“Azərbaycanlılar niyə hər şeydən inciyir?” - Fotolar

-azerbaycanlilar-niye-her-seyden-inciyir
Oxunma sayı: 6856

“Maqazin Klubu” olaraq bu dəfə də gündəmdə olan mövzuları müzakirə etmək üçün bir araya gəldik. Mən – Pərviz Sadıqov, Zəhra Əhmədova və Elvin Elxan sosial şəbəkələrdə, eləcə də mediada müxtəlif tərzlərdə şərh edilən bir neçə məsələ haqda fikirlərimizi bildirmişik.

Pərviz:

- Bir müddət əvvəl müğənni Özcan Dəniz Azərbaycan sosial mediasında kəskin tənqid olunmağa başladı. Özcanı erməni mahnısı oxumaqda ittiham etdilər.

Zəhra:

- Bu məsələni illər sonra qabardanları peşəkar hesab etmirəm. Bir nəfərin “facebook”dakı paylaşımından sonra saytlar onu xəbərə çevirdi, amma heç kim araşdırmadı ki, bu hadisə 10 il əvvəl baş verib. Çünki Özcanı qınayanlar bu 10 il ərzində o, hər dəfə Bakıya gələndə müsahibə üçün, foto üçün yolunu gözləyiblər, qabağına qaçıb onunla şəkil də çəkdiriblər. Onun illər əvvəl erməni mahnısını oxuduğunu isə heç bilməyiblər. Özcanın səhvi o idi ki, mahnının musiqisinin Emin Sabitoğluna məxsus olduğunu deməmişdi.

Pərviz:

- Məsələnin maraqlı tərəfi ondadır ki, Özcan Dəniz instaqramda Azərbaycan xalqından üzr istəyərkən mahnının Emin Sabitoğluna məxsus olduğunu deməsəydi, çoxları bundan xəbər tutmayacaqdı. İttiham sadəcə ermənicə mahnı oxumaq olacaqdı. Öz mahnımızı tanımırıq, amma hər kəsdən haqq tələb edirik.

Elvin:

- Ümumiyyətlə, son zamanlar biz azərbaycanlılar ölkədə baş verənlərdən çox, ölkə xaricində baş verənlərə daha həssas reaksiya bildiririk. Qəribə kompleksimiz yaranıb. O dərəcəyə çatıb ki, azərbaycanlıların bu reaksiyaları ilə bağlı Özcan, Şahan Gökbahar açıqlama yayır. Onlar heç Türkiyədə onlara qarşı olan hər hansı etirazla bağlı belə açıqlama vermirlər. Bizi düşünərək, hörmət edərək diqqət göstərirlər. Özcan Dənizin Bakıda mayda daha bir film təqdimatının olacağı gözlənilirdi, danışıqlar aparılırdı. Lakin bu hadisələrdən sonra artıq tərəddüdlər yaranıb. İnsanların aqressiyası çox şeyə səbəb ola bilər.

Pərviz:

- Soso Pavliaşvili Azərbaycana gələ bildisə, Özcan Dənizin günahının böyük olduğunu zənn etmirəm. O da gələr...

Zəhra:

- Və onu tənqid edənlərin bəziləri yenə də Özcanla foto çəkdirmək üçün növbəyə durar. Həm də Özcan Dənizdən ermənicə oxumamağını tələb etmək də o qədər doğru deyil. Çünki o, Türkiyə vətəndaşıdır. Türkiyədə yaşayan ermənilərlə problemi yoxdur. Ona qalsa, Azərbaycanın xalq artistinin qızı erməni stilisti tərifləyəndə bu qədər tənqid olunmamışdı.

Pərviz:

- Özcan da məhz ermənicə oxuduğu üçün deyil, sadəcə Emin Sabitoğlunun adını çəkmədiyi üçün üzr istəmişdi. O, fikirlərində “musiqinin dili yoxdur” anlamlı mesaj verməyə çalışmışdı.

