şikəstəsi”ndə oynamışam? Düzgün deyil, vaxtında oynamışam, o şəkli də yenidən paylaşırlar. Şərhlərdə də nələr yazırlar… Ən azı şəklə baxmaq lazımdır ki, Mikayıl həmin verilişdə sarı pencək geyinmişdi? Bir araşdırın da…Mənə elə gəlir ki, nə vaxtsa, dinc olacam. Məndən dinc adam yoxdur…

- İnsanlar arasında qıcıq yaradan bir aparıcı olduğunuzu deyirlər. Bunun səbəbi nədir?

- Bircə, sosial şəbəkələrdə mənfi rəy yazırlar. Onlar xüsusi insanlardır. Məni tanımırlar, amma insanlar arasında rəy yaradırlar, şayiə yayırlar. Oxuyanlar da deyir ki, bu ən pis adamlardan biri imiş. İnsanların beynində rəy forlamaşdırırlar. Yazmağa nə var ki? Tənqid edən adam sözünü yazar, telefon nömrəsini qeyd edib bildirər ki, qardaş, səndən zəhləm gedir. Mən də zəng vurub deyərəm ki, sənə qurban olaram, məndən niyə zəhlən gedir? 3 il bundan əvvəl bir nəfər mənim ünvanıma sərt fikirlər yazmışdı, şəxsiyyətimə toxunmuşdu. Mən həmin insanı hüquq-mühafizə orqanları vasitəsiylə tapdım, feysbukda araşdırdım. Gördüm ki, həmin şəxsin ətrafı Sumqayıtda yaşayır. Düz evinə getdim, amma həmin şəxs evdə yox idi, dövlət qulluğundaydı. Atasının yanında ona zəng vurdum, dedim ki, məni tanıyısan?

Mənə niyə elə söz yazmısan? Atası da, özü də üzr istədi. Yazmağa nə var ki? Üzümə baxa-baxa mənlə kişiyana söhbət elə. Rəy yazan xanımlarla işim yoxdur, Allah canlarını sağ eləsin. Amma kişilər mənə çatmır, siz niyə yazırsız? Gəlin, üzümə deyin də. Əgər kimliyin varsa… Haqqımda haqsız yazılanlar məni əsəbiləşdirir. Çox görmüşəm ki, mənim haqqımda yazıblar. Deyirlər ki, siz onu tanımırsız, alçağın biridir. Mən kimə nə etmişəm? Biri də yazmışdı ki, onu tanıyıram, anası rəhmətə gedib, ona görə efirdən “Ana” şeirini səsləndirir. Anam sağ-salamatdı e… Belə şeylərə əsəbiləşirəm. Bilməyənlərin əllərinə fakt verirlər.

- Son zamanlar şou əhli cəbhədə baş verən gərginliyi şoulaşdırmağa başlayıblar… Kimisi konsert verir, kimisi isə sosial şəbəkələrdə həmin ərazilərdən çəkilən fotolarını paylaşırlar…

-Sosial şəbəkələr mənə çatmır. Ola bilsin ki, mən geri qalmışam. Bunlar mənə gülünc gəlir. Gedib nə etmisizsə, bunun mənə nə dəxli var? “Yemək yeyərkən”, “onlar xizək sürərkən…” şərhi ilə fotolar paylaşırlar. Nə olsun? Bizə bu lazımdı? Sənin dünən yemək yeməyindən mənə nə? Mən hərbi xidmətdə Füzulidə olmuşam. Düzdü, xidmət zamanı cəbhədə sakitlik idi. Ermənilərlə aramızda heç 1 km məsafə yox idi. İndi bunu əlimdə bayraq edim?

Başqa bir misal çəkim. Özüm Sibel Can, Mahsun Kırmızıgül, Beyazit Öztürk, Murad Bozla bir arada çox olmuşam. Mən 3 ay əvvəl Kanal D-də Beyazitin yanında olanda özümü reklam etməli idim? Məndə “Mikayıl Sibel Canla”, “Mikayıl Mahsunla…” şərhi ilə fotolar paylaşım? Sənə nə? Bu mənim öz işimdir. Mənə medal verəcəklər? Belə şey olar? Bəlkə də, keçmişin adamıyam, ona görə belədir. Mənim yaşıdlarım telefonlardan yapışır. Məndə isə belə deyil.

-Bir müddət əvvəl müsahibənizdə oxuduğunuz kitabların adlarını açıqlamışdız. Demişdiz ki, efirdə kitablardan danışsam mən ac qalaram. Publika Tellini efirdə görmək istəyir… Sizə yüksək qonorar verilsə, qiraət və yaxud şeir sənəti ilə bağlı veriliş aparardız?

- Mən özümü şouda görə bilirəm, daxili aləmimdə şou var. Sakit dayana bilmirəm. Ancaq tək olanda sakit qala bilirəm. Publika içinə çıxanda hər şey dəyişir, içimdən şou göstərmək gəlir. O kitabları özüm üçün oxumuşam. Öz işindən ləzzət ala-ala pul qazanmırsansa, get özünə başqa iş tap. Bəli, mən bu işdə özümü göstərə bilirəm.

- Evdə necə birisiz?

- Efirdə necəyəmsə, evdə də eləyəm. Gəlin, kənardan müşahidə edin. Evdə maşını saxlayıram, gizlin evə gəlirəm, içəri girib oynamağa başlayıram. Elə şeyləri xoşlayıram. Bundan başqa uşaqlar yatanda otaqlarında nəsə qururam, ayılanda fərqli bir şey görürlər. Özü də efirdə olduğu kimi bərkdən danışıram. Hərdən anam deyir ki, ay bala, bizim üçün danış, qonşular üçün yox (gülür). Səsim gurdu.

