Tələbə Gənclər Təşkilatlarının I Regional Forumu keçirilib - Gəncədə

telebe-gencler-teskilatlarinin-i-regional-forumu-kecirilib
Oxunma sayı: 1604

"2016 Avropa Gənclər Paytaxtı" ili çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Tələbə Gənclər Təşkilatlarının I Regional Forumu keçirilib.

“Qafqzinfo”nun məlumatına görə, Forumda Prezident Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkilləri, universitetlərin prorektorları və gənclər təşkilatlarının sədrləri iştirak edib. Forum öz işinə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, 3 paneldən ibarət olacaq forumda gənclər təşkilatlarının dövlət gənclər siyasətinə verə biləcəyi tövhələr haqda fikir mübadiləsi aparılacaq. Forumun nəticəsi olaraq tələbə gənclər təşkilatlarının gələcək inkişafı üçün qərarlar qəbul olunacaq.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edib ki, ölkədə çox uğurlu gənclər siyasəti həyata keçirilir və burada gənclər təşkilatının rolu danılmazdır. Tələbə Gənclər təşkilatları da hər zaman innovativ təşəbbüslərlə çıxış edərək, həm paytaxt Bakıda, həm də regionlarda gənclərimizin şəxsi inkişafına yönəlik tədbirlər həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında deyib ki, Azərbaycanda həyata keçirilən tələbə gənclər siyasəti dünya üçün bir örnəkdir. Dövlətimizin gənclərə diqqəti və qayğısı hər bir sahədə özünü göstərir. Azərbaycanın gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxışında vurğulayıb ki, Tələbə Gənclər Təşkilatlarının I regional forumunun “Avropa Gənclər Paytaxtı” olan Gəncədə keçirilməsi bu şəhərdə gənclərin fəallığından xəbər verir. Gəncə şəhərində təhsil alan və yaşayan gənclər daima dövlət gənclər siyasətinə öz tövhələrini verirlər. Bu siyasət bundan sonra da davam etdiriləcək.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov çıxış edərək cəmiyyətdə gənclərin rolundan danışıb. Qeyd edib ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə fəal mövqedən çıxış edirlər. Dövlət gənclər siyasətinin həyata keçirilməsində fərqlənən bir qrup region gəncinin Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılması da Azərbaycan gəncinin uğurundan xəbər verir.

Millət Vəkili Naqif Həmzəyev gənclərlə aparılan işlərdən ətraflı bəhs edib, onların şəhər təşkilatının tədbirlərində fəallıqları ilə seçildiyini, təşkilatın gəncləri önə çəkdiyini vurğulayıb. Millət vəkili həmçinin bildirib ki, dövlət gənclər siyasəti nəticəsində Gəncə 2016-cı ilin “Avropa Gənclər Paytaxtı” seçilib. Bu məqsədlə şəhərimizdə yüzlərlə yerli və beynəlxalq səviyyəli tədbirlər həyata keçirilib ki, həmin tədbirlərdə minlərlə gənc iştirak edib. Keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün bu gün Avropanın müxtəlif ölkələrindən yüzlərlə gənc Gəncəyə səfər edir, onun mədəniyyəti, tarixi ilə yaxından tanış olurlar.

Çıxışlardan sonra sonra TGT sədrləri və rəsmi qonaqların iştirakı ilə TGT-lərin fəaliyyətinin təkmilləşdirilməsi, problemlər və perspektivlər, TGT-lərin vəzifə və öhdəlikləri, TGT-lərin gənclər siyasətində rolu mövzuları panellərdə müzakirə edilib. Sonda panellər üzrə müzakirələr nəticəsində forumun qətnaməsi qəbul olunub.