Yenə Amacinin ümidinə qaldıq - Elbrus Əruda cavab

yene-amacinin-umidine-qaldiq-
Oxunma sayı: 3618

Seymur Verdizadə

“Axtarıram səni” verilişi ötən beş ildə Azərbaycan teleməkanının ən reytinqli proqramı olub. Zəngin həyat təcrübəsinə malik olan tanınmış ziyalılar, millət vəkilləri, sənət adamları Xoşqədəm Hidayətqızının yaratdığı bu tribunadan həmişə səmərəli istifadə ediblər. Milli-mənəvi dəyərləri təbliğ etmək, mütərəqqi ideyaları yaymaq bizim başlıca amalımız olub. Əgər MTRŞ-in “Axtarıram səni” verilişinin müvəqqəti dayandırılması ilə bağlı məlum qərarı olmasaydı, biz bu müqəddəs missiyanı ANS-də yenə davam etdirəcəkdik.

MTRŞ-in özəl telekanallarda yayınlanan bəzi verilişlərin dayandırılması ilə bağlı qərarı hələ də müzakirə olunur. Fikirlər müxtəlifdir, tənqidin dozası bəzən etik çərçivələri aşır. Mən söz və mətbuat azadlılğının qızğın tərəfdarı olduğum üçün alternativ fikrə dözümlü yanaşmağı özümə borc bilirəm. Amma ünvanıma yönəlmiş iradlara münasibət bildirmək hüququmu da özümdə saxlayıram. Həqiqətin üzə çıxması üçün bu, çox vacibdir.

Çoxillik dostlarımdan olan Elbrus Ərud böyük səs-küyə səbəb olmuş məqaləsində belə yazır: “Yəni bu ölkədə Əli Mirəliyevdən, Rəşid müəllimdən, Seymur Verdizadədən, Baba Vəziroğludan, müğənni Mətanətdən, bu tip verilişlərin bəzəyinə çevrilən deputatlardan başqa mütəxəssis yoxdur?”. Elbrus Ərudun Rəşid Mahmudovun, Baba Vəziroğlunun, o cümlədən, uzun illərdən bəri tanıdığı bəndənizin adını Əli Mirəliyevlə, müğənni Mətanətlə bir sırada çəkməsi ədalətsizlikdir. Çünki Əli Mirəliyev, Mətanət, adları daha çox qalmaqallarda hallanan digər sənət adamları heç vaxt “Axtarıram səni” verilişinin qonağı olmayıblar. Xoşqədəm Hidayətqızı “Axtarıram səni” verilişinin dəyərli ekspertlərini bu tip adamlarla yanaşı oturtmağı nə özünə, nə də bizə rəva bilib. Xoşqədəm xanımın müəllifi olduğu verilişlərin qonağı Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, millət vəkilləri, sevilən sənət adamları olub. Mən, Rəşid müəllimi Azərbaycan xalqı üçün qənimət hesab edirəm. O, 52 ildir ki, Azərbaycan Dövlət Tibb Universiteti kimi qocaman təhsil ocağında müəllim işləyir. Gəlin, gecə demirəm, gündüz əlimizdə çıraq Azərbaycanı qarış-qarış dolaşaq. Əgər Tibb Universitetinin ölkəmizin dörd bir tərəfinə səpələnmiş məzunlarından biri onun haqqında pis söz danışsa, qələmimi qırıb, Xəzərin neft qoxan sularına atacam. Baba Vəziroğlu haqda isə bircə onu demək istəyirəm ki, Azərbaycan dövləti bu şəxsin əməyini yüksək qiymətləndirərək, bir neçə il əvvəl onu “Əməkdar incəsənət xadimi” adı ilə təltif edib. Dövlət başçısı tərəfindən bu cür ali mükafata layiq görülmək hələlik nə mənə, nə də Elbrus Əruda nəsib olub.

Deyirlər ki, Xoşqədəm Hidayətqızı Rusiyada, Ukraynada səfil həyatı yaşayan soydaşlarımızı tapıb üzə çıxarmaqla Azərbaycanın imicini zədələyir. Bu, həmin Xoşqədəm xanımdır ki, ötən beş ildə yüzdən çox ananı doğma balasına qovuşdurub. Rusiyada səfil həyatı keçirən azərbaycanlıları vətənə gətirmək onların ömrünü uzatmağa xidmət edir. Bu adamların ömrünü Rusiyada başa vurub, xristian adət-ənənəsi ilə kimsəsizlər qəbiristanlığında dəfn olunması kimə başucalığı gətirəcək?

P.S.Mən də Azərbaycan telekanallarında intellektual verilişlərin sayının artmasının, maraqlı müzakirələrin aparılmasının tərəfdarıyam. Çünki əsl həqiqət məhz bu cür müzakirələr nəticəsində üzə çıxır. Amma televiziyalar üzərində sərt nəzarət mexanizmi tətbiq edən adamların bu həqiqəti dinləməyə hazır olub-olmadığını bilmirəm.

P.P.S.Dostum Elbrus Ərud çox da ümidlənməsin, onun, elə mənim də həsrətində olduğumuz verilişlərin tezliklə telekanallara yol tapması mümkün deyil. Bəzi telekanallar artıq Hindistan və Pakistan filmlərinin nümayişinə başlayıblar. Demək istədiyim odur ki, yenə Amacinin ümidinə qaldıq...