Sınaq imtahanlarına getmək istəyənlərin nəzərinə

sinaq-imtahanlarina-getmek-isteyenlerin-nezerine
Oxunma sayı: 1819

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə qəbul olunmaq istəyən abituriyent və namizədlər üçün sınaq imtahanı keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün online sınaq imtahanı keçiriləcək. Qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar.

Magistraturaya sınaq imtahanına yazılışın fevralın 20-dən, rezidenturaya isə martın 19-dan həyata keçirilməsi nəzərdə tutulur. Arzu edənlər Komissiyanın internet saytının müvafiq səhifəsində ( http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə biləcəklər.

Ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə aprelin 3-də cari il üçün ilk sınaq imtahanı keçiriləcək. İmtahan respublikanın 29 şəhər və rayonundakı 61 imtahan mərkəzində təşkil olunacaq.

Aprelin 3-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat fevralın 24-dən etibarən aparılacaq. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar.

TQDK bu qurumun sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin diqqətinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq aşkarlandıqda, eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.