- Son zamanlar efirə çıxan yeni aparıcılar tamaşaçılar tərəfindən qəbul edilmir…

- Onlar da, guya, müasirlik gedir… Necə varsansa, elə olun da… Bərbərxanaya getmişəm. Həmkarlarımdan biri də orada idi. Ad çəkmək istəmirəm. Bərbəri boğaza yığdı, onu nəyi var incidirdi. Əlini uzadıb iki dəqiqədən bir telefonlarını dəyişdirir, prodüserini çağırırdı. Kimsən e sən? Səninlə bərbəri ayıran bir şey var. Allah sənə elə şans yaradıb ki, efirə çıxmısan, ulduz olmusan.

Buynuzun var? Deyir ki, mənim maskam bu cürdür. Nə maska? Gəlib bir nəfər desin ki, Mikayıl üzünə qrim vurub. Düzdü, zaman gələndə vuraram. Cavan oğlansan, nə oyun çıxarırsan? Daha sonra söyləyir ki, mənim mürəbbəmi gətir. Ora bankada mürəbbə gətirib. Aparıcının prodüseri olar? Düzdü, yanımda Elvin adlı oğlan var. Rayonlara onunla gedirəm. Yolda təkər partlayar, başqa hadisə baş verərsə, mənə həyan olsun.

- Rayon toylarına tez-tez gedirsiz… Toylara baha getdiyinizi söyləyirlər…

- Toylara aparıcı kimi gedirəm, şeirlər deyirəm. Mənə elə gəlir ki, bu işi bacarıram. Baxın, əgər məni bəyənməsələr, ikinci dəfə toylarına dəvət etməzlər. Mən özümü efirdə reklam etmirəm ki? Məni toyda görüb bəyənirlər, toydan toy tutmaq məsəlini bura aid etmək olar. Qaldı ki, toya baha getməyim düzgün söhbət deyil. İndiyənə kimi qiymət söhbəti eləməmişəm. Bərəkətə and olsun ki, kim nə verirsə, onunla qane oluram. Azından az, çoxundan çox. Vay o gündən ki, səni istəməsinlər. Onda sən batarsan… Deyirlər ki, 5 min manata toya gedirəm. Camaat 5 min manatı qazanmaq üçün 5 il işləyir. Sən nədən danışırsan? 100-200 manat versə belə şükür etməlisən. Mənə maksimum 1000 manat veriləndə özümü itirirəm, adam düşünür ki, sənə yaxşı hörmət ediblər. O gün bir müğənniyə zəng vurmuşam. Ay Allah, adam dəhşətə gəlir. Mənə deyir ki, bütov toya 15 min manata gələrəm. 15 min manat eee… 15 minə gedən müğənnilər var, öz çəkilərini qoruyub saxlayıblar, halalıdır. Ə, sən hansı gününə bu qədər pul istəyirsən? Biri də deyir ki, özümə qiymət qoyuram- 50 min manat… Ayə, sənin gör 5 manat qiymətin var? Yoxdu axı… İndi mən toya 3 min manata getdiyimi deyim.

İnanın ki, o zaman camaatın gözündə düşürsən. O gün musiqiçilərdən biri mənə irad bildirdi ki, sən Hacıqabulun filan kəndində də olmusan. Necə risk elədiyimi soruşurlar. Mən də dedim ki, niyə? Oradakılar başqa vətəndaşdı? Deyirlər ki, o ərazilər dava yaradan yerlərdi. Deməli, sən qorxursan, ünsiyyət yarada bilmirsən… İçki aləmidi, o qədər yaxınlaşan olub ki… O gün bir nəfər toyun axırına kimi məni qaralamışdı. Axıra qədər ona can dedim. Yaşlı anası mənə yaxınlaşıb dedi ki, Allah sənə necə səbir verib? Bu iş sənindirsə, belə şeyləri udmalısan. Özünə götürmüsənsə, get başqa sənət seç, bu işi davam eləmə… O ərazidə indoneziyalılar yaşayır? Hamısı azərbaycanlılardır.

- Heç öz verilişinizə qonaq çağırdığınız müğənnilərdən utanmısız?

-Hə, dəfələrlə belə olub. Elə olub ki, müğənninin səsi işləməyib. Yaxşı oxuyan müğənni gəlib pis ifa edib. Həmin müğənni oxuyana qədər ölüb ölümdən qayıtmışam. Hələ o gün toyda müğənni elə xaric oxudu ki, özüm ona kömək etməyə başladım. Səsim olmaya-olmaya onu vəziyyətdən çıxarmağa başladım. Onların yerinə xəcalət çəkirsən…

- 4 ildir ki, Space TV – nin əməkdaşısız. Başqa kanallardan sizə əməkdaşlıq bağlı hər hansı bir təklif gəlib?

- Belə bir şey olub. “Sevimli şou” bağlananda bir kanal mənə iş təklifi etdi. Bunu yüksək dəyərləndirdim, minnətdarlığımı bildirdim. “Space” mənə doğmadır, bura adət etmişəm. Rəhbərlikdən müsbət münasibət görmüşəm, can deyib, can eşidirəm. Mən harda olsam, özümü dolandırmaq üçün hər şey edəcəm. Bəlkə, sabah səsim tutuldu? Mən bəzi adamlar kimi, burnumu kəsdirsəm, qaşımı aldırsam, botoks vurdursam bədbəxt olacam. Səsim tutulsa, səhəri gedib daş daşıya bilməyəcəm. Ağzı qara fəhlələr məni qəbul etməyəcək. Atam da fəhlə olub. Silikonlu insan görəcəklər… İnsan özü kimi olmalıdır.

Elvin Elxan

Fotolar: Nuran