Türkiyədə kişi axtarışı...

turkiyede-kisi-axtarisi
Oxunma sayı: 3733

Raminə Eyvazqızı

Türkiyə türkcəsində “kişi” şəxs deməkdir, “kişilik” dedikdə isə xarakter, xasiyyət nəzərdə tutulur. Bəzən bizdə sonuncu kəlmənin məna çalarını iki nəfər dalaşanda da bilmədən bir –birinə işarə edir.

“Kişiliyin varsa...” Söhbət şəxsin güclü xarakterindən gedir. Bizim eldə bildiyimiz kişi sözü, kişi cinsi formatından çıxmaq üzrədir. Çünki ailələrimizdə kişilik edən qadınlarımız var, sözün əsl mənasında ailəni dolandıran kişi qadınlarımız. Yenə də qadın, onun qayğısını çəkən kişini arzulamaqdan əsla vaz keçə bilməz! Bir şərtlə ki, öz “kişiliyini” qoruya bilə.

Türkiyəyə kişi (guya, arvadabaxan imici yaradıblar) dalınca gedən qadınlarımızın çoxu güclü xarakter arxasınca düşənlərdir. Buna cox inanmaq istəyirəm. Elə məşhur sənətkar ailəsinin bir üzvü olan Sədaqət Dadaşovanın da bu “kişilik” axtarışını qəbul edirdim. Ta ki həmyerlimizin sonuncu videosu və sirri Türkiyə telekanalından doğma vətəninə ötürülənə qədər. İlk çıxışını izləyənlər kimi mənə də onun cəsarəti və rahat davranışı təəccüblü gəldi. 64 yaşında belə yenilik axtarması, təklikdən qopub cütləşməyə meyl etməsi normal da sayılar, anormal da.

Guya bu vaxta qədər Türkiyə türkcəsində bilməməsi əcaib yalan olduğu qədər, kişi axtarışı zamanı evdə daimi isti su arzulaması gülünc bəhanəyə çevrildi. Amma biz xanımın bu yaşda durub türkiyəliyə ərə getmək istəyini qamçılamağa da ehtiyyat etdik. Hər halda şəxsi işidir. Baxmayaraq ki, o hər kəsdən biri deyildi, seçilən, hörmətli ailəni təmsil edirdi. Zarafat deyil, Məlik Dadaşov kimi dahi, obrazlarında olduğu qədər həyatda da xarakteri olan kişinin əvvəl qardaşqızı, sonra isə gəlini olmuşdu. Belə “kişiliyi” olan şəxsin ailəsindən çıxan birinin yaşlı-başlı vaxtında özünü xalqına güldürməsi başucalığı sayıla bilməz.

Üstəlik Rafayel Dadaşovun xanımı, Türkiyədə də tanınan xalq artisti Briliyyantın bacısı olmağın məsuliyyəti vardı. Çox maraqlıdır ki, Sədaqət xanım bu müddət ərzində hələ ki, nüfuzlu aktyor, sənətkar ailəsindən olduğunu gizli saxlaya bilir. Görünür, bacısının bu barədə qəti tapşırığını alıb. Briliyyant Dadaşovanın Sədaqətin verilişdə özünü ifadə edə bilməməsi fikri isə növbəti gülüşü doğurur. Guya biz eşitmirik, əfəlik, bacısının dedikləri qeyri-adi anlaşılmazdır və sairə. Qəhrəmanımız son açıqlamasında verilişin aparıcısının “sizin illər əvvəl bir sevgiliniz olub” sualının üstündən keçə də bilərdi.

İstəsəydi, açıb ağartmazdı da. Amma studiyaya olan zəng həmyerlimizin sədaqətini də şübhə altına qoydu. 27 il əvvəl evli adamla münasibətini açıqlığı ilə etiraf etməsi təəssüf doğurdu. Məlik Dadaşovun gəlinin evli kişi ilə nə işi ola bilərdi? Üstəlik münasibətlərinə doğulan uşaqla nöqtə qoyulması lap rüsvayçı məqam idi ki, bunu da Sədaqət Dadşova elə fəxrlə dilə gətirdi ki. İndi bu qadına türkiyəlinin hansı xoş münasibəti ola bilər? Kiminsə ailəsini dağıtmaq planı, 7 il ərzində hansısa qadının halal kişisinə sahib çıxması..... 4 uşaq anası....

Hələ studiyaya zəng edənin adının Asif və ya Əsgər olması mübahisəsi. Barı susaydın qadın. İllərdir, aktrisa kimi ən azı “Kaaaazım, bay-bay istəmirsən, Kaaazım....” sözləri ilə xatirəmizdə hörmətin vardı. Bilmədiyimiz, eşitmək istəmədiyimiz ailə, şəxsi sirrlərini o taydan bu taya bəyan etmək lazım da deyildi. Üstəlik sərgilədiyi oyunla şou yaratmaq bacarığından qürurlanmağı onu göstərir ki, bəzi insanlar illərini hədər yaşayırlarmış. S. Dadaşovanın bu davranışından sonra adam ürəkdən bu sözləri demək istəyir. 64 yaşda başqa eldə kişi axtarmazlar, övlad, nəvə arasında ağbirçəklik edərlər,ay Sədaqət Dadaşova. Əgər ağıllı məsləhət verənin yoxdursa, icazə ver, xalqın sənə yiyəlik eləsin...Ailənə, kökünə sədaqət gərəkdir!

Belə məşhurlaşmaq adamı alçaldar, ucaltmaz!