Sevgilinizin parolunu bilmək istəyirsiniz?

sevgilinizin-parolunu-bilmek-isteyirsiniz
Oxunma sayı: 2543

Xuraman Hüseynzadə

İnstaqramda izləyicisi çox olan insanların şəkillərinin altına reklam xarakterli şərhlərin yazıldığını çox görmüşük. İndi də təxribata sürükləyən reklamların şahidi oluruq. Ailə dağıtmaq, sevgililəri ayırmaq, dava salmaq məqsədilə yaradılan səhifələrdən birinin şərhi beləydi: “Vatsapda sevgilinin mesajlarina oz telefonunda baxmaq, onun vay-fay kodunu qırmaq istəyirsən? Asandı. Göstərilən səhifəni bəyən, görəcəksən... 100% öyrədilir. İnanmırsan, səhifəyə bax.”

Təfriqəni gücləndirmək, nifaq salmaq məqsədilə vaxtilə xüsusi məktəblər keçirdilər. Bu məktəblərin bünövrəsi XVI əsrdə Avropada xristian dininin sarsılmağa başladığı vaxtlarda qoyulub. O vaxt katolik kilsəsi izuit məktəbləri yaratdı. Məktəbdə dini gücləndirmək məqsədilə şagirdləri bir-birini güdməyə, ara vurmağa, xəbərçiliyə, yaltaqlığa, yalan danışmağa təhrik edirdilər...

Belələri həmişə olub. Qarşılaşdığımız həyat hekayələrində, oxuduğumuz bədii əsərlərdə, baxdığımız filmlərdə daim qəzəbimizə səbəb olan həmin adamlara “mənfi obraz” deyirik. Əsəblərimizi cilovlayaraq sonda xeyirin şər üzərində qələbə qazanmasını gözləyirik. Şərin qələbəsindən, ya məğlubiyyətindən asılı olmayaraq bədbəxtliklər baş verir-kimlərsə ayrılır, düşmən qazanır, özü düşmənə çevrilir, məhv olur...

Qara xəbərləri işıq sürətilə yayan, işi ara vurmaq, söz aparıb, söz gətirmək olan bir kişidən niyə belə elədiyini soruşublar. Deyib, mənim ailəm dağıldı, balalarım bədbəxt oldu. Harda bədbəxt hadisə olur, qara taleli adamlar görürlər, mənim ailəmi misal çəkirlər. İstəyirəm, başqalarını misal çəksinlər.

Həyatda tez-tez qarşılaşdığımız mənfi obrazlarla, qara niyyətli adamlarla indi virtual dünyada da rastlaşırıq. Burda da onlar öz mənafeləri üçün ara vurmaqla, insanları bir-birilə düşmən etməklə məşğuldurlar. Öz səhifələrinə izləyici yığmaq məqsədilə kiminsə parolunu sındırıb, mesajlarını oxudanların bir adı var: mərdimazarlar. Xoş niyyət üçün etmirlər bunu. Məqsəd göz qarşısındadır...

Bir zamanlar humanist, sülhsevər insanlara “qan barışdıran”deyilirdi. Bu anlayış tarixə qovuşduqca mərdimazarlar artır.

O qədər artıblar ki, virtual fəaliyyət göstərirlər.

Maraqlıdır, kiməsə sevgilisinin yazşmalarını oxutmaqla nə əldə edirlər?

İnsanların içinə şübhə toxumu səpəndə barından həmin mərdimazarlarmı dadacaq?