Vətənin “daşı” olmaq...

vetenin-dasi-olmaq
Oxunma sayı: 1379

Nadir Qocabəyli

Hələ sovet dönəmində xalq artisti Zeynəb Xanlarova Hollandiyadan qastrol səfərindən qayıtdıqdan sonra bir televiziya verilişində demişdi: “Orada küçələri şampunla yuyurlar...”

Biz azərbaycanlılar hansısa xarici ölkəyə səfərə çıxıb qayıtdıqdan sonra, gördüyümüz gözəlliklərdən, qayda-qanundan, təmizlikdən, inkişafdan, insanlıqdan, insana, hətta heyvanlara qayğıdan ağız dolusu danışmağı çox xoşlayırıq. Filan ölkənin türməsi beşulduzlu hoteldən geri qalmır, filan ölkədə işsizlərə filan qədər müavinət verilir, filan ölkədə valideynlərə uşaq dünyaya gətirmələri üçün filan qədər pul təklif olunur, filan ölkədə ehtiyacı olanlar üçün pulsuz ərzaq mağazaları var, filan ölkənin vətəndaşları bir aylıq maaşlarına bir avtomobil ala bilirlər və s. Amma bizdə...

Belə misalların sayı istənilən qədərdir.

Özü də həmvətənlərimiz xaricdə gördükləri bu nailiyyətlər haqqında elə fəxrlə danışırlar ki, sanki onların qazanılmasında mühüm rol oynayıblar. Amma bir də görürsən ki, Avropada yerdə bir kibrit çöpünün gözə dəymədiyinidən vüqarla danışan azərbaycanlı son siqaretini çıxarıb damağına (əslində ağzına) qoyduqdan sonra qutusunu əzib maşının pəncərəsindən səhər-səhər tərtəmiz süpürülmüş prospektə atır.

Həmişə düşünmüşəm: görəsən, öz vətənində qayda-qanunlara, təmizliyə riyaət etməyənlər, ölkənin inkişafı naminə bir sınıq barmağa məlhəm olmayanlar niyə xaricdə gördükləri şeylər haqqında belə qürur hissilə danışırlar? Necə olur ki, almanın, fransızın, ingilisin, yaponun uğurlarını belə yüksək qiymətləndirən, buna sevinən, hətta bunlara onun özündən də çox fərəhlənən azərbaycanlı belə şeyləri öz ölkəsində yaratmağa çalışmır? Hələlik gəldiyim qənaət bundan ibarətdir: bu adamların əksəriyyəti sadəcə gördüklərindən danışmağı xoşlayan, bununla lovğalanmağı sevən obıvatellərdir (ictimai görüş dairəsi olmayan və öz şəxsi mənafeyi ilə yaşayan adam). Onların danışıqlarının əsasən görməmişlik sindromundan qaynaqlanan bir motivi olur: mən sizin görmədiyiniz yerləri və şeyləri gəzib görmüşəm, ona görə də, sizdən üstün və yaxşı oğlanam və ya qızam. Ancaq onlar arasında belə nailiyyətlərin bizim ölkəmizə olmasını həqiqətən istəyən, buna çalışan, ancaq bunu bacarmayan və ya gerçəkləşdirmək imkanlı olmayan insanların varlığı da istisna deyil.

Vətəndə yaşamaq, işləmək, arzuları gerçəkləşdirmək çətinləşəndə insan istəməsə belə, bəzən həmin o küçələrin şampunla yuyulduğu, qazamatın beşulduzlu hotel qədər komfortlu olduğu, yüksək səviyyəli təhsilin, səhiyyənin pulsuz olduğu xarici ölkələrə üz tutmaq istəyir. Həyatımızın çətin məqamlarında belə hissləri, yəqin ki, hamımız yaşayırıq. Ancaq düşünürsən ki, həmin o xarici ölkələr haqqında söylənənlər düz olsa belə, onlara bizim nə dərəcədə haqqımız çatır. Axı xaricdəki o firavan həyat, o geniş imkanlar, o gözəllik və təmizlik, o azadlıq və geniş hüqüqlar öz-özünə və birdən-birə birə yaranmayıb. Adama deməzlər ki, qardaş, biz bu ölkəni dişimizlə, dırnağımızla qurub-yaratmışıq ki, siz gəlib hazırına nazir olasınız?

Və çox gümün ki, deyirlər də. Mən Türkiyə dövlətinin hesabına orada təhsilimi davam etdirəndə, tükiyəli qardaşlarımız bunu həm mənə, həm də digər türkdilli ölkələrdən olanla dəfələrlə açıq şəkildə dedilər. O qədər dedilər ki, axırda küsüb gəldim və bir daha getmədim. Qürurum bunu qaldırmadı. Orada onlardan bizdə olmayan bir ibrətamiz atalar sözünü də dəfələrlə eşitdim: “Her horoz kendi çöplüğünde öter”. Yəni hər bir xoruz öz zibilliyində banlayar.

Odur ki, yeganə çıxış yolumuz öz ölkəmizi düzəltmək, inkişaf etdirmək, qabaqcıl ölkələr sırasına qoşmaqdır. Bu, əlbəttə, asan məsələ deyil. Hətta çox çətindir, ağrılıdır, uzun bir prosesdir. Lakin mümkündür və bunun alternativi yoxdur.

Mən həmişə deyirəm: bu ölkənin təməl daşı, fundamenti, əsası onun insanı, vətəndaşı, cəmiyyətidir. Ölkədə nə varsa, hamısı onun vətəndaşına, o vətəndaşlardan ibarət cəmiyyətə adekvatdır. Hökumətimiz də, qayda-qanunlarımız da, ədəbiyyatımız da, jurnalistikamız da, təhsillimiz və səhiyyəmiz də, yollarımız da... Bir sözlə, nəyiksə oyuq.

Ancaq dəyişməliyik, buna məhkumuq. Köhnə stereotiplərdən, qəliblərdən çıxmalı, köhnə düşlüncələri, ideyaları başımızdan atmalı, bunun üçün də savadlı, dərrakəli, ədalətli, mübariz, prinsipial, dürüst olmalıyıq.

Fikrimi son günlər baş verən bir hadisəni misal gətirərək tamamlayıram: ötən həftə poliklinikada həkim-endokrinoloqun qeyri-etik, kobud rəftarıyla qarşılaşdıqdan sonra, bu haqda Səhiyyə Nazirliyinə məktub yazdım və məktubun mətnini feysbuk profilimdə paylaşdım. Saytlardan biri də, sağ olsun, həmin müraciəti dərc etmişdi. Bu gün səhər həmin poliklinikanın baş həkimi mənə zəng vurub üzrxahlıq etdi, həkimlə söhbət edəcəklərini və bu halın bir daha təkrar olunmayacağını bildirdilər.

Bax belə. Deməli, bizdə də heç bir qohumun, tanışın, dayın, əmin olmadan vətəndaşa hörmət edilməsini, ondan üzr istənilməsini təmin etmək və bu minvalla əsil vətəndaş cəmiyyəti qurmaq mümkündür. Amma bu, birdən-birə olmayacaq, bunun üçün hamı fəal olmalı, hüququnu, qayda-qanunları bilməli, prinsipial, ədalətli, əzmkar, dürüst olmağı bacarmalıdır.