Elvin:

- Bir neçə il əvvəl BBC Ermənistandan sujet hazırlamışdı. İrəvan küçələrində insanlar Zeynəb Xanlarovanın mahnısını səsləndirirdi. Hətta bir qadın Üzeyir Mehdizadənin ifasına qulaq asırdı.

Pərviz:

- Digər məsələ isə “Recep İvedik 5” filminin yayımlanan treylerdə azərbaycanlı boksçuya zərbə endirilməsidir. Bu, filmdir. Üstəlik, komediya janrında çəkilib. Çox anormal vəziyyətdir. Şahan Gökbaharın qəhrəmanı “erməni” deyil, türkdür. Zarafatla çəkilmiş bir səhnə yersiz şişirdildi.

Elvin:

- Bizdə illərdir bu tendensiya davam edir. “Yahşi Cazibe” serialında azərbaycanlı obrazın sonda mənfi xarakterə çevrilməsi də bizimkiləri qəzəbləndirmişdi. Amma bizim filmlərdə də kazinolarda, barlarda Türkiyədən gələn qadın obrazı var. Bundan başqa “Təhminə” filmindəki yüngül həyat tərzi keçirən qadını türkiyəli aktrisa canlandırmışdı. Əgər bizim aktrisa orada belə rola çəkilsəydi, yenə də etiraz edərdik.

Pərviz:

- Yadıma düşən “Həm ziyarət, həm ticarət” filmində Rasim Balayevin canlandırdığı türk obraz da fırıldaqçı idi. Bütün bunlar normal haldır.

Zəhra:

- Klaviatura arxasında vətənpərvərlik etməyə çalışırlar. Birinci şərh necə yazılırsa, onun davamında hər kəs məsələnin nə olduğunu anlamadan dəstəkləməyə çalışır.

Elvin:

- O gün maqazin verilişlərindən birində “Recep İvedik 5”dəki səhnə müzakirə edilirdi. Orada Seren Serengil dedi ki, azərbaycanlılar niyə hər şeydən inciyirlər? O bildirdi ki, belə problemlər o zaman qabardılır ki, ölkələrin keçmişində problem olsun. Yunanıstanı misal çəkib dedi ki, onlarla belə bir şey olsa, diqqət çəkər, çünki onlarla tarixdə problemlər yaşamışıq. Azərbaycan və Türkiyə arasında isə elə bir problem yoxdur.

Pərviz:

- Məsələ hətta Türkiyə Böyük Millət Məclisində də müzakirə edildi. Artıq bütün bu etirazlardan sonra Şahan Gökbahar həmin epizodu filmdən çıxarıb. Bir dəfə açıqlama yaysa da, yenə də tənqidlər dayanmadığı üçün bu üsula əl atıb. Videomüraciətində də bildirir ki, “Bu, qardaşlığımın sübutu olsun”. Məncə, alqışlanası haldır. Dəfələrlə bizim yerli məşhurlar bəzi sözlərinə görə xalqın etirazına səbəb olublar. Amma çox nadir hallarda üzr istəyiblər, əksər hallarda “əcəb eləmişəm” deyiblər.

Son həftələrin əsas məsələlərindən biri də “O səs Türkiyə”dəki azərbaycanlı iştirakçıların yarışmanı tərk etdikdən sonra onlara qarşı qərəzli davrandıqlarını demələridir. Həmyerlilərimiz iddia edir ki, onları bilərəkdən uzaqlaşdırıblar.

