Quba da 24 saat fasiləsiz içməli su ilə təmin olunub

quba-da-24-saat-fasilesiz-icmeli-su-ile-temin-olunub
Oxunma sayı: 803

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ilk 2 ilində bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, hesabat dövründə Səhmdar Cəmiyyətin sifarişi ilə 29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub ki, bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilib. Dövlət büdcəsindən maliyyələşdirilən layihə çərçivəsində Quba şəhərində su və kanalizasiya infrastrukturları tamamilə yenidən qurulmuş, şəhər 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Ucar, Lənkəran, Hacıqabul, Kürdəmir, Zərdab, İmişli, Biləsuvar şəhərlərində yeni su şəbəkələrinin tikintisi başa çatdırılmışdır. Mingəçevir, Şəmkir və Qax şəhərlərində isə su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib.

Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində yeni infrastrukturların yaradılması istiqamətində ciddi addımlar atılıb.
Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Gəncə şəhərinin əsas su mənbələri olan Göygöl və Qızılqayada suqəbuledici qurğularının və magistral kəmərlərin inşası yekunlaşmış, şəhərə suyun verilməsi təmin edilib.

Ümumilikdə, Dövlət Proqramı çərçivəsində “Azərsu” ASC tərəfindən regionlarda 2014-2015-ci illərdə 1380 km magistral və şəbəkə su xətləri, 490 km kanalizasiya kollektoru və şəbəkə xətləri, 2 sutəmizləyici qurğu, 61 su anbarı, 7 su, 3 kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda 16 subartezian quyusu qazılmış, 61 min ədəd smart tipli sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində 226 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilmiş, rayon mərkəzlərində fasiləsiz su ilə təmin olunanların sayı 625 minə çatdırılıb. Bununla da bölgələr üzrə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 41,2 faizə, ölkə üzrə isə 64,5 faizə yüksəlib.