Üzeyir Mehdizadənin “krallığı” haradadır?

uzeyir-mehdizadenin-kralligi-haradadir
Oxunma sayı: 3389

Raminə Eyvazqızı

Yəqin ki, çoxu mənlə razılaşar. Bəzi musiqilər var ki, onlara ya ucsuz-bucaqsız dəniz kənarında qulaq asmalısan, ya da qaranlıqda, günəş işığından kəm məkanda dinləməlisən. Həzinlik hərdən dərddən çox rahatlıq verir. Hər yerdə musiqiyə qulaq asmaq adamı dincəldə bilməz. Odur ki, addımbaşı qulaqcıqla dolaşanların çoxunun musiqidən zövq alma səmimiyyətinə əsla inanmıram, heç inandıra bilməzlər də. Hamının qulaq asdığı musiqi artıq məşhurdur, şedevr deyil. Hətta beləsi çox vaxt təhlükəlidir.

Bizi elə bir vəziyyətə gətiriblər ki, qışqıran, zırıldayan, sızıldayan, cüyüldəyənin mahnı oxuduğuna inanmağa çalışırıq. İncəsənətin bütün sahələrində olduğu kimi musiqi mədəniyyətimizin tarixi fasilə verib. On illər sonra bu günlər musiqişünaslıq üçün nə tənqidi obyekt, nə də hər hansı mənada müzakirə mövzusuna çevriləcək. Bəlkə də “doğulmadan itirilmiş musiqi əsərləri dövrü” kimi də xarakterizə olundu. Həqiqi musiqişünaslar ağzına elə su alıb durublar ki, həmin su artıq bataqlığa çevrilib. Lap zövqsüz, bayağı, ayağı, budu, baldırı qırılmış mahnılar bataqlığı kimi.

Musiqimizin kralı varmış, bilməmişik. Primadonnasının məzəli dəsgahlarından sonra Üzeyir Mehdizadə “kral”lığından xəbərlər coşdurur çoxunu . Onunla fəxr edənlər var. Bizim övladımızdır, insan kimi. Muğənni kimi ovladlığa götürmək kimi niyyətimiz ola bilməz. Mehdizadə musiqimizə yeni dərd, xəstə nəfəs gətirdi. Havası elə “səfalı” oldu ki, içinə çəkənlər üzeyirkolik oldular. Çoxu onu düz yuyub, tərs sərir və necə olursa Üzeyir “sehrinin” də quluna çevrilir. Maşınında, qulaqcığında bu gəncin mahnılarına qulaq asırlar. Nə baş verirsə, Google-da Üzeyir adını axtarışa verəndə dahi Üzeyir Hacıbəyovun qarşısını balaca Üzeyir kəsir, Mehdizadə soyadı gözə girir. Kütlə dediyimiz elə içimizdə balalayan insanlar deyilmi? Ya onların qulağında problem var, ya da bu gəncin dahi Hacıbəyovun adını insanların yaddasından silə biləcək böyük gücü? Ay ərzində on minlərlə pul qazanan 24 yaşlı gəncin xalqı üçün xidməti qulaqları və zövqləri öz xeyirinə dəyişməkdirsə, onun krallığının əyyanları kimdir bəs? Son Dərbənd konsertinin anonsunda “Azərbaycan musiqisinin kralı” titulu səsləndiriləndə bu gənc dönüb Azərbaycandan halallıq aldımı? Hansı musiqi? Hansı kral? Bu yekəbaşlığın sorgu-sualını edən də olmadı. Musiqimiz Mehdizadənin çıxan səsi kimi quyudadı. Ona nə kəndir verirlər oradan çıxıb özünə gəlsin, nə də birdəfəlik batırırlar.

Bizim musiqi o vaxt azarladı ki, meyxana deyənlər deyişməni söyüşə çevirdi, kişilər əlindəki sazı qurşaqdan aşağıya düşürdülər, qulağının arxasında çığırtdılar, pul yaxşı musiqi, sənət üçün yox “kukla” qadın müğənni istehsalına qoyuldu, xalq mahnılarını elə abıra saldılar ki, tanımadıq, bəstəkar mahnılarımıza “anonim” deyildi susduq, mehdizadələrin “əsər”lərinə alqışlar səsləndi. Mehdizadənin arxasınca danışıb, görəndə az qala üzünü yalayan( bəzi tv aparıcılar da) insanlar artdı. Və biz musiqimizin əvvəl yolunu, sonra da cığırını itirdik...