Qızbazlıqla qızılbazlığın fərqi

qizbazliqla-qizilbazligin-ferqi
Oxunma sayı: 4083

Emin Akif

Həzərat, yadınızdadır, Mirzə Fətəlinin komediyasında Lotu İbrahimxəlil nuxalılara, cırıq çuxalılara nə deyir? Deyir ki, meymunu yada salmayın, misinizi qızıl eləyim. Mənim də ki, bir xasiyyətim var - xalq qızbazlıq eləyəndə, mən qızılbazlıq eləmək istəyirəm.

Xasiyyət deyil ki! Bu səbəbdən neçə müddətdir ki, Mirzənin tövsiyəsinə əməl edib, meymunu yada salmamağa çalışırdım.

Amma... amma sən saydığını say, gör "Kulis.az" saytının baş redaktoru Qan Turalı nə sayır! Az qala İsrafilin şeypurunu çalır ki, bəs, ölərəm, öldürərəm, insan meymundan törəyib! Qoymur oturaq oturduğumuz yerdə.

A başıma dönəsən, adamdan soruşarlar ki, bax, sənin nə borcuna ki, insan meymundan törəyib, ya yox?! Bu Darvin, axı, nəyinin nəmənəsidir ki, sən bunun tayının üstündə belə möhkəm durubsan? O boyda Allahı, onun kitablarını qoyub, yapışmısan bu diziaçıq ingilisin quyruğundan?

Quyruq da ki barı bir quyruq ola! Bu başdanxarab ingilis günlərin bir günü atasıynan boğuşub, gecələrin bir gecəsi anasıynan sevişib, nə qayırıbsa, bilmirəm, kəsəsi, yatıb yuxusunda görüb ki, bəs, onu qorilla əkib, şimpanze doğub.

Yaxşı görüb, lap belə qələt eləyib meymun atası, meymunə anası ilə! Bundan sənə nə? Darvin sənin əminoğludur, xalanoğludur, dayınoğludur, ayınoğludur, nəyindir ki, deyirsən, aləm bir yana, alim bir yana? Deyirsən ki, bəs, Darvin alimdir, alimin də sözü qanundur! A qadamı alasan, alim də bəyəm sənin kimi adam deyil? Alim bəyəm çaşa bilməz?

Dayan, dayan, deyirlər ki, siz tərəfdə əla balıq olur, sazanı sazan, kütümü kütüm, ziyadı ziyad, xəşəmi xəşəm. Bəlkəm, Kürdə balıq tutanda Darvinlə dal-dala dəymisiniz ki, onun namını heç kimə vermirsən? "İnsan meymundan əmələ gəlib, insan meymundan əmələ gəlib!" deyə haray-həşirin bütün ölkəni bürüyüb.

Day qulaqdan qut olmuşuq! Bəsdir də! Nə banan vermisən bu meymuna ki, ala bilmirsən? Hay deyəndə hardansa bir alimi-biəməl tapıb ortaya çıxarırsan ki, baxın, mən demirəm ha, alimin özü deyir ki, insan meymundan törəyib. A bəni-meymun, insanlar bir yana, meymunlar özləri etiraz edir ey bu fikrə.

Bilirsənmi nə deyilər? Deyirlər ki, bəni-adəm bir-birinə o qədər zülm edir, o qədər meymunsuz işlər görür, bizim o namda, o nişanda törəmələrimiz ola bilməz!!!

Afrika cəngəlliklərinin meymunları deyir: elə şey olarmı ki, dünyanın bu başında yüz minlərlə meymun acından ölə, o başında kef kefə qarışa?

Ərəbistan səhralarının meymunları deyir: biz hələ heç vaxt meymun qardaşlarımızın başına bomba tökməmnişik.

Hindistan meşələrinin meymunları deyir: bizdə varlı-kasıb yoxdur, bir banan tapanda onu qardaş malı kimi yarı bölürük.

Amerika dağlarının meymunları deyir ki, Afrika meymunlarının halını gördükcə ürəyimiz “cızz” eləyir.

Azərbaycan meymunları deyir: biz də siz deyənləri deyirik. Qərəz, meymunların qəsdi bəni-adəmə qarşı Birləşmiş Meymunlar Təşkilatı yaratmaqdır. Birləşmiş Meymunlar Təşkilatı yaratmaqdan isə qəsdləri sübut etməkdir ki, meymundan insan kimi naxələf övladlar törəyə bilməz.

Lap elə tutaq ki, meymunlar səhv edir, sən düz deyirsən, insan meymundan törəyib. Nə verəcək sənə meymun?

Cem Yılmazın diliylə desək, cəhənnəmdə sənə dalından bir banan, qabağından bir banan çıxarıb verəcək ki, al ye, sağ ol ki mənə tapınmısan!

Necə, axirətə inanmırsan, ona görə görə bu sözə etiqadın yoxdur? Yaxşı axirətə inanmırsan, inanma, bəs, meymuna tapınmaqla bu dünyada qazancın nə olacaq?
Uzaqbaşı hansısa kitabına görə "Qızıl Banan" mükafatı alacaqsan, beş-altı kilo da banan. Bu bananları Bakının hansısa ucuz kafelərindən birində beş-altı dostunla yeyəcək, üstündən də pivə içəcəksiniz. Ye ki yeyəsən, iç ki, içəsən!

Sonra birdən hiss edəcəksiniz ki... qarnınız o söz... Bəs, sonra hara gedəcəksiniz, a qarnına sancı dolmuşlar, a bananı qurumuşlar?! Ən böyük sual da elə budur! Əsas məsələ kimdən törəmişik, hardan gəlmişik deyil e, hara gedirik sualıdır. İndi gördünüzmü meymuna tapınmağın axırı adamı hara aparır?! U-Nİ-TA-ZA!!! İndi nə deyirsiz, bitirirsiz neçə müddətdən bəri mətbuatda meymunlara verdiyiniz konserti?

Özünüz bilin, bitirməsəz, bir də gördüz, Elza Seyidcahan çıxdı böyürdən ki, bəs, mənim bostanıma girməyim, meymunlara konsert vermək mənim işimdir!

Nə cavab verəcəksiz? O yan-bu yan eləsəz, Elza daha bir istedadını işə salıb sizə bir şeir qoşacaq ki, ucu güləbətin, al payını, çağır meymun dayını! Bığ deməyəcək, qığ deməyəcək, çul deməyəcək, qıl deməyəcək, hər şeyinizi bitdə-bitdə salacaq o şeirə. Onda başınıza haranın daşını salacaqsınız a başı daşlılar!

Gəlin, bu bananları tökün ətəyinizdən, meymunu bir daha yada salmayın!