Sürüşmə və çökməyə qarşı bu tədbirlər görülməlidir

surusme-ve-cokmeye-qarsi-bu-tedbirler-gorulmelidir
Oxunma sayı: 885

Dağ-mədən obyektlərində sürüşmə, uçqun, çökmə baş vermə ehtimalı olan sahələrdə hansı mühafizə tədbirlərinin görülməli olduğu müəyyənləşdirilib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda əksini tapıb.

Sənədə əsasən, şəraitindən asılı olaraq dağ-mədən obyektlərində təhlükə potensiallı təbiət hadisələrinin (sürüşmə, uçqun, çökmə və s.) baş vermə ehtimalı olan sahələrdə kompleks tədqiqatların aparılması və tədqiqatların nəticələrinə əsaslanaraq, müvafiq layihə əsasında qabaqlayıcı mühəndisi tədbirləri yerinə yetirilməlidir. Faydalı qazıntı istismar olunan karxanalarda təhlükəsiz iş rejiminin yaradılması məqsədi ilə texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun berma və pillələrin yaradılmasına nəzarət gücləndirilməlidir. Yeraltı qazmalarda, operator köşklərində və partlayış materialları saxlanılan anbarlarda yanacaq sürtkü məhsullarının saxlanmasının qarşısı alınmalıdır. Yeraltı qurğularda ehtiyat kommunikasiya xətləri yaradılmalı və fasiləsiz hava təmizləyici avadanlıqlarla təchiz olunmalıdır.

Qum-çınqıl karxanalarında istismar norma və qaydalarına əməl olunması və onlara yaxın infrastruktur obyektlərə mənfi təsirlərinin qarşısını almaq məqsədi ilə vaxtaşırı aidiyyəti təşkilatları cəlb etməklə nəzarət gücləndirilməlidir. Daimi olaraq istehsal və istismar sahələrində əmələ gələn insan sağlamlığına və ətraf mühitə ciddi ziyan vuran tozlamanın qarşısı alınmalıdır. Şəraitindən asılı olaraq çay hövzələrində yaradılmış karxanaların istismar və istehsal sahələrini sel sularından və ildırımdan qorunması məqsədi ilə su və ildırımötürücü sistemlər yaradılmalıdır.

Texnogen xarakterli hadisələrin baş vermə ehtimalı yüksək olduğu obyektlərdə bir qayda olaraq qəzanın ləğv edilməsi planı hazırlanmalı və dağ-mədən xilasedici dəstələri yaradılmalıdır. Ekstremal vəziyyətlərdə partlayış materiallarının müvəqqəti köçürülməsi məqsədi ilə koordinasiyaların yaradılması da vacibdir. Partlayış materialları saxlanılan anbarların ətrafında texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun mühafizə zonaları nəzarətdə saxlanmalıdır. İstehsal və istismar sahələri yanğınsöndürmə vasitələri ilə təchiz edilməli, orada çalışan fəhlə və qulluqçulardan ibarət könüllü yanğın dəstəsi yaradılmalı, işçi personalla vaxtaşırı yanğın təhlükəsizliyi tədbirlərinin və xilasetmə işlərinin həyata keçirilməsinə dair təlimatlandırma işləri aparılmalıdır. Yeraltı qazmalarda suvurma, havalandırma və işıqlandırma sistemlərini təmin edən ehtiyat enerji mənbəyinin yaradılmasına vaxtaşırı nəzarət edilməlidir.

Eyni zamanda bir qayda olaraq istehsalat sahələri ilk tibbi yardım və xilasedici ləvazimatlarla təmin edilməli və qəzanın baş verməsi ehtimal olunan sahələrdə qəzanın aradan qaldırılmasına lazım olan ehtiyat materialları saxlanmalıdır.