“Skamyaların üstünə sevgi mesajları yazırlar” - Bulvarın rəis müavini

skamyalarin-ustune-sevgi-mesajlari-yazirlar-
Oxunma sayı: 3051

“Dəfələrlə olub ki, kimsə gül oğurlamaq, ağacları sındırmaq, onları kəsici alətlə cızmaq, skamyaların üstünü yazmaq istəyib. Bəzən də ağacların, skamyaların üstünə sayt adları, sevgi mesajları və başqa şeylər yazırlar. Təəssüf ki, belə hallar baş verməkdə davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu milli.az-a açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi parkdakı bütün proseslərə nəzarət edir və belə vandallıq edən insanlar barəsində qanunvericiliyə uyğun şəkildə ölçü götürülür:

“İdarənin Mühafizə Xidmətinin əməkdaşları var ki, belə hallar olanda onlar insanlara yaxınlaşıb bunu etməməyi tövsiyə edirlər. Lakin əgər həmin insanlar xidmətin əməkdaşlarına qarşı kobudluq edərlərsə və ya onlara qulaq asmayıb, əməllərinə davam edərlərsə, bu vaxt mühafizəçilər DİN-in Post Patrul Xidmətinə müraciət edirlər. Onlar da gəlib həmin adamları aparır və barələrində müvafiq tədbirlər görürlər. Çünki İdarənin əsasnaməsinə görə, mühafizəçilərin nə kimisə tutmağa, nə də təhqiqat aparmağa ixtiyarları yoxdur. Onlar sadəcə əraziyə nəzarət edir və xoşagəlməz hallar barədə hüquq-mühafizə orqanlarına məlumat verirlər".

Bakı bulvarında belə vandallıq hallarının bu gün də davam etdiyini deyən idarənin rəis müavininin fikrincə, onun aradan qaldırılması üçün cəmiyyətdə geniş təbliğat işi aparılmalıdır:

“Biz bu haqda insanlara daim məlumat veririk. Axı bu gözəlliyi təkcə şəhərin qonaqları və turistlər üçün yaratmırıq. Sakinlərimiz səhər, günorta, axşam buraya daim istirahətə gəlirlər. Ona görə də belə xoşagəlməz hallar olmasa, yaxşıdır. Amma bu hallara təkcə bulvar ərazisində yox, Azərbaycanın hər yerində rast gəlinir. Axı biz hər ağacın, hər kolun dibinə mühafizəçi qoya bilmərik. Mühafizəçinin işi ərazini gəzmək, ətrafa nəzarət etməkdir. Mühafizəçi kaktus kollarından 20 metr aralanan kimi onu yazırlar, sındırırlar. Bunun üçün insanların mədəniyyəti, tərbiyəsi yüksək olmalıdır. Bunu isə təkcə Bulvar İdarəsi və KİV-lər etməli deyil, təhsil sistemi, digər orqanlar və ailələr də öz təbliğatını aparmalıdırlar”.