Yumruğa öyrəşən qadın...

yumruga-oyresen-qadin
Oxunma sayı: 2854

Nərmin Dadaşova

Bir neçə ay olar ki, dişim ağrıyırdı. Hər gün eyni vaxtda, eyni sızıltıyla... İki gün əvvəl mazoxist damarım buraxar-buraxmaz dişimi düzəltdirmək üçün həkimə getdim. Və artıq ikinci gündür ki, aylardır həyat tərzimə çevrilən o ağrının olmamağına hələ də öyrəşə bilmirəm. Deyəcəm güləcəksiz, o möhtəşəm sızıltı üçün darıxıram da hətta. Kişilər anlamaz, qadınlar ağrılarını belə sevən məxluqlardır.Həyatlarına daxil olmuş hamıya və mətbəx bıçağından tutmuş, qazan qapağına qədər- hər şeyə öyrəşir qadınlar. Mütləq, əllərinə daha yaxşı yatan pol ağacları, tozları daha yaxşı alan dəsmalları olar.

Sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olmuş, avtobusda əri tərəfindən yumruqlanan qadını yəqin ki sən də görmüsən. Qadın etiraz etmir, bağırmır, özünü müdafiə etmək refleksi sıfra bərabərdir. Ona görə yox ki, o sevir ya da qorxur. Ona görə ki, qadın o yumruqlara öyrəşib. O yumruqlar bir gün olmasa, qadının həyatında qəribə boşluq yaranacaq. Zülmkar ərinin arxasınca illərlə yas saxlayan qadınları azmı gördük, oxucu dost? Onlar yarımçıq qalan ömür yollarınamı ağlayırlar illərlə, yox əlbət. Onlar həyatlarından əskilən o qaş-qabaq üçün darıxırlar. Bir qorxu, bir qışqırıq, bir kötək yeri azalır həyatlarından, necə kədərlənməsinlər.

Bir neçə gün əvvəl ədəbi camiyədən yaxşı tanıdığımız bir bəyin xanımı rəhmətə getdi. Birinin getməsi, həm də dönməmək üzrə getməsi çox üzücüdür. Şeirdəki kimi desək “ağırdır və ağrıdır.” Ki, həmin adam sənin bütün ömrünə hopmuş biri olsa, adı üstündə, həyat yoldaşın olsa, iki qat ağırdır. Bir qəfil yaranan o böyüklükdə boşluğu necə doldurmaq olar? Heç cür! Hə, bax bu “heç cür” bir qadının verə biləcəyi cavabdır. Bu boyda boşluğun içindən, ardı arası kəsilmədən statuslar yazırdı, yazıçı dostumuz. Gah dəfn xərclərindən şikayətləndi, gah yasdan çəkdiyi şəkillərini paylaşdı, gah həyat yoldaşını yad etmək istərkən öz eqosunu ortaya qoydu, “mənim xanımım olmaq şərəfdi” dedi. İnanmırsız özünüz baxın, elə belə də dedi. Hələ bir, müsahibə də verdi mətbuata. Dedi ki, uşaqlarıma həm də ana olmağa çalışacağam, ancaq söz vermirəm. Ola bilər ki, onlara analıq etmək istəyən başqa qadın da olsun. Hə, bilirəm sənin də ağlından bu cümlə keçdi, “ağırdı və ağrıdır”...

Səhər iş yoldaşıma bir fincan qəhvə içməyi təklif etdim. Sonra əlavə etdim ki, qəhvə xoşbəxtlik hormonu kimi tanınan serotonin ifraz edərək xoşbəxtlik hissi yaradır. Təbii ki, o inanmadı. Çünki ancaq qadınlar qəhvədən xoşbəxtlik uma bilər.

Bir fincan qəhvədən, bir dəmət çiçəkdən, bir cüt xoş sözdən, gülən üzdən...