Qonşular arasında 5 illik hasar davası

qonsular-arasinda-5-illik-hasar-davasi
Oxunma sayı: 1880

Aralarındakı anlaşılmazlıqla bağlı məhkəmə də qərar çıxarıb. Ancaq tərəflər heç cür razılığa gələ bilmirlər.

Bilgəh Bağlar massivi 35 saylı bağ evinin sahibi Emin Həsənov onun qonşuluğunda torpaq sahəsi olan Ağasəlim Babayevlə və sonuncunun qohumları ilə azı 5 ildir ki, mübahisədədir.

"Qafqazinfo" AzadlıqRadiosuna istinadən bildirir ki, Emin Həsənovun deməsinə görə, səbəb qonşuların onun bağ sahəsinin hasarına bitişik ərazidə tikililər inşa etməsidir. Deyir, mübahisəni məhkəmə müstəvisinə çıxarması qonşuları daha da qıcıqlandırıb. 1 ildən çoxdur ki, münasibətlər lap gərginləşib:

DEYİR, SULAR HƏYƏTİNƏ AXIR

"Hasarımı 30 metrə qədər uzunluğunda zəbt ediblər. O tayda hasara bitişik tövlələr tikiblər. 1-ci qrup Qarabağ əliliyəm. Səhhətim düzəlmir. 15 ilə yaxındır ki, bu bağı almışam. Borca xərcə düşüb iki otaq tikdirmişəm ki, ömrümün axırına kimi təmiz hava udum".

Ancaq deməsinə görə, Babayevlər qonşuluqdakı bağ evinə köçəndən sonra hər şey əksinə olub. Babayevlərin hasara bitişik inşa etdikləri və hasardan 1 metr hündür olan tövlələrin üstündəki sular onun həyətinə axır. Evin divarlarına hopur:

"Qışda yağış, qar yağanda sular süzülüb həyətimə dolur. Həyətə çıxa bilmirəm. Evim də suyun içərisində olur. Divarlar nəm çəkib. Təmiz hava üçün çalışırdım, nəmişliyin içərisində qalmışam. Onsuz da sıradan çıxmış böyrəklərim günbəgün çürüməkdə davam edir".

Əlil deyir, nəmişlik evin təmirini də bərbad vəziyyətə salıb, bir sözlə, qonşular onu nə az, nə çox - 20 min manatadək zərərə salıb.

"QONŞUYA NƏ?.."

Babayevlər ailəsi isə qonşu ilə razılaşmırlar. Emin Həsənovun onları məhkəməyə verməkdə başqa məqsədi olduğunu deyirlər.

Ağasəlim Babayev:

"Onun məqsədi budur ki, bizim torpağımızı ələ keçirsin. Torpağımıza göz dikib. Hasarın bu tərəfi bizim şəxsi mülkiyyətimizdədir. Nə istəsək, onu da tikə bilərik. Qonşuya nə?.. O ki qaldı guya bizim həyətdən onun həyətinə su sızmasına, mütəxəssislər gəldilər, ona sübut etdilər ki, bu qrunt sularıdır, bizim tərəfdən yox, başqa istiqamətdən onun həyətinə axır".

İDDİA QİSMƏN TƏMİN EDİLİB

Emin Həsənov Sabunçu rayon Məhkəməsində iddia qaldırıb ki, divarın o tayındakı tikililər sökülsün. Məhkəmə əvvəl belə bir qərardad çıxarıb. Ancaq qərardaddan şikayət verilib və yeni qərardad çıxıb ki, tikililərə toxunulmasın.

Emin Həsənov:

"Mən burada icra məmurlarını gözləyirdim ki, gəlib sökülmə ilə bağlı qərardadı icra etsinlər. Bir də gördüm mənə təzə qərardad gətiriblər ki, tikililər sökülməsin".

Sənədlərə baxırıq. Sabunçu rayon Məhkəməsi Emin Həsənovun iddiasını qismən təmin edib. Tikilinin üzərindəki əlavələr sökülüb. Babayevlərin həmin sahəyə aid bütün sənədləri qaydasında olduğuna görə, iddianın əsas tikilinin sökülməsi ilə bağlı hissəsi təmin olunmayıb.

Həsənovun həyətinə su axmasına gəlincə, bu barədə Sabunçu rayon İcra Hakimiyyəti ilə danışdıq. Qurumdan bildirdilər ki, əlil onlara da müraciət edib. Ona məhkəməyə müraciət etməyi məsləhət görüblər.

Bu məsələ məhkəmədə çözülüb. Belə ki, məhkəmə ekspertiza təyin edib, mübahisəli yerə baxış keçirilib. Məlum olub ki, sular həyətə qonşular istiqamətindən yox, başqa istiqamətdən dolur. Qrunt suları olduğuna görə qurum əlilə kömək etməyib. Ona Fövqəladə Hallar Nazirliyinə müraciət etməyi tövsiyə edib.