Elvin:

- Biz “Acun Medya”dan Nazlı xanımla əlaqə saxladıq və bu ittihamları səsləndirdik. Qadın şokda idi. İştirakçılar ondan sonra da mənə dedilər ki, Nazlı xanım bizi sevmirdi. Mənim fikrimcə isə, bütün bunlar sadəcə iddiadır. Hər zaman yarışmaları tərk edən insanların bəzisi onlara qarşı haqsızlıq olduğunu deyir. Nazlı da açıqlamasında dedi ki, bütün seçimlər təsadüfidir. Eyni tərzdə oxuyan iştirakçılar qruplaşdırılır və onlardan ən yaxşıları seçilir. “O səs Türkiyə” heyətini incidən bir hadisə o olub ki, İlham Nəzərov növbəti mərhələyə keçmədiyini biləndə səhnədən “Biz azərbaycanlı olduğumuz üçün bizi seçmədiniz”, - deyib. Həmin hissə efirə getməyib. Onlar da deyir ki, bizim azərbaycanlılarla problemimiz olsaydı, Elnur Hüseynovu qalib etməzdik və yaxud da, Azərbaycandan olan bəzi iştirakçıları şəxsən dəvət etməzdik. Gülşən İbadova isə deyir ki, bizi ilk mərhələdə reytinq üçün istifadə etdilər, sonda çıxartdılar. Amma elə reytinqli olsaydılar, növbəti mərhələlərdə də reytinq verə bilərdilər.

Zəhra:

- “O səs Türkiyə”yə gedən azərbaycanlılarda belə bir fikir var ki, əgər biz ora gediriksə, ulduzuq. Amma bəziləri həmin yarışmaya çıxana kimi heç bir diqqətçəkən işləri ilə yadda qalmayıblar, ondan sonra bir müddət məşhurlaşırlar. İstifadə edə bilsələr, gündəmdə qalarlar, amma çoxu onu da edə bilmir.

Pərviz:

- Reytinq gətirən Elnur Hüseynov kimi olur. Həmin il “O səs Türkiyə”nin bütün anonsları Elnurun çıxışının üzərində olurdu. Mən “O səs Türkiyə”nin bütün buraxılışlarını izləyirəm. Ümumi qənaətim budur ki, bizimkilər heç də özlərindən zəif rəqibə uduzmayıblar. Bu il çox güclü iştirakçılar var və bizimkilərin uduzması normaldır. Onsuz da ora çıxmaq özü də uğurdur. O gün bir türkiyəli ifaçının çıxışını izlədim, güclü səs idi, amma yarışmanı tərk etdi. Çünki qalib bir nəfər olacaq. Bizimkilərə təsir edən 6 nəfərlik qrupdan 4 həmyerlimizin uduzmasıdır. Əslində, bu da onun göstəricisidir ki, onlar azərbaycanlılarla türkiyəliləri ayırmırlar. Əksi olsaydı, fikirləşərdilər ki, dörd azərbaycanlının eyni anda uduzması diqqət çəkir. Fikir vermişəm, “O səs Türkiyə”də azərbaycanlıları, kiprliləri öz vətəndaşlarından ayırmırlar. Məsələn, o gün Ozan Əhmədov uduzanda Acun İlıcalı önu növbəti il üçün yenə dəvət etdi.

Zəhra:

- Bir çoxları da iddia edir ki, Elnur Hüseynovun qalibiyyətindən sonra münsiflər arasında problem yarandığı üçün bundan sonra azərbaycanlıların orada iştirakını istəmirlər. Elə olsaydı, əvvəldən heç bir həmyerlimizi buraxmazdılar və yaxud da hamısını ilk mərhələdə çıxarardılar. Amma fakt budur ki, növbəti mərhələyə keçənlər də var.

Elvin:

- Bu məsələ ilə bağlı xoşuma gəlməyən məqamlardan biri Murad Arifin “facebook”dakı fikirləri oldu. Yazıb ki, Azərbaycan mediası “O səs Türkiyə”dəki mahnılarımıza “anonim” yazılmasını şişirtdiyi üçün bizim iştirakçılar oradan uzaqlaşdırıldı. Sonra da əlavə edib ki, “Çox heyif, o uşaqları Azərbaycan mediası onsuz da yada salmırdı”. Demək lazımdır ki, media iş görəndən yazır.

