Şou-biznesin tərbiyəsiz nümayəndələri...

sou-biznesin-terbiyesiz-numayendeleri
Oxunma sayı: 3832


Rusiyada yaxşı evi, üç restoranı, beş-altı mağazası olan tanışım Azərbaycana köçməyinə etiraz edən qohumlarına belə demişdi: “Uşaqlar yavaş-yavaş böyüyürlər. Mən o mühitdə oğul böyüdüb, qız tərbiyə edə bilmərəm”.

Ötən ay ABŞ-da olanda da analoji vəziyyətlə qarşılaşdım. Çikaqoda yaşayan türk iş adamı səbirsizliklə məktəblərin bağlanmasını gözləyirdi ki, İstanbula dönsün. O, azad rəqabət mühitinin hökm sürdüyü Amerikadan getmək istəməsini belə izah etdi: “Bu ölkədə 16-17 yaşda bakirə qız tapmaq mümkün deyil. Mənim də iki azyaşlı qızım var. Var-dövlət xatirinə onları alovun içinə ata bilmərəm”.

Ağıllı, tərbiyəli övlad böyütmək dünyanın hər yerində çətindir. Amma Azərbaycanda fəaliyyət göstərən telekanallar valideynlərin işini daha da zorlaşdırır. Oğlanlarımız gözlərini açanda ekranda Samir Bağırovu, qızlarımız isə Aygün Kazımovanı görürlər. Bir dəfə ANS-də “Açıq söhbət” verilişində bu mövzunu müzakirə edəndə, müğənni Vasif Məhərrəmli belə dedi: “Bizdən xoşunuz gəlmirsə, kanalı dəyişin”.

Bu, elə də asan deyil. Çünki şou-biznesin küt və tərbiyəsiz nümayəndələri bütün telekanallarda boy göstərirlər. “Açıq söhbət”də 45 dəqiqə ərzində Vasif Məhərrəmliyə izah edə bilmədim ki, valideynlərin əlinə avtomat alıb, gecə-gündüz uşaqların başının üstünü kəsdirmək imkanı yoxdur. Yaxşı olar ki, şou-biznes əhli özünü adam kimi aparsın.

Uşağın tərbiyəsinə həm də kənar amillər təsir göstərir. Dəfələrlə səsləndirdiyim fikri yenə təkrarlamaq istəyirəm: “Uşaq balıq deyil ki, onu akvariumda saxlayaq”. Hətta evimizi akvariuma çevirmək cəhdi də nəticə verməyəcək. Çünki biz istəsək də, istəməsək də o, bir gün “akvarium”u tərk edəcək...

Bəzi valideynlərin oğlan uşaqlarının tərbiyəsinə etinasız yanaşması məni həmişə narahat edib. Bunun nəticəsidir ki, orta məktəbin yuxarı siniflərində oxuyan oğlanların bir çoxu siqaret çəkir, küçələrdə avaralanır, küt və savadsız olurlar. Məncə, pis yola düşmüş qızla, narkotik maddələrin aludəçisi olan oğlan arasında bir o qədər də böyük fərq yoxdur. Sadəcə olaraq, biz bütün yaramaz əməlləri oğlanlara yaraşdırdığımız üçün qızların pis hərəkətlərini həzm edə bilmirik.

Neçə vaxtdır bir sual mənə rahatlıq vermir: Rusiya üçün xarakterik olan açıq-saçıq mühitdə qızının böyüməsini istəməyən tanışım insanların bir tikə çörəklə sınağa çəkildiyi Azərbaycanda oğlunu düzgün tərbiyə edə biləcəkmi? Axı, qızların bəkarətini qoruduğu bu ölkədə neçə-neçə bığlı-saqqallı kişinin ləyaqətini itirdiyini öz gözlərimizlə görmüşük. Niyə anlamaq istəmirik ki, bəkarət qadın üçün necə dəyərlidirsə, ləyaqət də kişi üçün o qədər əhəmiyyətlidir? Məncə, qızının bəkarətinin qeydinə qalan valideyn həm də oğlunun ləyaqətlə yaşamasına çalışmalıdır. Əgər belə olsa, rüşvətxor, yaltaq, ikiüzlü, adamlar ətrafımızda meydan sulamazlar...