Sabahın alimləri...

sabahin-alimleri
Oxunma sayı: 2110

Sabah əsas təşkilatçısı Təhsil Nazirliyi olan "Sabahın alimləri” V Respublika müsabiqəsinin açılış mərasimi keçiriləcək. Sevindirici haldır ki, müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edir.

Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinin elmi-texniki yaradıcılığa sövq edilməsi, elmi tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.

Qeyd edək ki, bu müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Respublika müsabiqəsində elmi nəticə əldə etmiş şagirdlər İntel İSEF-də iştirak etmək hüququ qazanırlar.

“Qafqazinfo” ötən il bu müsabiqədə qalib olan iştirakçıların təəssüratlarını sizə təqdim edir:

Rəna Həsənzadə “Sabahın alimləri” IV Respublika müsabiqəsinin qalibi

“Ölkəmizi Amerikada təmsil etmək uşaqlıq arzum idi. Bu arzumu “Sabahın alimləri” IV Respublika müsabiqəsində iştirak etməklə reallaşdırdım. Müsabiqədə “Crowned Iron” mövzusu üzrə kimya kateqoriyasında sinif yoldaşım Ləman Əliyeva ilə birlikdə iştirak etdim. Biz bu müsabiqədə qalib gəldik və ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilən, dünyanın 70 ölkəsinin iştirak etdiyi İntel İSEF müsabiqəsinə qatıldıq. Yarışmada iştirak etdiyim günlər mənim üçün unudulmaz oldu. Burada bizim Nobel mükafatçıları ilə mövzuları müzakirə etmək, dünyanın müxtəlif ölkələrindən yeni dostlar qazanmaq kimi şansımız yarandı. İntel İSEF-in finalçısı olduğum üçün özümü şanslı hesab edirəm”.

Nuru Nuridil “Sabahın alimləri” IV Respublika müsabiqəsinin qalibi

“Gənc İstedadlar” liseyinin 2015-ci il məzunuyam. Üç dəfə “Sabahın alimləri” müsabiqəsində iştirak etmişəm. Müsabiqəni çox uğurla bitirdiyimi də söyləyə bilərəm. Mən 2013-cü və 2014-cü illərdə qızıl, 2015-ci ildə bürünc medala layiq görüldüm. ABŞ-in Arizona ştatının Feniks şəhərində respublikamızı beynəlxalq sərgidə təmsil etməyə layiq görüldüm. Mənə elə gəlir ki, bu uğurumun səbəbi texniki fənlərə olan marağımdır. Bu maraq məndə lap uşaqlıqdan var, indi isə maraqdan çox elmi yaradıcılığa dönüb. “Sabahın alimləri” müsabiqəsində olan təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu müsabiqənin əsas şərti məhz axtarmaq və yaratmaqdır. Bu səbəbdən də bu müsabiqədə iştirak edən hər bir şagirdə bir məsləhətim var: “Elmə gəldikdə çox düşünün, çox axtarın, edə biləcəyiniz hər bir təcrübəni özünüz aparın. Yalnız belə olan halda siz öz biliyinizi maksimuma çatdırıb, ailənizə, məktəbinizə və ölkəmizə uğur gətirməyə nail olacaqsınız”.

İkram Qabıyev – “Sabahın alimləri” IV Respublika müsabiqəsinin qalibi

“Mən bir çox olimpiadalarda iştirak etmişəm, deyə bilərəm ki, indiyədək ən böyük uğurumu “Sabahın alimləri” müsabiqəsində qazanmışam. Burada iştirakçılar güclü olduğu üçün böyük rəqabət var. Keçən il mühəndislik kateqoriyasında seçilmişdim. Mənim layihəm radiodalğalardan elektrik enerjisinin alınması idi. Bu il isə tibb kateqoriyası ilə qatılıram. ABŞ-da görüşlərimiz də çox maraqlı keçdi. Münsiflərlə danışmaq, öz layihəni onlara təqdim etmək insana stimul verir. Orada bizi çox yaxşı qəbul etdilər”.