Şeyxlərin +18 fətvaları...

seyxlerin-18-fetvalari
Oxunma sayı: 5328

Nərmin Dadaşova

Mirzə Cəlilin “Qoşa balınc” adlı ultra kədərli bir hekayəsi var. Deməli, qızını oxumaq üçün Zaqatalaya aparan ata qalmağa boş mehmanxana tapa bilməyib bir erməni nəfərinin gündəlik kirayə verdiyi evdə qonaqlamaq məcburiyyətində qalır. Gecə yatmaq vədəsi yetişəndə ev sahibi ata-balanın yerini eyni salıb, yataqlarına qoşa balınc qoyur.

Ata dəfələrlə balıncları ayırıb yeri ikiyə bölsə də ev sahibəsi israrla gedib-gəlib onların balınclarını cütləyib çarpayılarını qoşalayır. Ata düşünür ki, bu qadının məqsədi nədir, mən bu qoşa yataqda kiminlə yatmalıyam, olmaya qadın özü mənə tamah salıb. Əlqərəz saatlar sürən balınc mübarizəsindən kişi bezib qapını arxadan bağlayıb, qızı ilə yerlərini aralayıb yuxuya gedir.

Axı elə erməni adətlərində də ata ilə qızın bir yerdə yatması yox imiş o zaman. Səhər qonaqladığı yeri tərk edəndə dözməyib ev sahibindən qoşa balınc məsələsinin səbəbini soruşur. Və eşitdiyi cavabdan müasir dildə desək şoka düşür. Sən demə ev yiyəsi bu ata balanı ər-arvad sanıb. O dövrlərdə orada yaşayan müsəlmanlar üçün 60 yaşlı kişilərin 13-14 yaşlı zövcələrinin olması normal hal imiş.

Bu hekayəni ona görə xatırladım ki, son günlər işıq pulu qəbzlərindən sonra gündəmimizi zəbt edən mənbəyi və mənşəyi bəlli olmayan, özlərinə şeyx deyib mənasız-mənasız fətvalar verən məxluqların insanın tüklərini ürpədən videolarından olduqca narahatam. Əslində belə videolar həmişə gündəmdə olub, ərəb şeyxlərinin, türk şeyxlərinin adamın dodağını uçuqlatmaq potensialına malik fətvalarını eşidib o ki var təəccüblənmişik, qulaqlarımızı çəkib, “iraq olsun” demişik. Ancaq onların bir ölkə, bir dil uzaq olması bizi sakitləşdirib həmişə. Son günlərin dəbi olan, o biri dünyada olmaq üçün belə qoca sayılan bir əmmaməli ərəbin gəncəcik bir qızla toy günü təmtəraqla gərdəyə yola salınmasının görüntülərindən sonra hiss etdiyim ürəkbulanmasını təsəvvür edə bizlməzsən, oxucu dost. Hələ qadınlardan biri zorla yeriyən kişinin arxasınca “Maşallah” da dedi. Həzər Maşallah!

Sonra başqa bir türk şeyxi mikrafonu əlinə alıb qardaşlarını başına topladı. “Ey müsəlmanlar, amanın günüdür, hamama girəndə əyninizdə paltar olsun, yoxsa cəhənnəmə vasil olarsınız. Ayıbdı, cinlər sizi çılpaq görməsin. Cəhənnəm, göbəyinizdən dizinizə qədər bağlanın dedi”. Matım-mutum qurudu, qardaş. Şeyxi Mürşidi-kamil, insanlara Allahu Təalanın əmr və qadağanlarını izah edən, dini, İslamı yayan və onların mənən olqunlaşmalarını təmin edən rəhbər şəxs kimi təqdim ediblər bizə həmişə. Əgər belədirsə, kimdir bu içi boş adamlar? Bütün söz-söhbətləri, dərd-sərləri qurşaqdan aşağı ilə olan, üz-gözündən nur əvəzinə qaranlıq yağan kəslər?

Dünən dili dilimizdən, qanı qanımızdan olan bir milli şeyximizin videosunu da izlədim. Bilirsinizmi nə dedi? “Dedi ki, qadınlar şeytanın qoşununun yarısıdır, o zaman ki gördünüz, kişilər arvadları ilə məsləhətləşdilər, bilin ki, kişilik ölüb. O zaman ki, kişilər arvadın göz yaşına inandılar, bilin ki, kişilik ölüb”. Gözəl Tanrım, sən doğrudanmı bizim haqqımızda bu fikirdəsən?

Dostlar, cəhalətin bizi hara apardığını əminəm, mənim qədər siz də görürsünüz. And içirəm bütün inandıqlarıma, bizi ancaq kitab xilas edəcək. Buraxın bu birhüceyrəlilərin ətəyini, inanmayın onlara. Övladlarımızı onların və onlara inanların nəfəs aldığı, mövcud olduğu yerdə böyütməyək. Təhlükəlidirlər! Yalançıdırlar! Hamısı həyatda heç nə bacara bilməməyin, natamamlığın kompleksləridir, inanın mənə. Yoxsa bir insan, niyə tribunaya çıxıb insanlara belə müraciət etsin? Birinci ayaqyoluna gedib sonra hamama girin desin, qadınlar şeytanın qoşunundandır desin, marsa getmək haramdır fətvası versin? Niyə axı?