Uşaqların oyuncağından qırtıb qarnına yedirtmək

usaqlarin-oyuncagindan-qirtib-qarnina-yedirtmek
Oxunma sayı: 2574

Nərmin Dadaşova

Gözümü açandan böyük, təmtəraqlı evdə yaşamışam. Evimiz həmişə isti, soyuducumuz dolu olurdu. Ancaq mən bir dənə konfet artıq yemək üçün balacaca nəfəslikdən qapısı həmişə bağlı olan qonaq otağına keçmək zorunda qalırdım. Bizdə hər şey say ilə qoyulurdu süfrəyə. Bu qədər varın içində mən minimalist kimi böyüdüm. Ancaq uşaqlığımla bağlı bir dənə də olsun “yoxluq” travmam olmadı. Özümə məxsus otağım oldu, kompüterim oldu, videokameram oldu, telefonum oldu, macəra dolu yay tətillərim oldu, qucaq-qucaq kitablarım oldu... Sonra böyüdükcə kvadrat-kvadrat balacalaşdı yaşadığım evlər. Nə o böyüklüyü, nə o dəbəbəni axtarmadı gözüm heç yerdə.

Bütün bunlara baxmayaraq illər sonra mən övladlarım üçün təlim-tərbiyə yolunu başqa cür seçdim. Nədən nə qədər yeyəcəklərinə qarışmadım, dişlədiyi almanı yarım qoyub başqasını götürmək sərbəstliyi verdim, mən onlara doyunca şokolad yeməyə icazə verdim. Mən onlara ən yaxşı oyuncaqlar, ən bahalı paltarlar almaq üçün evin büdcəsinin sıxıb suyunu çıxardım. Mən onlara divarları yazmağa icazə verdim, özüm öz əllərimlə çəkdikləri şəkilləri divara mıxladım. Onların evimizdən, əşyalarımızdan, maddi və mənəvi dəyərinin nə olmağından aslı olmayaraq hər şeydən dəyərli olduqlarını hər dəqiqə hiss elətdirməyə çalışdım. Onlara mən burdayam, arxanızdayam, nə istəyirsiniz, necə istəyirsiniz edin - mesajları ötürdüm. Doğrumu etdim?! Bilmirəm.

Balacamın israrı ilə şənbə günü “yolka”mızı qurduq. İstədikləri kimi, bağçada gördükləri o böyük yolkanın eynisindən qurdum onlar üçün. Sonra üstündə çoxlu oyuncaqlar istədilər. Bir dənə də olsun boş budağı yox imiş cizgi filmlərində gördükləri yolkaların. Bütün həftə sonumu kartonlardan, rəngli saplardan, kağızlardan bəzəklər düzəldərək keçirmək məcburiyyətində qaldım. Çünki onlara, “yolka oyuncağına o qədər pul verə bilmərəm” deyə bilmək şansı qoymamışdım özümə. Ala bilmirəmsə, düzəltməliyəm, başqa yolum yoxdu. Bu da sizin üçün “minimalist ananın maksimalist uşaqları” dramının hüzünlü sonu olsun...

Yazdım deyim ki, sizi, cibinizdə buza dönmüş əlinizi, düşünməkdən qırış-qırış olmuş beyninizi, qaşınızın ortasındakı düyünü yaxşı başa düşürəm. Normal qidalanmaq, işıqlı, isti otaqda oturmaq vacibdir, lazımdır, şərtdir- amma həm də çətindir. Hətta çox çətindir. Uşaqların oyuncağından qırtıb qarnına yedirtmək kədərlidi... İndi onlara “yox” demək qorxusu ilə od tutub yanan vitrinlərin qarşısında ucu-bucağı görünməyən boşluğa düşdükcə çıxış yolu axtarıram - meditasiya, antidepressant və sairə və ilaxr...

Bu gün oxudum ki, bir gündə üç insan intihar edib. 70, 68 və 23 yaşlı 3 kişi. Səbəbləri bəlli deyil intiharlarının, ancaq həm də bəllidir.

İntihar çıxış yolu deyil, ancaq həm də çıxış yoludur.