Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

xocali-faciesinin-qurbanlari-azmiu-da-anilib
Oxunma sayı: 680

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbir başlamazdan əvvəl Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.  

Tədbirdə çıxış edən professor Həvva Məmmədova bu həyəcanlı və ağrılı tarixin millətimiz üçün böyük insan tələfatı və vandalizm olduğunu diqqətə çatdırıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman qeyd edib ki, qanlı hadisələr zamanı şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gənc nəslə örnək göstərmək hər kəsin vətəndaşlıq borcudur.

Tədbirin sonunda G.Nərimanın müəllifi olduğu “92-ci ilin qarı” adlı sənədli film nümayiş olunub.