Ziya Məmmədovun bacısı işdən çıxarıldı - Yenilənib

ziya-memmedovun-bacisi-isden-cixarildi
Oxunma sayı: 15832

Nəqliyyat naziri Ziya Məmmədov daha bir zərbə alıb.

“Qafqazinfo” istiqlal.az saytına istinadən xəbər verir ki, nazirin bacısı, "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad edilib.

Bundan əvvəl isə Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb.
"Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb, taksilərə lisenziya verilməsi ASAN xidmətə tapşırılıb, yaxın vaxtlarda "Azəryolservis"lə də bağlı analoji addım atılacaq.

***

"Qafqazinfo"nun məlumatına görə, günlərdir ki, Azərbaycan mətbuatında Ziya Məmmədovun işdən ayrılmağı barədə xəbərlər yayılmaqdadır. Nazirə yaxın olan şəxslərin bir-birinin ardınca vəzifədən alınması, onun tabeliyində olan obyektlərin və villaların yoxlanılması, parlamentdə nazirin qardaşı Elton Məmmədov başda olmaqla, ona yaxın şəxslərin təkrar seçkiyə buraxılmaması bu oliqarxın nazir ömrünün başa çatdığını göstərən faktorlardan biridir. 

Qeyd edək ki, Bakı şəhərində hal-hazırda nəqliyyat sistemi nazirliyin əlindən tamamilə alınıb. Yayılan məlumatlara görə, Ziya Məmmədovun işdən çıxarılması həm də Nəqliyyat Nazirliyinin ləğvi ilə müşayət oluna bilər. Faktiki olaraq nazirliyin səlahiyyətlərinə aid olan sahələr bir neçə qurumun arasında bölüşdürülüb. Bura Daxili İşlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi və "Azərbaycan Dəmir Yolları" QSC aiddir. 

Xatırladaq ki, bu günlərdə namizədliyi qeydə alınmayan Tənzilə Rüstəmxanlı da nəqliyyat nazirliyinə yaxın şəxslərdən hesab olunur, nazirin qudası sayılır. Belə ki, Tənzilə xanımın oğlu Cəmil Ziya Məmmədovun qardaşı qızı ilə evlidir.  Ziya Məmmədova yaxın olan şəxslərin prosesdən kənarlaşdırılması faktiki baş çatmaq üzrədir. İndi nazir tamamilə tərkisilah olunmuş görünür.

Yalnız onun özünün sadə bir sərəncamla evə göndəriləcəyi gözlənilir. Məlumatlara görə, nazirin iş kabineti boşaldılmış və bağlı vəziyyətdədir.