Sabahdan ərizə qəbulu başlayır

sabahdan-erize-qebulu-baslayir
Oxunma sayı: 3556

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına tələbə qəbulu elan edir.

“Qafqazinfo” xəbər verir ki, magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavrlar 2016-cı il fevralın 10-dan 19-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və FİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub, onu təsdiq edir (etdirir). Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar (ətraflı məlumat eservices.tqdk.gov.az/erizemag/erize internet səhifəsindəki aktual keçidlərdə verilmişdir). Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar “Bakalavrın elektron ərizəsi”ni internet vasitəsilə özləri təsdiq etməlidirlər. Digər bakalavrlar ərizələrini tələb olunan sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis­si­yalarına şəxsən təqdim etməklə təsdiq etdirməlidirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi 2016-cı il martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri yoxlanılır.