Pərviz:

- Ən azından yıxılıb ayağını sındırmalısan ki, media səndən yazsın. Yoxsa biz “İstedad sorağında” xeyriyyə cəmiyyəti deyilik ki, düşüb müğənni axtaraq.

Zəhra:

- Media hər yeni çıxan müğənnidən yazmaq məcburiyyətində deyil. Üstəlik, bu iştirakçıların çoxu hansı klipi çəkib, ya mahnını hitə çevirib ki, media və tamaşaçı üçün maraqlı olsun? İlk “partlayışları” elə “O səs Türkiyə”dir. Bircə “Azərbaycanın səsi”nin qalibi Mehmandır ki, o da yetərincə işıqlandırılıb. Ondan sonra bir şey etməyib ki, yazılmayıb.

Pərviz:

- O, müsabiqədə qalib olduqdan sonra da tanınmırsa, bu, oxucunun, tamaşaçının diqqətsizliyidir. Sonra da şərh yazırlar ki, “Ölkədə sizə qiymət vermirlər, gedin Türkiyəyə”. Qiyməti xalq verməlidir. Bu, medianın problemi deyil.

Zəhra:

- Bir şeyə də diqqət edək ki, Azərbaycana qarşı real haqsızlıqlar digər ölkələrdən də olur, amma heç vaxt böyümür. Əksinə ən yaxın Türkiyədir, onlardan da inciməyə bəhanə axtarırıq sanki.

Pərviz:

- Doğrudur, məsələn: bir neçə gün əvvəl Rusiyada keçirilən KVN çempionatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın komandası iştirak etdi və bu, ciddi etiraz yaratdı. Azərbaycan rəsmi səviyyədə buna münasibət bildirdi, media da bunu ətraflı işıqlandırdı. Amma müqayisə edək. Həm oxucular buna diqqət çəkmədilər, həm də sosial mediada Türkiyəyə etiraz edənlər Rusiyaya heç səslərini çıxartmadılar.

Zəhra:

- Heç bir məşhurumuz, tanınmışımız bu məsələ haqda yazmadı, heç şərh bildirmədi. Halbu ki, Özcan Dənizdə bir çoxu paylaşım edib, onu qınayırdı.

Elvin:

- Artıq neçə ildir ki, KVN-lə bağlı eyni problemi yaşayırıq. Hər dəfə də Rusiyaya bununla bağlı müraciət göndərilir.

“TÜRKİYƏDƏ KRAL TV-DƏ KLİPİN GÖSTƏRİLMƏSİ HƏLƏ MƏŞHURLUQ DEYİL”

Bu arada Türkiyə şou-biznesində və mədəniyyətində məşhur olan azərbaycanlıları yada salırıq:

Azərı qızı Günel, Günay Musayeva, Ezo, Nəsrin Cavadzadə, Məlahət Abbasova...

Elvin:

- Azəri qızı Günel İbrahim Tatlısəsin sayəsində qəbul olundu, artıq şou-biznesdə özünə yer edib. Mənim fikrimcə, məşhur odur ki, paparassilər onu izləsin. Yoxsa ki, Türkiyədə bir şirkətlə müqavilə bağlayıb mediada press-reliz yaymaq, yaxud da Türkiyə telekanallarında klipin göstərilməsi hələ məşhurluq deyil.

Pərviz:

- Bu kateqoriyaya ancaq Günel, Günay Musayeva və Nəsrin Cavadzadə aiddir.

Zəhra:

- Məlahət Abbasova “Min bir gecə” serialından sonra məşhurlaşdı. Amma şoudan uzaqdır.

Ümid edirik ki, Türkiyə və Azərbaycan arasındakı bu kiçik anlaşılmazlıqlar bu dəfə olduğu kimi hər zaman belə tez həll olunar və növbəti dəfələrə ehtiyac qalmaz.

