Ən qədim qəbiristanlıqlardan olan Yasamal məzarlığının və paytaxt ərazisində olan digər qəbiristanlıqların köçürülməsi Bakının yenidən qurulması və abadlaşdırılması planları ilə bağlı bir neçə il əvvəl gündəmə gətirilsə də bu ideya hələ ki, ideya olaraq qalır. İndi isə Bakı küçələrində hər gün üzləşdiyimiz, gün keçdikcə də artan tıxaclar bu layihənin həyata keçirilməsini zərurətə çevirib.
“Qəbiristanlığın köçürülməsi haqda təklif gündəmdədir. Bu məsələ ətrafında məsləhətləşmələr aparılsa da hələ ki, rəsmi olaraq qərar verilməyib” - Yasamal qəbiristanlığının köçürülməsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə (RİH) etdiyimiz müraciətə də bu cür cavab aldıq. Yəni hələ ki, rəsmi göstəriş verilməyib.
“Qafqazinfo” xəbər verir ki, Yasamal RİH-in ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Zöhrab Cəfərov virtualaz.org saytına açıqlamasında bu layihənin gerçəkləşdirilməsi ilə bağlı xəbəri təkzib etməsə də hələlik rəsmi qərarın olmadığını da dedi.
Qeyd edək ki, planlaşdırılan layihə paytaxtın ən çox tıxac yaranan yollarından birini bu bəladan xilas edəcək. Belə ki, bu layihə sayəsində Badamdar şosesindən Parlament prospekti ilə Mikayıl Müşfiq küçələrinin kəsişməsinə qədər olan yolun hərəkət hissəsində yaranan tıxaclar aradan qaldırıla bilər.
Qəbiristanlığın tamamilə köçürüləcəyi də deyilir. Başqa bir plan isə Badamdar dairəsi ilə Abbas Mirzə Şərifzadə küçəsini (“Azərbaycan” nəşriyyatının binasının arxası) birləşdirən birtərəfli yolun genişləndirilməsi ilə əlaqədar məzarlığın yarısının köçürülməsidir. Hazırda Badamdar dairəsi ilə Şərifzadə küçəsini birləşdirən birtərəfli yol var. Yeni layihədə bu yolun genişləndirilməsi və ikitərəfli xidmət üçün açılmasının planlaşdırıldığı da deyilir.
Yuxarıda qeyd etdiyimiz yolun genişləndirilməsi zamanı da xeyli sayda məzar köçürülmədir. Uzunluğu təxminən bir kilometrdən çox olan yolun hər iki tərəfi məzarlarla əhatə olunub.
Badamdar dairəsindən Şərifzadə küçəsinə qəbiristanlığın içərisi ilə gedən bu yolda sağ tərəfdə əsasən rus və yəhudi məzarları, sol tərəfdə isə azərbaycanlıların qəbirləri var. Rus və yəhudi qəbirlərinin əksəriyyəti baxımsız vəziyyətdədir. Bu qəbiristanlıqda sahibsiz məzarların sayı isə yüzlərə, hətta minlərlədir. Qəbiristanlıqda olan mollalar isə deyirlər ki, burada sahibsiz qəbirlərin yerinin satılması halları da olub.
1994-cü ildən bəri Yasamal qəbiristanlığında mollalıq edən və çörəyi “Yasin” oxumaqdan çıxan Hacı Akif Cəfərov isə deyir ki, qəbiristanlığın köçürülməsi fikri 5-6 il əvvəl də var idi, amma sonradan bu plan gerçəkləşdirilmədi.
Hacı Akifin sözlərinə görə, yolun sağ tərəfi (Badamdardan gələndə) yəhudi və rus məzarlarıdır: “Onlar baxımsız vəziyyətdədir. Bəzilərinin sahibi heç ziyarətə də gəlmir. Gələnlərin əksəriyyəti də Pasxa bayramında gəlir, yeyib-içib gedirlər”.
Qəbirlərin sahibsiz olması ilk baxışdan da açıq-aydın görünür. Köhnə sinə daşları uçulub dağılıb. Rus və yəhudi qəbirlərinin arası zibilxanaları xatırladır. Bəzi məzarlar isə tamamilə tanınmaz haldadır.
Hacı Akif bu yolun əvvəllər daha enli olduğunu deyir: “Əvvəllər bu yol daha əlverişli və enli idi. Gediş-gəliş də rahat idi. Sonra yolun kənarlarını məzarlar üçün satdılar. İndi buradan yalnız bir maşın gedə bilir”.
Başqa bir molla isə deyir ki, hər gün bu yoldan minlərlə maşın keçir: “Axşamlar, tıxacların olduğu vaxtlarda isə daha çox insan bu yoldan istifadə edir. Çünki bu yol olduqca qısa və rahatdır. Lakin bəzi insanlar bu yoldan istifadə etməkdən ehtiyatlanır. Səbəbi isə qəbiristanlıqdan qorxmalarıdır. Yoxsa bu yol hər zaman tıxac olar. Əgər deyildiyi kimi bu yol enləndirilərsə, çox əhəmiyyətli bir yol olacaq”.
Qəbiristanlıq ətrafında gül satanlar isə deyir ki, əvvəllər bu yolun genişləndirilməsi planı gündəmə gətiriləndə buraya bir neçə səlahiyyətli şəxs gəlib. Onlar əsasən yolun sağ tərəfində, rus və yəhudi qəbirləri olan hissəyə baxış keçiriblər. Lakin yaxınlıqdakı obyekt sahiblərinə heç bir məlumat verilməyib.
Yasamal qəbiristanlığında olarkən ziyarətə gələnlərlə də söhbət etdik. Onlar da qəbiristanlıqdakı vəziyyətdən və baxımsızlıqdan narahatdırlar. Lakin onlar qəbirlərin paytaxtdan kənara, daha sakit bir yerə köçürülməsinə razıdırlar.
Atasının məzarını ziyarət edən Malik Məmmədov deyir ki, burada özbaşınalıqdır: “Kim haranı necə istəyirsə, satıb. Rahat şəkildə məzarları ziyarətə belə gəlmək olmur. Qəbiristanlığın köçürülməsi paytaxt sakinləri üçün xeyirli olacaqsa, bunun hansısa narazılığa səbəb olacağını düşünmürəm. Köçürüləcək yeni yerdə daha yaxşı və səliqəli şəkildə qəbiristanlığın salınması bəlkə də daha məqsədəuyğun olar”.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidmətinin əməkdaşı Nailə Məmmədova virtualaz.org-a açıqlamasında Yasamal qəbiristanlığının köçürüləcəyi xəbərini təsdiqlədi: “Bakı şəhərində olan qəbiristanlıqların şəhər ətrafına köçürülməsi planı var. Ancaq qəbiristanlıqların konkret nə zaman köçürüləcəyi dəqiq deyil”.
BŞİH rəsmisi qəbiristanlıqların haraya köçürüləcəyi haqda heç bir qərar verilmədiyini də söylədi.
Qeyd edək ki, Yasamal qəbiristanlığında xeyli sayda tanınmış şəxsiyyətlərin də məzarları var. Yada salaq ki, II və III Fəxri xiyabanlar da Yasamal qəbiristanlığı ilə üzbəüz yerləşir.