Silahla danışanlar

silahla-danisanlar
Oxunma sayı: 991

Fərid Hüseyn

Zəmanə ki, əliylə həyat süfrəsi saldı

Qab dibi yalayanlar o süfrədən kam aldı.

Nizami Gəncəvi


Düşündükcə lap qəribə görünür adama... belə situasiyaya, duruma bilmirsən güləsən, yoxsa ağlayasan... Hər halda gülsək də, gerçəklik bizi nə vaxtsa ağladacaq. Ağladanda isə güldüyümüz günlər inanmıram yadımıza düşə. Əksi isə mümkündür...

Qəribədir: Azərbaycanda hamıya yer var... Əksər adam özünə bir çıxış yolu tapır, nəsə edir və necə lazımdır yer tutur... Dediyim kimlərsə adi görünə bilər, ancaq adi görünməsin. Çünki mənim “əksər” dediyim adamların çox böyük çatışmazlıqları var. Məsələn, baxırsan ki, heç bir savad yox, təşkilatçılıq yox, ağıl az dünyadan xəbərsiz, adını yaza bilmir, bildikləri heç kimə lazım deyil, gördüyü işin ciddi əhəmiyyəti yoxdur. Di gəl nəsə özünə bir gün ağlayıb, neçə-neçə savadlı adamın yerinə soxulub. Dindirsən də deyəcək ki, mənə lazım olan qiyməti vermirlər.

Belə adamlar başqa ölkələrdə olsalar, məlum olar ki, gördükləri iş heç kəsə lazım deyil, özləri isə tamam gərəksizdirlər. Uzağı onlara fiziki güc sərf edən işlər etibar oluna bilər. Hətta həmin işə də kiminsə nəzarəti ilə görmək şərtiylə. Ancaq elələri burda əməlli-başlı tanınırlar, peşəkarların cərgəsindədirlər, fəaliyyətləri işıqlandırılır, özləri də normal yaşayırlar.

Uzun illər keçir və baxırsan ki, belələrinə hələ də yer var. Hələ də onlar ortalıqda, “gətir-götürdə”dirlər. Bu yalançı gətir-götürdən xəbəri olmayanlar isə, elə bilirlər ki, bu adamlar lap ciddi işlə məşğuldurlar: Bir də görürsən biri həkimdir, biri jurnalistdir, biri alimdir, biri molladır və s. Soruşanda yoxdur ki: ay əzizim, sən harda və necə həkim oldun, sən hansı sahənin jurnalistisən, indiyə qədər nə yazmısan, sən nəyi araşdırıb ortaya qoyub alim oldun, sən hansı dini biliyinə, təhsilinə görə mollasan?

Biz ixtisaslarımızın, peşəmizin, sahəmizin sadəcə adlarını qazanırıq. O adı bizə verəndən sonra, o ad baş girləməyə hər cür imkan yaradır... Uşağa ad qoymaq kimidir bu, ad qoyursan sonra necə adam olacağı bilinmədiyi kimi... Hər sahədə ad verib – müəllim, həkim. jurnalist, mühəndis, alim və s. yola salırlar. Adı isə bizdə təyinatın göstəricisi kimi yox, silah kimi istifadə edirlər... O adla həmin adamlar kimisə qorxudurlar, müxtəlif sahələri ölümcül günə salırlar, hansısa həqiqəti kəsib-doğrayırlar, çox şeyin axırını çıxırlar...