“Maqazin Klubu” kimi 2017-ci ilin ilk günlərində baş verən bir neçə qalmaqalı da yada salıb fikrimizi bildirdik.

Zəhra:

- Bir neçə gün əvvəl Ədalət Şükürov “Hər şey daxil” verilişində qonaq idi. Ona sual verdilər ki, deyirlər, müğənnilər çox iş görmürlər, sənət işləri ilə gündəmə gəlmirlər. Ədalət də dedi ki, “Bunu yazan jurnalistlər valideyn tərbiyəsi görməyən jurnalistlərdir”. Hər zaman özünü mədəni göstərən əməkdar artistimizə bu sözləri yaraşdırmadım. Sonra da dedi ki, “Bizim yaradıcılıq işlərimizdən yazmırlar. Dövlət konsertlərində çıxış edirik, ondan yazmırlar”. Demək istəyirəm ki, dövlət konsertləri olanda bütün saytlar bu barədə ümumi məlumat yazırlar. Həmin konsertdə 30 müğənni oxuyubsa ki, jurnalistlər hər biriniz haqda ayrıca xəbər yazmağa borclu deyillər. Üç saatlıq proqramda bir mahnı oxumağınız üçün ayrıca xəbər yazılmaz. Ümumiyyətlə, il ərzində neçə mahnı, klip, uğurlu layihə edirsiniz ki, sizdən yazsınlar?

Pərviz:

- Həm də kimsə sizi tənqid edibsə, ona bu qədər aqressiv cavab verməzlər.

Zəhra:

- Ədalət Şükürov eyni verilişdə deyir ki, “Mənim instaqramımdan şəkillər götürüb xəbər edirlər, mətbəximə girirlər”. Onun nəzərdə tutduğu xəbər isə Yeni ilin ilk günlərində evində verdiyi qonaqlıqdır. Qonaqlıqda isə Elza Seyidcahan, Xədicə Sənanqızı, Zamiq Hüseynov, Lalə Məmmədova, Zümrüd Bədəlova, Ceyhun Əliyev və digər tanınmışlar var idi. Onların hər biri instaqramda həmin qonaqlıqdan foto və videolar paylaşıblar. Hər birinin də 100 min və ya daha artıq izləyicisi var, heç birinin də profili gizli deyil. Deməli, Ədalət Şükürovun evinin bu qədər insan tərəfindən görülməsi normaldır, amma medianın bundan xəbər düzəltməsi anormal? Dünyanın bütün ulduzları haqda xəbərlər onların sosial şəbəkələrindəki profillərindən götürülür. Dünyanın məşhur "Dailymail" saytı götürüb hansısa bir ulduzun instaqram fotosunu xəbər edir. Bunu bir çox saytlar tərcümə edib yayımlayır. Müğənni jurnalistə qayda öyrədə bilməz. Çünki hər bir jurnalist öz qanununu yaxşı bilir. Kiminsə bağlı profilindən özəl fotosunu götürüb yaymamışıq. Profil açıqdırsa, onu yüz minlərlə insan izləyirsə hər kəsin oradan foto götürməyə haqqı var.

Pərviz:

- Sosial şəbəkələrdə məşhurlar hərdən çox sərbəstləşirlər, kimi gəldi söyürlər, kimi gəldi təhqir edirlər. Bilsinlər ki, bütün bunlara ciddi nəzarət həyata keçirilsə və təhqir etdiyiniz onlarla insandan biri sizi məhkəməyə versə, uduzacaqsınız.

Elvin:

- Sosial şəbəkələrdə jurnalistləri tənqid edən məşhurlar lap gülməlidir. Bəzi müğənnilər var ki, özləri not bilmirlər, doğru-düzgün cümlə qura bilmirlər, amma jurnalistləri tənqid etmək istəyirlər.

Son günlər müzakirə olunan tanınmışlardan biri də Fərda Xudaverdiyevdir. Onun “Selfinaz”ı sosial şəbəkələrdə tənqid olunduğu üçün aktyor əsəbiləşdi və onu bəyənməyənləri təhqir etdi.

