Zombi analar

zombi-analar
Oxunma sayı: 2272

Azər Qismət

İctimai nəqliyyatda, park və xiyabanlarda qulaqcıq taxan, telefonun düymələrini sıxan gənc qız və qadınlara fikir versəz, bir məqamı mütləq tutacaqsız. Onların qaşları həmişə çat olur. Yəni, qaşlarını çatırlar. Gözləri isə az qalır ki, öz dairəsindən çıxsın. Və həmişə də həyacanlı görünürlər. Sanki, indilərdə nəsə baş verəcək, özlərini gözləniləcək hansısa pis xəbərin astanasında olduğu kimi aparırlar. Onlar işlərini də tez-tələsik görürlər. Yemək bişirəndə (əgər bişirirlərsə), işə gedəndə, dərslərini oxuyanda. Elə bil kimsə bunları gözləyir. Halbuki onları insan yox, sosial şəbəkələr gözləyir. Qorxunc asılılıq həyatlarının normal gedişinə mane olur. Aqressiya, süni gülüşlər, süni danışıqlar, süni qidalar. Biz hər gün onların get-gedə zombiləşməsini canlı şəkildə müşahidə edirik. 

“Zombi” sözü əsasən Haiti adası və Şimali Mbunda xalqlarının leksikonundan götürülüb. Fimlərdə meyid obrazında sərgilənmələri rejissorların fantaziyasından irəli gəlir və bu, yanlışdır. Zombi – özünə idarəetməni itirən insanlara şamil edilir. Yaxud, kiminsə əmri ilə hərəkət edənlərə zombi deyilir. Başqa sözlə ifadə etsək, zombi adamlar nəyinsə və kiminsə təsiri altında olurlar. Belə varlıqların öz fikirləri, idrakları arxa plana keçir. “Zombi” sözünün yaranma tarixini həm də 17-ci əsrdə Qərbi Afrikadakı Daqomey ölkəsindən (indiki Benin və Nigeriya) Haitiyə gətirilən qullardan keçmə olduğu ehtimal edilir. Başqa ehtimala görə “zombi” “nzambi” sözündən yaranıb. Mənası “ölünün qəlbi” deməkdir. Beləliklə, ölü qəlblər indi bütün cəmiyyətimizi bürüyüb.

Deməli, gənc ailə ölkənin səfalı yerinə istirahətə gedib. Səhərdən axşama qədər dincəliblər. Ana ikiaylıq körpəsini beşikdə ağacın altında qoyub ki, səs-küydən uzaq olsun, yaxşı yatsın. Axşam yığışıb paytaxta yola düşüblər. Gəlib çatanda baxıblar ki, uşaq yoxdur. Anlaşılmazlıq onda olub ki, bu maşında oturanlar körpənin o birində olduğunu düşünüblər. O biri maşında əyləşənlər də eyni cür fikirləşiblər. Haray-həşir düşüb, yenidən uşağın arxasınca yollanıblar. Gəlib görüblər ki, hansısa yırtıcı uşağı parçalayıb. Bu hadisə ölkənin yüz minlərlə sakinini sarsıtdı. Hamı onu dedi ki, orada əyləşənlərin heç birinin günahı yoxdur. Körpə harada olmalıdır? Ananın qucağında. Ana isə onu unudub. İtən əşya deyildi. Allah yaratdığı bir canlı varlıq idi. Bioloqların sözü ilə deyilərsə “bioloji möcüzə”.

Son vaxtlar bina evlərində uşaqların aşağı yıxılması ilə bağlı çoxsaylı xəbərlər dərc edilir. Bəziləri ölür, bəziləri möcüzə nəticəsində xilas olunur. Sonradan aparılan sorğu-sualdan məlum olur ki, ya ana uşağı tək qoyub qonşuya gedib, ya da kompüter qarşısında oturub kiminləsə çatlaşırmış. Uşaq isə buraxılıb taleyin ümidinə. Yiyəsiz qalan uşaq əlbəttə nə iləsə məşğul olmağa çalışır. Barmağı ətçəkən maşında qalır, kibritlə evi yandırır, ya da eyvandan aşağı yıxılır.

Zombi anaları hər yerdə görürük. İki rəfiqənin söhbət edə-edə getməsi ilə uşağın maşın yoluna qaçmasını kimlər görməyib ki? Yaxud, parkda kiminləsə telefonla çatlaşan və danışan gənc ananın yadına uşaqmı düşər? Artıq rəfiqələr və sevgililər uşağı zombi anaların gözündə bir oyuncağa çevirib. Belə halda uşağın müqəddəsliyi barədə gənc anaya müharizə oxumaq qarşı tərəfin pis söyüşləri ilə nəticələnər. Necə ki, maşın yoluna qaçan uşağın əlindən tutub elə analara təqdim edib deyəndə ki, “xanım, uşağınıza nəzarət edin”, onda leksikonda olmayan sözlər eşidəcəksiz. Siz isə gözləyirdiz ki, “çox sağ ol” qazanacaqsız. Belə analardan minnətdarlıq sözlərini eşitmək lazım da deyil. Xeyirxah adamlar bunu körpəyə - Allahın mələyinə görə edirlər.

Bu təkcə analarla bağlı baş vermir. Paytaxtin bəzi kafelərinə getsəniz, hamilə qadınları siqaret çəkib şərab içən görəcəksiz. Kişilərlə oturub siqaret çəkən qadının uşağına göstərəcək ülfətini elə indidən görmək mümkündür. Aydın məsələdir ki, bətndəki körpəsini zəhərləndirən ana gələcəkdə onu nəzarətsiz də buraxacaq. Bu, onun üçün su içmək qədər asandır. Nümunə götürülən Avropanın özündə belə vəziyyət bambaşqadır. İstəsəz, Amerika filmlərinə də baxıb görərsiz ki, “gündə 1-2 qutu siqaret çəkən qadın hamilə olanda belə pis vərdişdən əl çəkir. Bilir ki, gələcəyi zəhərləmək olmaz.

Həyatda hər şey zəncirvari düzülüş şəklində inkişaf edir. Uşaqla maraqlanmayanda, nəzarətsiz buraxanda, o da böyüyəndə öz uşaqlarına belə münasibət göstərir. Uşaq oynamaq istəyir, ana çatdadır, ya telefonla danışır. Tarixə nəzər salsaq görərik ki, dünyadakı qəddar tiranların böyük əksəriyyəti ana məhəbbətindən məhrum olanlardır. Mən indiki bəzi anaları Mopassanın “Eybəcərlər anası” hekayəsinin qəhrəmanına bənzədirəm. Bədən quruluşunun pozulmaması üçün ana qarın nahiyəsini möhkəm sıxır. Nəticədə dünyaya eybəcər uşaq gəlir. Anlayıram ki, körpə normal ana südü ilə qidalanmır, o da ondan əsirgənir. Əvəzində mənşəyi bəlkə də gələcək zombiliyə hesablanan süni uşaq yeməkləri verilir. Heç olmasa dünyaya gətirdiyiniz körpəyə nəzarət edin. Bu ki elementar bir işdir. “Mən sənə analıq edib yuxusuz gecələr yaşamışam” deyəndə isə gözlərinizi kənara çevirin. Yalan gözlər həmişə səyriyir.