Təhsilə dəstək davam edir

tehsile-destek-davam-edir
Oxunma sayı: 904

Azercell Telekom MMC SABAH Karyera Akademiyası proqramı çərçivəsində tələbələrə dəstəyini davam etdirir. Şirkət əməkdaşları bu dəfə SABAH Karyera Qış Məktəbi layihəsi çərçivəsində Qubada tələbələrə təlimlər keçiblər. Azercell Telekom MMC-nin İnsan Qaynaqları departamentinin Biznes Partnyorluq şöbəsinin rəhbəri Aytən Fərzəliyeva və İşə Qəbul mütəxəssisləri Sevinc Teymurova, Vahidə Orucova, Aysel Eynullayevanın keçdikləri təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

100-ə yaxın tələbənin iştirak etdiyi təlimdə karyera planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat bacarıqları və s. mövzular üzrə təlim keçirilib, tələbələrlə müzakirələr aparılıb. 

İştirakçılar Azercell əməkdaşlarının təqdim etdiyi təlimin faydalarından danışdılar. Şahin Xəlilov, AzTU: “Təlimdə iştirakdan sonra CV-min nə qədər yanlış tərtib olunduğunun fərqinə vardım. Real olaraq CV-mi yenidən yaratmaq imkanı qazandım. Intervyu mərhələsində qalib gəlmək üçün incə detallara qədər öyrədildi. Artıq tam hazır şəkildə vakansiyalara “hücum etməyə” hazıram.”

Əfsanə Fərzəliyeva, ADİU: “Təlim sayəsində biz düzgün CV yazılmasını öyrəndik və bu nümunədən sonra bizə aydın oldu ki, nə səbəbdən müsahibəyə dəvət olunmaya və ya müsahibə mərhələsindən uğurla keçməyə bilərik. Təlim zamanı biz müsahibələrin növləri və mərhələləriylə əyani şəkildə tanış olduq. Hesab edirəm ki, artıq daha əminliklə əmək bazarına atıla bilərik!”

İki gün davam edən təlimin sonunda iştirakçılara sertfikatlar, təlimçilərə isə təşəkkürnamələr təqdim olunub.