Pərviz:

- Əvvəl onu deyim ki, Fərda iddia edir ki, “stand-up” şounu Azərbaycana birinci o gətirib, amma səhvdir. Bu tip şoular hələ Telman Adıgözəlovun, Arif Quliyevin və digər korifey aktyorlarımızın ifasında çox olub. Hətta onlar çox vaxt tədbirlərdə bunu bədahətən ediblər.

Elvin:

- Fərda istedadsız deyil, aktyor kimi uğurludur. Qaldı ki tənqidlərə... Tənqid normal olsa da, təhqirlər yolverilməzdir. “Selfinaz”ın səhnəsinin Cem Yılmazın səhnəsinə bənzəməsi belə izah edildi ki, konserti təşkil edən şirkətin istəyi belə olub. Amma bir oxşarlıq da var ki, bu da müzakirə olunur. “Gora”-“Arog”, “Xoxan”-“Naxox”...

Pərviz:

- Mən də Fərdanı istedadsız saymıram və “Selfinaz”a çox həvəslə baxmağa başladım. Amma heç alınmamışdı. Zarafatlarda Cem Yılmaza bənzərlik yoxdur, amma o zarafatlar çox sıradan və bəsit idilər. “Skype”da qızla oğlanın intim söhbəti zarafatı illər əvvəldə qaldı, artıq gündəm deyil. Eləcə də bulvarda qız-oğlan-polis mövzusu artıq güldürmür. “Stand up”a hazırlaşanda bunu ciddi etmək lazımdır. Hətta ciddi məntiq səhvi də var idi.

Zəhra:

- Bizim insanlar sadəcə aqressiv yanaşırlar məsələyə. Tənqidin də dozasını çox edirlər. Fərdanı kimsə birinci tənqid edirsə, hamısı onun arxasıyca gedir, tənqidə başlayır. Cem Yılmazın da videosunu paylaşanda birinci kimsə tənqid yazsa, hamı eyni şeyi yazar bəlkə də...

Pərviz:

- Razı deyiləm. Təhqirə qarşıyam, bu heç... Amma Fərdanı tənqid edənlər arasında yazıçılar, jurnalistlər, redaktorlar var idi. Sosial şəbəkədə çox normal şəkildə tənqid etmişdilər, Fərdaya təsir edənlər də məhz o adamların tənqidi olub. Çünki çox yaxşı əsaslandırmalar da var idi. Ayrıca, “Facebook”da mən Fərda haqda bir müzakirəyə qoşuldum və mədəni də müzakirə gedirdi. Fərdanın gəlib onu tərifləyən şərhləri “Like” etməsi və tənqid edənlərə kinayəli cavab yazması biabırçılıqdır. Məncə, kim tənqiddən nəticə çıxaracaqsa, inkişaf edəcək, seviləcək. Tənqidi yaxınına buraxmayan isə yerində sayacaq.

Zəhra:

- Bizim məşhurların tənqidi qəbul etməməsi artıq adiləşib, ancaq tərif sevirlər. Təzə dəb də odur ki, məşhurlar onları təhqir edənlərə yazır ki, “Nömrəni qoy, zəng edim”. Cem Yılmazı da tənqid edirlər. O cavab verir ki, nömrəni yaz, zəng vuracam?

Bu dəfəlik “Maqazin Klubu”nu yekunlaşdırırıq. Həmişəki kimi, fikirlərimizdə qərəzdən uzaq olmağa çalışmışıq. Sonda ənənəmizə sadiq qalaraq növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik. Yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çatdırmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Hazırladı: Pərviz Sadıqov

Söhbət etdi: P.Sadıqov (Axşam.az), Z.Əhmədova (Axşam.az), E.Elxan (Qafqazinfo.az)

Fotolar: Nuran Məmmədov

İnstaqram: @maqazin_klubu