Yanmış binanın yanındakı tikili yeni faciəyə yol aça bilər

yanmis-binanin-yanindaki-tikili-yeni-facieye-yol-aca-biler
Oxunma sayı: 2088

Bu gün elə binalar inşa edilir ki, aralarındakı məsafə 3-5 metrdir. Halbuki, inşaat norma və qaydalarında binaların hansı məsafədə tikilməsi aydın şəkildə göstərilir. Sıx tikilən binalar isə daha ciddi təhlükədən xəbər verir.

Qafqazinfo” xəbər verir ki, bu haqda “525-ci qəzet” material hazırlayıb. Qəzet yazır ki, binada yanğın hadisəsi baş verəndə yanğını söndürmək problemə çevrilir, yanğınsöndürən maşınlarının yanğın baş verən əraziyə daxil olmasına ciddi şəkildə əngəl yaranır. Eyni zamanda, keyfiyyətsiz tikinti vasitələrindən, xüsusilə penoplast üzlüklərdən istifadə edilməsi yanğın hadisəsinin miqyasını artıran amillərdəndir. Bu zaman alovu söndürmək daha müşkülə çevrilir, bina bir neçə saniyənin içində tamamilə alova qərq olur.

Buna misal olaraq, qəzet 2015-ci ildə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən və böyük faciəyə səbəb olan yanğın hadisəsini göstərib. 50 nəfərin xəsarət aldığı, 15 nəfərin isə faciəvi şəkildə ölümü ilə nəticələnən yanğın hadisəsinə əsas səbəb kimi binanın penoplastla üzlənməsi göstərildi. Lakin yanğının başvermə səbəbləri qeyri-müəyyən olaraq qaldı. Həmin binanın yanında o zaman tikilməkdə olan beşmərtəbəli binanın bu yanğınla hər hansı bir bağlılığı olub-olmadığı araşdırılmadı. Halbuki, həmin beşmərtəbəli bina yanğın baş verən göydələnin düz 5-10 metrliyində tikilib. İnşaat normalarına görə, binalar arasındakı məsafə ən azı onların hündürlüklərinin yarısı qədər olmalıdır. Bu, birmənalı olaraq tikintidə təhlükəsizlik qaydalarının pozulması faktıdır.

Kim bilir, bəlkə də beşmərtəbəli binanın zəbt etdiyi ərazi boş olsaydı, yanğın zamanı ən azı bir neçə nəfərin də həyatını xilas etmək olardı. Vəziyyətin bu həddə çatması, tikinti şirkətinin təhlükəsizlik qaydalarına məhəl qoymaması, əlaqədar təşkilatların isə bu özbaşınalıqlara göz yumması məhəllə sakinlərinin haqlı narazılığına səbəb olur. Bir müddət əvvəl baş vermiş yanğın hadisəsini öz gözləri ilə görən sakinlər standartlara əməl olunmadan inşa edilmiş bu binaya potensial faciə mənbəyi kimi baxır, dövlət qurumlarının məsələyə müdaxilə edərək tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı ölçü götürəcəyinə ümid bəsləyirlər. Çünki onların haqlı narazılıqlarıyla bağlı ciddi tədbirlər görülməsə, bütün bu özbaşınalıqların qarşısı alınmasa, heç kəs zəmanət verə bilməz ki, gələcəkdə bu cür faciələr bir daha təkrarlanmayacaq. Belə tikinti şirkətlərinin qanunsuz əməlləri məhəllə sakinlərini qorxu içində yaşamağa vadar edir.

Qəzet sözügedən tikintinin kimə məxsus olması, onun tikintisinə kimin və hansı məqsədlə icazə verməsini araşdıracağını bildirib. Ehtimallar var ki, bu tipli binaların tikintisində normalar özbaşına dəyişdirilir. Məsələn, 1-2 mərtəbəli bina inşa etmək üçün icazə alıb oğurluq yolu ilə 4-5 mərtəbəli bina tikirlər. Sonra həmin tikililər ya müəyyən qanunsuz yollarla sənədləşdirilir, müvafiq dövlət qurumları aldadılır, ya da elə-belə, sənədsiz-filansız istifadəyə verilir. Nəticədə isə bu özbaşınalıqların doğurduğu problemləri sakinlər yaşamalı olurlar.