Qıza görə anasını ağladanlar

qiza-gore-anasini-agladanlar
Oxunma sayı: 8535

Emin Səfərov

Təsadüf nəticəsində yenidən üz-üzə gəlmişdik. Qaşlarının nazikliyindən və barmağındakı üzükdən anladım ki, artıq ailə həyatı qurub. Qız anası olduğunu söylədi. Uşağa Əminə adının verildiyini deyəndə içimdə bir titrəyiş hiss etdim. Mənə olan sevgisinin hələ də ölmədiyini düşündüm.

Buna görə, "niyə məhz Əminə?" sualının cavabını səbrsizliklə gözləyirdim. Düşünürdüm ki, "sənə olan sevgimdəndi, oğlum olsaydı, adını Emin qoyacaqdım, amma bu dəfə Əminə ilə təsəlli tapdım" cavabını alacam. İntizarla gözlədiyim cavabı eşidəndə isə sanki başımdan qaynar su töküldü. Sən demə, Əminə qızın rəhmətlik nənəsinin adı imiş...

Nətər sarsıldım, nətər sarsıldım... Halbuki, biz onunla ayrılanda ölməyi belə düşünürdüm. Başımı divara söykəyib, Mahsun Kırmızıgülün şarkılarına qulaq asardım, İsrail Məmmədovun "İnanma, eşq yalandı" mahnısındakı gitara çalanın simlərə toxunması damarıma işləyərdi. Hələ Aqşin Fatehin "Haram olsun" meyxanasını demirəm...

İndi bir vaxtlar müqəddəs sayılan uşaqlıq sevgisinin tragikomedik macəraları yadıma düşəndə adamı dəli gülmək tutur. Zəmanə çox dəyişib axı. İsrail Məmmədovun bəhs etdiyim mahnısı artıq çoxdan "qıjıkimilər" kateqoriyasına daxil edilib. Heç onu indi utandıqlarından "20 yanvar"da Xırdalana, Sumqayıta işləyən taksilərin dayanacağında da səsləndirmirlər. Hətta Aqşin Fateh belə, sevginin başını buraxıb, "Haram olsun"u dindəki halal-haramla əvəzləyib, İmam Əliyə, Zəhrəya aid meyxanalar yazır.

"Əminə adının həqiqətləri"ni öyrənəndən sonra dedim, sən öl, yaxşı ki, ölməmişəm. Yoxsa, canına qıyasan, uğrunda öldüyün qız da uşağına rəhmətlik nənəsinin adını qoysun... Vallah, bu, ölümdən də betərdi.

Amma bəzən bu məsələləri, sevgi və sevgilini ciddiyə alanlar da tapılır. Və acınacaqlısı odur ki, bunun sonu bəzən ölümlə nəticələnir. Əvvəllər də belə məsələlərə görə intihar edənlər olub. Və deyəsən, bu, belə də davam edəcək. Son günlərdə iki gəncin sevdiyi qıza görə canına qəsd etməsi təəssüf ki, nikbin düşünməyə imkan vermir. Biri "yox" cavabını aldığına, digəri də əsgərliyə gedəcəyi üçün sevdiyini bir daha görməyəcəyinə görə özünü binadan ataraq, həyatla vidalaşıb.

Geridə qalanlar isə gözüyaşlı valideynlərdi. İnanın ki, həmin bu rəhmətliklər əsgərliyə gedib şəhid olsaydılar, onların valideynləri bu qədər iztirab çəkməyəcəkdi. Ən azından təsəlliləri o olacaqdı ki, oğlum vətən uğrunda şəhid olub. Buna görə hətta qürurlanıb, "vətən sağ olsun" deyəcəkdilər. Elə şəhid Çingiz Qurbanovun valideynləri kimi...

Bəs, intihar edən oğluna valideyn necə haqq qazandırsın, necə təsəlli tapsın? 9 ay onu qarnında gəzdirən, gecə-gündüz əziyyət çəkən, boya-başa çatdıran ananın göz yaşı necə qurusun axı? Məgər, bir qıza görə intihar etməyə dəyərmi? Ay qardaş, Azərbaycanda qızdan çox qız var. Əvvəlki kimi "blutuz"la qızla tanış olma dövrü deyil ki, sənin üstünə nömrəni yazdığın şəklini qəbul edib, onun zəng edib-etməyəcəyini düşünəsən. Artıq texnologiyanın inkişafı tanış olmanı da, sonradan sevməni də 2x2 edib. Sevinc "yox" deyir, get Nərminlə tanış ol, sev. Nərmin də "hə" deməsə, Jaləni... Özünü niyə öldürürsən?

Guya ki, onlara olan sevginizə görə, intihar etdiyiniz qızlar ömür boyu sizə yas saxlayacaq? Gözləyəcəklər ki, bəşəriyyat məhv olsun, yenidən dünyaya gəlib, qovuşasınız? Vallah da, billah da bu, ağılsızlıqdan başqa bir şey deyil. Belə fikriniz olanda, ən yaxın bildiyiniz dostunuza yaxınlaşıb, dərdinizi danışın. O da bir qapazla sizi uçurumun kənarından atılmaq üzrə ikən oyatsın.

Ən azından ananızın sizə görə yuxusuz qaldığı gecələri düşünün. Sizin üçün hansı daha dəyərlidi, öləndən sonra başqası ilə ailə həyatı qurub, xoşbəxt günlər yaşayacaq qız, yoxsa gözü yaşlı qalacaq ana?

P.S. Ötən günlərdə xarici ölkələrin birində oğlanla qız birlikdə intihar etmək qərarına gəlib. Bunun üçün uçurumun kənarından əl-ələ aşağıya tullanmaq istəyiblər. Tullanmaq məqamı gələndə də oğlan son anda qızın əlindən buraxıb, qız da ölüb. Nə qədər gülməli və ya ağlamalı olsa da, həmin oğlanın həyat sevgisinə qibtə etməmək mümkün deyil...