Təqaüdçünü öldürən qızın nənəsi - “Sevdiyi oğlan olsaydı…”

teqaudcunu-olduren-qizin-nenesi
Oxunma sayı: 3878

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Sumqayıt şəhərində dəhşətli qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, azvision.az qətlə bağlı yeni məlumatlar əldə edib.

Qətldə təqsirli bilinən Şərqiyyə Ramazanovanın nənəsi Naibə Ramazanova saytımıza bildirib ki, nəvəsinin psixoloji problemləri olub:

“Biz Şərqiyyənin qətl törətməsi ilə bağlı xəbəri televiziyadan gördük. Atası Mehdi və gəlinim ağlaya-ağlaya Sumqayıta getdilər. Şərqiyyə mənim ilk nəvəmdir. O, xəstə idi. Atası tez-tez müalicə üçün onu İrana aparırdı. Başında xəstəlik var. Əlimizdə onun xəstə olması ilə bağlı sənədlər də var. Valideynləri həmin sənədləri Sumqayıta aparıblar”.

Nəvəsinin sakit qız olduğunu bildirən N.Ramazanova Şərqiyyənin qatil ola biləcəyinə inanmadığını deyib.

“Nəvəm çox yaxşı qızdır. O, niyə qatil olsun ki? Bu sualı özümə verirəm, cavab tapa bilmirəm. Hamımız onunla fəxr edirdik. Bizim bildiyimizə görə sevdiyi oğlan olmayıb. Sevdiyi oğlan olsaydı, çoxdan evləndirərdik. Nəvəmə qara yaxırlar. Yəqin ki, onu həbs edəcəklər. Biz onun adam öldürdüyünə inanmırıq. Bəlkə də o qadını başqası öldürüb, Şərqiyyənin üstünə atırlar”.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Ramazanova tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.