“Space”dəki qızın çölü, bizim içimiz qaradır…

spacedeki-qizin-colu-bizim-icimiz-qaradir
Oxunma sayı: 3948

Nərmin Dadaşova

Təxminən yüz il olar ki, televizora baxmıram. Ala biləcəyim bütün düzgün informasiyanı, dinləyə biləcəyim bütün yaxşı musiqiləri , filmləri internet vasitəsi ilə izləyirəm deyə televizor məişətdə mənimçün ən yararsız cihazdı. Di gəl, televizor sönülü olanda ürəyim sıxırlır.

Ekranı qara görmək əsəblərimə toxunur, odur ki, baxdım-baxmadım yanılı qoyuram. Nə gizlədim, bir balaca da mazoxizmə meyilliliyim var. Məsələn, açaram televizoru, taparam “Space” kanalını oturub “Sevimli şou”ya, “Toylar kraliçası”na , ya da dişimi-dişimə qıcayıb “Hər səhər” verlişində Səməd Səmədovun doğum gününə sona qədər baxaram. Belə bir potensiala sahibəm yəni. Əslində məqsədim sağlamlığıma ziyan vurmaq, özümü cəzalandırmaq deyil, bəlkə də, sadəcə anlamaq istəyidir. İnsan səhər saat səkkizdə niyə oynasın axı? Niyə rəqs etsin? Bu nə xoşbəxtlikdi, nəyə borcludular bu şənliyi?

Yəni doğurdanmı Telli Borçalıya elə gəlir, məni onun rəqsi pozitivə yükləyəcək, həyat eşqimi artıracaq, günümü xoş edəcək, mənə motivasiya verəcək? Nə isə, keçək əsas məsələyə. Bir neçə gün əvvəl, “space” kanalı yenə izləyicilərini təəccübləndirdi. Belə ki, qara dərili gözəl bir xanım, doğma dilimizdə hava proqnozunu təqdim etdi. Və təbii ki, bu birmənalı qarşılanmadı. Söhbəti aparıb “Azərbaycan qızlarına nolub, bəyəm”-ə qədər çıxardanlar da oldu. Xanımı tənqid atəşinə tutdular, güldülər, ələ saldılar.

Halbuki dediklərini açıq və net şəkildə anlamaq olurdu. Təşəbbüs də yaxşıdı, yenilikdir, təbliğatdır. Həm də bir mesaj idi, irqi ayrıseçkiliklə bağlı. Ki, olmadı.

Biz bu mesajı ötürə bilmədik cəmiyyətə. Azərbaycan qəzeti “Afrikadan gəlmiş Azərbaycan gözəli” başlıqlı yazı ilə bizə uşaqlığımızdan bəri öyrədilən “dinindən, rəngindən, irqindən aslı olmayaraq” cümləsini təkzib etdi. Xanımın qaradərili olmasını az qala hər cümlədə qeyd edən müəllif, tənqidi məqaləsində bu seçimə görə telekanalı zövqsüzlükdə, Azərbaycan qadınının gözəlliyinə biganəlikdə və dönüklükdə ən nəhayət, Azərbaycan dilinə hörmətsizlikdə günahlandırıb.

Deməli, hörmətli müəllif hava haqqında xəbərlərə məhz Azərbaycan qadınının gözəlliyinə tamaşa etmək üçün baxırmış, qara dərili olmağı zövqsüzlük hesab edirmiş, efirdə Rus aksenti, türk ləhcəsi, ingilis şivəsi ilə danışan yerlilərimizi görməzdən gəlib, dilimizi təzə öyrənməsinə baxmayaraq olduqca anlaşıqlı çıxış edən xanımı topa tutub. Kanal isə öz növbəsində tənqidlərə dözə bilməyib Tendai Shereni işdən uzaqlaşdırıb.

Deməli, tolerant ola bilməməyimiz daha bir nəfərin işsiz qalmasına səbəb olub. Özü də, özündən asılı olmayan səbəblərə görə...

Yadınızda olar bəlkə də, illər əvvəl toy adət -ənənələrini yüksək səviyyədə tənqid etmişdim. Yeknəsəklikdən batıb israfçılıqdan çıxmışdım. 12 min işarəlik şikayətin çap olunmasından 4-5 ay sonra da həmin adət-ənənələrin demək olar ki, hamısının icra olunduğu bir toy məclisində “gəlin” olmuşdum. Bir xeyli pərt olub, uzun müddət heç nə yazmamışdım, başımdan yekə danışmamalı olduğumu öyrənmişdim. İndi ümid edirəm bu xanımı məsğərəyə qoyanlar, evdə uşaqlarına pafosla tolerantlıqdan, bərabərlikdən dərs keçib özlərini gülünc vəziyyətə düşürməyəcəklər.

Əgər siz, “Space”i dilimizə hörmətsizlikdə qınayırsınızsa mən də sizi irqçilikdə günahlandırıram. Elə şeylər var ki, onları biz özümüz seçə bilmirik. Doğulduğumuz yeri, dərimizin rəngini, valideynlərimizi... Amma dostlarımızı seçə bilirik.