Sumqayıtın nəqliyyat sistemində yenilik - MDB-də bir ilk

sumqayitin-neqliyyat-sisteminde-yenilik-
Oxunma sayı: 2765

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbədəsində mətbuat nümayəndələrinin və marşrut sahiblərinin iştirakı ilə avtobuslarda QR Code tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Azərtac-a bildirilib ki, bu yenilik Azərbaycanla yanaşı hətta MDB-də bir ilkdir.

DANX Sumqayıt regional şöbəsinin mətbuat katibi Səidə Bəkirqızı qeyd edib ki, Sumqayıtda fəaliyyət göstərən şəhərdaxili marşrutların (1dən – 35-ə qədər) hamısında QR Code quraşdılacaq. “QR Code hazırda ən geniş və sürətlə yayılan informasiya daşıyıcı növüdür. Əgər sürücü iş zamanı sərnişinlərlə kobud rəftar edərsə, mobil telefonla danışarsa, siqaret çəkərsə, avtomobili yüksək surətlə idarə edərsə bu qurğu vasitəsi ilə dərhal məlumat mərkəzinə informasiya göndəriləcək. Məlumat mərkəzində daxil olan informasiya təhlil ediləcək və müvafiq tədbirlər həyata keçiriləcək. Əgər bir marşrut xəttindən çoxsaylı şikayətlər olarsa, həmin marşrutun lisenziyası ləğv ediləcək və xətt başqa sahibkara veriləcək”, - deyə o vurğulayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Anar Səfərli isə çıxışında Sumqayıtın nəqliyyat sisteminin daha da yaxşılaşdırılması istiqamətində vacib tədbirlərin həyata keçiriləcəyindən danışıb. A. Səfərli qeyd edib ki, yeniliyin yaxın müddətdə tətbiqinə başlanılacaq.

Proqramın əsas mahiyyəti barəsində danışan layihə rəhbəri Ziya Əsgərov bildirib ki, QR Code marşrut avtobuslarda sərnişinlərin görə biləcəyi yerə yapışdırılacaq: "Proqram Android ve İOS tipli telefonlar tərəfindən dəstəklənir. Bu proqramda sürücülər haqqında geniş informasıya bazası formalaşdırılacaq. Sərnişinlər mobil tətbiqetməni telefonlarına yükləyəcək. Əgər sürücü hansısa neqativ hallara yol verərsə, sərnişin telefonunu marşrutda yapışdırılan QR Code istiqamətinə yönləndirəcək. Belə olduğu təqdirdə sərnişinin telefonunda avtomatik proqram açılacaq. Şikayətçi adını, soyadını, əlaqə telefonunu və şikayətin məzmunu haqqında informasiyanı əlavə edib məlumat mərkəzinə ötürəcək. Bu informasiya avtomatik məlumat mərkəzinə daxil olacaq. Məlumat Mərkəzində sürücü haqqında informasiya bazasına baxılacaq. Və problemin dərhal aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçiriləcək. Bunula yanaşı, gələcəkdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin veb səhifəsi də yaradılacaq ki, bu informasiya resursunda sərnişinin dərhal şikayəti yerləşdiriləcək və müvafiq tədbirin görülməsi haqqında ona məlumat veriləcək.”

Layihə rəhbəri müraciət edilərsə Bakıda və digər regionlarda da bu yeniliyin tətbiq edilməsinin mümkünlüyünü vurğulayıb.