Təhsil Nazirliyindən “Dilbər” iddialarına - Cavab

tehsil-nazirliyinden-dilber-iddialarina-
Oxunma sayı: 4457

Təhsil Nazirliyi orta məktəbin 5-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş “Ana dili” dərsliyindəki müzakirələrlə bağlı açıqlama verib.

Qafqazinfo xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “İradənin gücü” mətni haqqında düzgün nəticə çıxarılmadığını vurğulayıb:

“Dərsliyin 15-16-cı səhifələrində getmiş “İradənin gücü” mətnində adı çəkilən Dilbər müəllim saytın yazarının düşündüyü kimi, kişi deyil, qadındır. Məlumat üçün bildirirəm ki, Azərbaycan dilində cins kateqoriyası olmadığına görə dərsliklərdə hər iki cins üçün yalnız “müəllim” sözü işlədilir. Görünür, həmin yazının müəllifi “Dilbər müəllim” ifadəsindəki “müəllim” sözünün kişiyə aid olduğunu düşünmüş və Dilbər adını kişi adı kimi “anlamışdır”.

Hekayədə təbiətən çılğın olan Nahidin iradəsinin möhkəmlənməsi üçün müəllimin tövsiyyələri ifadə olunmuşdur.

İnformasiyanın müəllifi hekayəni sonadək oxumadan 15-ci səhifədə verilən Nahidlə yanaşı olan kor kişinin şəklini Dilbər müəllim kimi təsəvvür etmiş və milli əxlaqımıza xas olmayan düşüncə tərzi ilə uydurma fərziyyələr irəli sürmüşdür...

Əgər yazar hekayəni axıra qədər oxusaydı, anlayardı ki, Nahidin kürəyinə toxunan Dilbər müəllim yox, əlində əsa olan kor kişi imiş (səh.16, 13-cü abzas).

Təəssüflə bildirirəm ki, xəbər müəllifi dərslikdə xoş niyyətlə verilən tərbiyəvi xarakterli bir mətndən əxlaqi dəyərlərimizdən uzaq olan üzdəniraq “nəticəyə” gəlmişdir. Əslində bununla da özünün natamam müəllif təxəyüllünü ortaya qoymaqla, oxucunu “sensasiyalı” xəbərlə aldatmağa cəhd etmişdir”.

Xatırladaq ki, sözügedən mətndə kişi müəllimin Dilbər adı ilə təqdim edilməyi, onun bığlı rəsmi ilə adının arasında çox böyük ziddiyətin olduğu, hekayənin ümumilikdə heç bir məna ifadə etmədiyi müzakirə mövzusuna çevrilmişdi.